Məşqçilər Komitəsinin fəaliyyəti ilə bağlı aparılan müzakirələr
Bir neçə gün əvvəl AFFA-da Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib. Baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilən iclasda Şahin Diniyev də iştirak edib.
Sportal.az saytına açıqlama verən Şahin bəy iclasda müzakirə olunan məsələlərlə bağlı bunları dedi:
“Bu iclas müzakirə xarakteri daşıyırdı. Elxan Məmmədovla görüşdə mən də öz fikirlərimi bildirdim. Məşqçilər Komitəsinin fəaliyyət istiqaməti çox geniş olmalıdır. Bu komitədə təmsil olunan mütəxəssislər ilk növbədə yığmaya təyin olunacaq məşqçi ilə mütəmadi ünsiyyətdə olacaq, ona hər bir məsələdə dəstək olacaq. Çünki yerli məşqçilər Azərbaycan futbolunun potensialına daha yaxından bələddilər və bu mənada yerli mütəxəssislərin məsləhətləri də milliyə gətiriləcək əcnəbi məşqçiyə çox xeyir verə bilər.
Bundan başqa klublarda görülən işlərlə bağlı araşdırmalar aparılacaq və AFFA rəhbərliyinə mütəmadi hesabatlar təqdim olunacaq. Klublarda yalnız əsas komanda deyil, uşaq futbolu ilə bağlı görülən işlər və s. məqamlar da hesabatda öz əksini tapacaq. Ümumiyyətlə, Məşqçilər Komitəsinin üzvləri aşağı yaş qrupları üzrə millilərlə yanaşı, uşaq futbol çempionatlarının oyunlarını da nəzarətdə saxlayacaq.
Komitə üzvlərinin verəcəyi rəy əsasında isə ortaya çıxan məsələlər İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq. Misal üçün, AFFA-dakı söhbət əsnasında birinci diviziondakı limitə etirazımı bildirdim. Dedim ki, start heyətində 8 nəfər 21 yaşlı futbolçuya heç bir lüzum yoxdur.
Amma bütün bunlar dediyim kimi, yalnız müzakirələr idi. Məşqçilər Komitəsinin əsasnaməsi, iş prinsipləri, üzvləri İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək”.
saytlarin hazirlanmasi