"Qurban Qurbanova artıq "Şöhrət" ordeni verilməlidi"

13:55 - 29 Noyabr 2014

İlqar Həmzəyev təklif verdi 

 

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın “Sent-Etyen”lə oyundan sonra turnirin 1/16 final mərhələsinə yüksəlmək şansı xeyli artıb. Ağdam klubu son turda liderliyi təmin etmiş “İnter”lə qarşılaşacaq.

 

Milanlıların növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin etməsi futbol ictimaiyyətində bu komandanın Bakıya ikinci heyətlə gələcəyi ilə bağlı fikirlər yaradıb. “Neradzurra”nın iki il əvvəl “Neftçi”ylə oyunlarda eyni addımı atması bu cür fikirlərin yaranma səbəblərindən biridi. Belə ki, “göy-qaralar” “Neftçi”ylə hər iki oyunda əsasən daha gənc oyunçulara güvənmiş, elə bunun nəticəsində də təmsilçimiz sonuncu turda Milandan bərabərliklə qayıtmışdı.

 

Bir müddət əvvəl “İnter”ə baş məşqçi təyin olunan Roberto Mançininin hansı addım atacağı maraqla gözlənilir. Futbol ictimaiyyəti milanlıların Bakıya ikinci heyətlə gəlməsini “Qarabağ” üçün üstünlük sayır. Ancaq tanınmış futbol azarkeşi İlqar Həmzəyev belə düşünmür. Sportal.az xəbər verir ki, Həmzəyev Komanda.az-a verdiyi açıqlamada “İnter”in bu addımının təmsilçimiz üçün ciddi təhlükə ola biləcəyini söylədi:

 

“Futbol ictimaiyyəti hesab edir ki, “İnter” Bakıya ikinci heyətlə gələcək və bu, komandamız üçün üstünlükdü. Xeyr, belə deyil. Hər kəs məsələyə emosionallıqla yanaşır. Bildiyimiz kimi, milanlılara yeni baş məşqçi təyin edilib. Bu amil futbolçulara ciddi təsir edib. Hətta ikinci heyətdə yer alan gənc futbolçular da özlərini göstərməyə çalışacaqlar. Meydanda istəkli mübarizə aparacaqlar. “İnter”in əsas heyət üzvlərinə qarşı oynamaq gənclərə qarşı oynamaqdan daha rahat olar. Bunu nəzərə alsaq, “Qarabağ” üçün oyunun çox çətin keçəcəyini proqnozlaşdırmaq olar. Qətiyyən arxayınlaşmaq olmaz. “İnter”lə oyuna final qarşılaşması kimi yanaşmaq lazımdı. “İtalyanlar əvəzedici heyətlə gəlir” deməklə “Qarabağ”ın futbolçularının motivasiyasını pozuruq. “İnter” kimi komandalarda “əvəzedici” anlayışı yoxdu. Onlarda hər bir futbolçu hər an meydana çıxmağa hazırdı”.

 

İlqar bəy “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlarının qiymətləndirilməsinin vaxtının çatdığını da bildirdi:

 

“Məncə, Qurban Qurbanova artıq “Şöhrət” ordeni verilməlidi. Çünki onun qazandığı nəticələr bunu labüd edir. Gənc olmasına baxmayaraq, Qurbanov Azərbaycan futbolunda heç kimin qazanmadığı uğurlara imza atıb. Ona “Şöhrət” ordeni verilsə, bu, digər gənc məşqçilərimiz üçün də stimul olar”.

Xəbər xətti