Babək Quliyev Hakimlər Komitəsinə sədr gətirilir ÖZƏL

10:55 - 27 Noyabr 2014

Rövnəq Abdullayev qərar verməkdə çətinlik çəkir

 

Axır vaxtlar Premyer Liqada yaşanan biabırçı hakim səhvləri AFFA rəhbərliyini də təngə gətirib. Artıq bu durum Rövnəq Abdullayevi narahat etməyə başlayıb.

 

AFFA-da iki yeni komitənin yaradılmasına dair qərar verən Rövnəq Abdullayev hakimlərlə bağlı bərbad vəziyyətə də son verməkdə israrlıdır. Lakin problem ondadır ki, hakimlik elə bir sahədir ki, onu düzəltmək kənardan göründüyü kimi asan deyil. Ona görə də, Rövnəq Abdullayev bu məsələdə bütün variantları götür-qoy eləyir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Hakimlər Komitəsinin sədri vəzifəsinə keçmiş FİFA referisi Babək Quliyevin namizədliyi müzakirə olunur. Çünki həmin posta elə bir adam təyin olunmalıdır ki, həm futbol ictimaiyyətində, həm də azarkeşlər arasında nüfuzu olsun. İndiki durumda isə Babək Quliyevdən daha ideal variant yoxdur.

 

Lakin bu təyinatın gerçəkləşməsində bəzi problemlər var. Məsələ burasındadır ki, Rövnəq Abdullayev də bilir ki, 6 ildir hakimlikdən kənarda qalan Babək Quliyev heç bir halda Ramin Musayevin tabeçiliyində işləməyəcək. Abdullayev isə bu sahəyə nəzarətin yenə Ramin Musayevin əlində olmasını istəyir. AFFA prezidentinin qarşısını kəsən də elə budur. Bu məsələylə bağlı yekun qərarın çempionatın qış fasiləsi zamanı veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, Babək Quliyev Azərbaycan futbol tarixində ilk dəfə UEFA-nın istedadlar qrupuna düşən hakimimiz olub. O, həm də ölkəmizdə yeganə hakimdir ki, həm böyük futbolda, həm də futzalda FİFA refererisi statusunu əldə edib. 

Xəbər xətti