Əmrah Çəlikəl: "İnter"lə matç bizim üçün ya davam, ya tamam deməkdi" MÜSAHİBƏ

12:15 - 30 Noyabr 2014

"Hər şeyin ən yaxşısını etmək istəyirik"

 

"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Avroliqada "Sent-Etyen"lə matçdan sonra azerisport.az saytının suallarına cavab verib.

 

- "Sent-Etyen"lə matçda komandanızın 1 xal qazanağını gözləyirdinizmi?
- Fransaya səfər ərəfəsində "Qarabağ"a inam böyük idi. "Sent-Etyen"lə səfər matçının çətin olacağını bilirdik. Çünki, qrupdan çıxmaq şansımız böyük ölçüdə bu oyundan asılı idi. Futbolçuların hazırlığı, komandadakı əhval-ruhiyyə yaxşı nəticə qazanmağa kömək etdi. Vüqar Nadirovun qoluna çox sevindik. Arxayınlığa görə rəqibdən qol buraxdıq. Matç zamanı sona qədər diqqətli olmağımız vacibdir. Ani arxayınlıq yekun nəticəyə çox pis formada təsir edə bilər.

 

- Oyundan sonra baş məşqçi Qurban Qurbanov futbolçuların mediaya müsahibə verməsinə qadağa qoyub. Sizcə, Avroliqadakı son oyuna qədər bu qərar komandaya necə kömək edə bilər?
- Baş məşqçi Qurban Qurbanov hər oyundan əvvəl komanda üçün ən yaxşısını etməyə çalışır. Biz indi hamımız ona dəstək olmalıyıq. "Qarabağ" Azərbaycan futbolunda ən böyük uğura imza ata bilər. Bunu dərk etmək vacibdir. Birgə son oyuna hazırlaşmalıyıq. Hər kəs üzərinə düşən işi görməlidir. "İnter"lə matçda azarkeşlərin böyük dəstəyinə ehtiyacımız var. Avrokubok matçlarında fanatlar "Qarabağ"a çox böyük kömək edim. İndi bizə daha böyük dəstək lazımdır. Son oyunun əhəmiyyəti çox böyükdür. Güclü motivasiya və hazırlıq olarsa istəyimizə çata bilərik. Baş məşqçimizə və komandaya inanırıq.

 

- Son oyuna maraq böyük olacaq. Biletlərin qiymətində dəyişiklik gözlənilirmi? Ümumiyyətlə, biletlərin "qara bazar"a çıxmaması üçün hansı işlər görüləcək?
- Bu barədə düşünməmişik. Bakıya qayıdandan sonra təşkilati işlərlə bağlı qərarlar qəbul olunacaq. Hər şeyin ən yaxşısını etmək istəyirik.

 

- Qrupda qələbə qazanan "Qarabağ" həm 5 xal toplamaqla yeni nəticəyə nail oldu. Sizcə, Reynaldo, Çumbinyo kimi futbolçular zədəli olmasaydı komanda daha yaxşı oyun göstərə bilərdimi?
- Biz əgər söyləsək ki, "Qarabağ" tarixi nəticəyə imza atıb onda özümüzə zərbə vura bilərik. Son matçı gözləmək lazımdır. Hər kəs üzərinə düşən işi görməlidir. "Qarabağ" üçün hər şey bitməyib. Hazırlaşmalıyıq və oynamalıyıq. Hazırda çempionatda "Simurq" və "Neftçi" ilə matçlarımız bizi düşündürür. Biz hər bir oyunda yaxşı nəticə qazanmaq istəyirik. Azərbaycan çempionatını unutmuruq. Əlbəttə, zədəlilərin olması pis haldı. Amma belə hallardan heç kim sığortalanmayıb. Əlimizdən gələni etdik söyləmək olmaz. Bizim üçün hər şey indi başlayır. Azərbaycan çempionatda lider olmağımız bizi sevindirir. Həm hər iki cəbhədə sona qədər mübarizə aparmalıyıq.

 

- "Simurq" "Neftçi" və "Qəbələ"yə qalib gəldi. Bu komandayla oyunda şanslarınız necədir?
- "Simurq" yuxarıdan aşağı baxılası komanda deyil. Cari mövsüm çox yaxşı oynayırlar. Səfərdə uğur qazanmağa çalışacayıq. Baş məşqçimiz komandanı oyuna lazımi tərzdə hazırlayacaq.

 

- Cari mövsüm "Qarabağ" yerli futbolçulara daha çox diqqət ayırır. Bunu nə ilə izah edərsiniz?
- Vaxtı ilə heyətimizdə daha çox legioner olurdu. İndi gördüyünüz kimi azərbaycanlı gənc futbolçulara da şans verilir. Əlbəttə, komanda həm legionerlər, həm yerlilərdən qurulub. Birgə güclü kollektiv qurmağa çalışmışıq. Baş məşqçimiz legioner seçimində çox diqqətlidir. Bizim üçün çempionluq hədəfdir. Amma aşağı yaş qrupundan əsas komandaya, oradan isə milliyə futbolçu vermək çempionluğa bərabərdir. Biz Azərbaycan millisini unutmuruq.

 

- "Sent-Etyen"lə səfər matçını klub üçün ən vacib matç saymaq olarmı?
- Hər bir oyunumuz vacibdir. "Dnepr"lə oyun çox önəmli oldu. Sonra "Sent Etyen"lə görüşün əhəmiyyəti böyük idi. Hazırda İtaliyanın "İnter" klubuyla görüşümüz ən vacibdir. Buna hazırlaşmalıyıq. Tək istəyimiz Azərbaycana yaraşan tərzdə "Qarabağ"a dəstək olmaqdır. "İnter"lə matç bizim üçün ya davam, ya tamam deməkdir. "Simurq" və "Neftçi" ilə oyunlardan sonra bütün fikrimiz Avroliqaya yönələcək. Son görüşdə daha yaxşı çıxış etməyə çalışacayıq.

Xəbər xətti