"6 il səsi çıxmayan mütəxəssislər Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar"

11:20 - 1 Dekabr 2014

Mahmud Qurbanovun arxasınca kimlər danışıb?

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizi Norveçlə oyuna çıxaran Mahmud Qurbanov çox tənqid olundu. Yığmamızın 0:1 hesablı məğlubiyyətinin əsas səbəblərini onda görənlər az olmadu.

 

“Futbol+” qəzetinə açıqlama verən Mahmud Qurbanov bu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. Sportal.az xəbər verir ki, Qurbanov konkret ad çəkməsə də, bəzi yerli mütəxəssislərin iç üzünü açıb:

 

“Niyə bəzi yerli məşqçilər Fotqs Makisimi dayaq yarımmüdafiəçisi kimi oynadanda, Bədavinin mövqeyini dəyişəndə ağızlarına su alıb durmuşdular? Heç efirdə, mətbuatda almanı tənqid etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu hər mövqedə oynamalıdı. Ancaq Nazarovu meydana buraxmamışam deyə məni az qala xalq düşməni çıxarırlar. 

 

Çox maraqlıdır ki, 6 il səsi çıxmayan mütəxəssislər Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar. Bu da mənə çatmır. Görəsən, niyə üzdə “Mahmud, sən hər şeyi düz etmişdin” deyən bəzi yerli məşqçilər gedib başqa yerlərdə dalımca danışırlar. Sözün var, səhvim var, kişi kimi üzümə söylə. Hamısı da yaxşı bilirdi ki, Mahmud yalnız bir oyunda milliyə rəhbərlik edəcək.

 

6 ildir danışmağa özündə cürət tapmayanlar noyabrın 17-dən ağızlarını açıb, gözlərini yumublar. O da maraqlıdır ki, məni tənqid edənlər, heyəti müəyyənləşdirərkən səhv etdiyimi söyləyənlər nədənsə oyundan öncə və sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi qələmə verməyə çalışırdılar.”  

Xəbər xətti