"İkinci bir məşqçi Azərbaycana gəlməyəcək"
AFFA-nın baş katibi Elxan Məmmədov Topaz Premyer Liqasının XIV turunda keçirilən “Bakı” – “İnter” (0:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, assosiasiya rəsmisi öncə yığmamızın baş məşqçisi postuna ən real namizəd olan xorvatiyalı mütəxəssis Robert Prosineçki haqqında fikirlərini bildirib.
- Prosineçki haqqında son qərarı İcraiyyə Komitəsi verəcək. Bildiyiniz kimi, dekabrın 3-də keçiriləcək həmin iclasda bu məsələ müzakirəyə çıxarılacaq və qərar sizə də açıqlanacaq.
- Prosineçki Xorvatiya mətbuatına açıqlamasında millimizlə 3 il yarımlıq müqaviləyə imza atacağını və hər ayı üçün 85 min avro alacağını deyib...
- O, belə söz deməyib. Sadəcə, həmin fikir məqaləni yazan jurnalistə aiddi. Yəqin ki, Prosineçkinin bu şərtlərlə çalışacağını düşünüb. Belə deyək, Prosineçki 10 gündü Bakıdadı və milliyə ən real namizədlərdən biridi. Baxmayaraq ki, rəsmi bir şey yoxdu. Aşağı yaş qrupları və çempionat oyunlarını izləyir. Yəni bilir ki, müqavilə imzalanandan sonra bu qədər oyunları izləməyə vaxtı olmayacaq.
- Berti Foqts İcraiyyə Komitəsi qarşısında hesabat vermədən, millinin yeni baş məşqçisinin təyinatı nə dərəcədə doğrudu?
- Bilirsiz, Foqts hər il hesabat verirdi. Sonuncu belə hal 2013-cü ilin dekabrında olmuşdu. Sadəcə, son ilin hesabatı qalıb. Foqts burda olanda hər il fəaliyyəti barədə məlumat verirdi. Bununla bağlı İcraiyyə Komitəsinin hər il ilin yekunlarına dair hesabatlarında məlumatlar yer alırdı. Mənfi nə var idisə, onu siz də bilirdiniz.
- Prosineçkinin beynəlxalq yarışlarda təcrübəsinin olmamağı nə dərəcədə təsirini göstərəcək. Onun Xorvatiya millisində Slaven Biliçin köməkçisi işləməsindən başqa elə də ciddi bir fəaliyyəti yoxdu...
- Bunu artıq zaman göstərəcək. İcraiyyə Komitəsi Prosineçkini baş məşqçi kimi təsdiqləsə, siz də onlardan bu sualın cavabını soruşarsınız. Deyərsiniz ki, nə üçün ciddi beynəlxalq təcrübəsi olmayan məşqçi yığmaya təyin olundu. Ümumiyyətlə, Berti Foqtsun istefasından sonra baş məşqçi axtararkən müəyyən şərtlər var idi. Onlardan da biri o idi ki, yığmaya nisbətən gənc məşqçi gətirilsin. Diqqətlə baxsanız, yığmalarda işləyən məşqçilərin çoxu yaşlı mütəxəssislərdi. Təbii ki, siyahımızda da belələri var. Onlarla da görüşdük. Lakin həmin mütəxəssislərin yaşı 60-dan çoxdu. 60 yaşından yuxarı olan məşqçilər Azərbaycana tam köçmək fikrində deyillər. Burda ailə məsələsini də nəzərə almaq lazımdı.
- Millimizə gələcək baş məşqçinin Azərbaycanda yaşaması şərti AFFA-nın qərarı idi?
- Bəli. Təcrübəli mütəxəssislərlə görüşdük və onlar dedi ki, biz Azərbaycanda yaşaya bilmərik. Elə birinci şərtdən müsbət cavab almadıq. Təbii ki, yığmanın baş məşqçisi olacaq adam bu ölkədə qalmalıdı. Robert Prosineçki isə bununla razıdı.
- Yəni, baş məşqçi olmağa razılaşıb...
- Yox, sadəcə vaxt itirmək istəmir. Dekabrın 24-dən sonra bütün məktəblərdə, eləcə də xarici məktəblərdə tətil olacaq. O da bilir ki, ən real namizəddi. Bu gün ikinci bir məşqçi Azərbaycana gəlməyəcək. Amma təbii ki, İcraiyyə Komitəsi onun haqqında fərqli qərar verə bilər.
- Prosineçki izlədiyi oyunlardan sonra hansı fikirdədi?
- “Xəzər Lənkəran” – “Neftçi” görüşünü izlədi. Çox yaxşı oyun keçdiyini bildirdi. “Qarabağ”ın da “Sent-Etyen”lə matçına baxdı. Eyni sözləri və 1-2 futbolçunu bəyəndiyini dedi.
- Prosineçki baş məşqçi postuna gəlsə, köməkçiləri arasında yerli məşqçi olacaq?
- Özü bunu istəyib. Deyib ki, yanında özünə köməkçi gətirəcək. Həm də bildirib ki, yerli məşqçilərdən də onun köməkçisi olsun.
- Aslan Kərimov köməkçilərdən biri olacaq?
- Çox güman ki, yox. Çünki Kərimov U-15 millisinin baş məşqçisidi.
- Klublar Komitəsinin yaradılması PFL-in vəzifəsini yerinə yetirə bilməməsinə görədi?
- Yox. Bu komitə ona görə yaradılacaq ki, klublar öz inkişaflarından, aşağı yaş qruplarındakı inkişafdan danışsınlar. Müəyyən təkliflər irəli sürsünlər. Baxıram ki, “Bakı” – “İnter” oyunu televiziyada yayımlanmır. Niyə? “Xəzər Lənkəran” – “Neftçi” oyunu da efirə getmədi. Bəlkə klublar bunu yolunu tapacaqlar. Bütün oyunlar göstərilsin. “İdman Azərbaycan” olmasın, başqa telekanal olsun.
- “Xəzər Lənkəran” oyunlarının yayımlanmasına görə vəsait tələb edir...
- Klublar Komitəsi bunun da yolunu tapa bilər. Bəlkə yeni sponsor tapacaqlar və başqa telekanalla danışıb, yayımı təşkil edəcəklər. “Topaz”ı cəlb edə bilərlər ki, yayıma kömək etsin. İki il bundan qabaq biz klubları bir yerə yığıb görüş keçirdik. Həmin görüşün nəticəsində Tovuz şəhər stadionunun süni ot örtüyü ilə təmin olması məsələsi gündəmə gəldi və bu baş verdi. Bəzən mən də, Ramin Musayev də klublarla görüşəndə onlardan maraqlı təkliflər alırıq. Bu təklifləri biz ikimiz yerinə yetirə bilmərik. Ona görə də AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə belə bir komitə yaradılacaq. Ola bilər ki, klubların təklifi ilə gələn çempionata yeni sponsorlar gəlsin. Bütün bunlar müzakirə ediləcək.
- Komitənin rəhbəri kim olacaq?
- Hazırda Əsasnamə hazırlanır. Klublara təqdim olacaq. Klublar Komitəsinin sədrini də komandalar özləri seçəcəklər. İlk görüşü biz təşkil edəcəyik. Sonra özləri harada istəyəcəklər orada görüşəcəklər və səsvermə ilə rəhbərlərini seçəcəklər. Nə mən, nə də Ramin Musayev həmin iclaslarda iştirak etməyəcəyik. Məsələn, hansısa bir klubun problemi olur o dəqiqə mətbuata qaçır. Halbuki, onlar öz daxilində problemlərlə bağlı danışacaqlar. Hakim səhvləri ilə üzləşəcəklərsə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu dəvət edəcəklər görüşə və o da onlara cavab verəcək. Hakim-İnspektorlar Komitəsindən narazı olacaqlarsa, komitənin sədri Gülağa Cabbarovu görüşə dəvət edəcəklər. U-17 milli komandanın tez-tez təlim-məşq toplanışında olmasından razı deyillərsə, həmin komandanın baş məşqçisi görüşə dəvət edəcəklər. Premyer Liqanın qarşılaşmalarından sonra klublar arasında qalmaqallar baş verir. Bunlar da həmin komitənin iclasında müzakirə olunacaq. İntizam Komitəsinin son iclasına baxsanız, daha çox oyundan sonra baş verənlər haqqında qərarlar veriblər. Bu bizi ciddi düşünməyə vadar edir. Bu problemlər həll olunmalıdı.
- Azərbaycanda bir çox yerli mütəxəssislər və İcraiyyə Komitəsinin üzvləri yığmaya yerli məşqçinin gəlməsini istəyir. Ola bilərmi ki, iki cəbhədə işləmək baxımından Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunmasını istəmirsiniz?
- Ümumiyyətlə, bir məşqçi bir komandada işləməlidi. Qurban Qurbanov məsələsinə gəlincə, İcraiyyə Komitəsinin hansısa üzvü Qurbanovun namizədliyini irəli sürməyib. Biz Məşqçilər Komitəsi ilə təqdimat görüşü keçirdik. Onlardan heç biri demədi ki, biz tövsiyə edirik ki, milliyə yerli mütəxəssis gəlsin. AFFA prezidentinin qoyduğu şərtlər əsasında baş məşqçini müəyyənləşdirəcəyik. Bilirsiz, mövsümün ortasıdı. Çempionlar Liqası, Avropa Liqası gedir. Heç kim öz işini qoyub gəlmək istəmir. Elə məşqçilər də var idi ki, Azərbaycanda yaşamaq istəmir. Eləsi də var ki, külli miqdarda pul istəyir. Həmin məbləği də biz ona verə bilmərik. Bir məşqçi var idi. Dedi ki, müqavilə üçün 3 milyon istəyirdi. Dedi ki, əgər sonra problem olsa, müqaviləni pozsaq, 3 milyon da təzminat ödəyəcəksiniz. Biz də baxdıq ki, bu qeyri-adekvat addımdı. 50 gün ərzində 20 məşqçi ilə görüşdük. Onlara dedik ki, sizi Azərbaycana dəvət edəcəyik. Robert Prosineçki isə bizə bildirdi ki, mən gəlib sizin çempionatın oyunlarına baxmaq istəyirəm və biz razılaşdıq.
- Namizədlərin siyahısında Qurban Qurbanovun adı var idi?
- AFFA prezidenti açıqlamasında demişdi ki, yığmanın baş məşqçisi əcnəbi olacaq. Yəni biz də ona görə seçimlərə başladıq. Yenə deyirəm ki, İcraiyyə Komitəsinin hər hansı üzvü Qurban Qurbanovun namizədliyini irəli sürsə, təbii ki, onu əlavə edərik. Hələ də vaxt var. Onlar yerli mütəxəssis istəyirlərsə, bizə bildirə bilərlər.
- Bildiyimizə görə, qaydalara əsasən AFFA-nın baş katibi namizədlərin siyahısını açıqlamalıdı və İcraiyyə Komitəsi seçim edib qərar verməlidi. Siz isə əskini deyirsiniz...
- Elə deyil. Biz onlara məktub göndəririk ki, gündəmdə bu məsələlər olacaq. Komitə üzvlərinə 5 gün vaxt verilir. Onlar da 5 gün ərzində bizə təkliflər göndərirlər ki, ora filan məsələnin də müzakirəsini daxil edin. Artıq 4 gün qalıb və heç kim bizə yerli mütəxəssislə bağlı müraciət etməyib.
Mənbə:apasport.az