"Kamranı millidən qovmalıydım"

17:30 - 1 Dekabr 2014

"Deyəcəkdilər ki, bir oyunluq gəldi, aranı qatdı, getdi"

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilən oyundan öncə Kamran Ağayev millinin düşərgəsinə gec qoşulub.

Bu haqda “Futbol+” qəzetinə müsahibəsində millinin müvəqqəti baş məşqçisi vəzifəsini tutan Mahmud Qurbanov bildirib.

O, Ağayevin yığmanın düşərgəsindən uzaqlaşdırmalı olduğunu bildirib: “Noyabrın 4-ü komanda bir araya gəldi. Yalnız Kamran Ağayev heç kimə heç nə demədən toplanışa ertəsi gün qatıldı. Bəhanə gətirdi ki, nəsə təxirəsalınmaz işi olub. Halbuki əvvəldən hamıya deyilmişdi ki, bircə ölüm-itim olsa, düşərgəyə gec gələ bilərlər.

Bütün işlərini oyundan sonraya saxlasınlar. Ancaq Ağayev intizamı pozdu. Mən Kamranı millinin düşərgəsindən qovmalıydım. Sadəcə, məsul oyun öncəsi ab-havanı pozmaq istəmədim. Deyəcəkdilər ki, bir oyunluq gəldi, aranı qatdı, getdi. Bəlkə də səhv etdim. Futbolçular anlamalıdılar ki, nə edirlərsə ilk növbədə özlərinə edirlər. Kamran Ağayev bu hərəkəti niyə Foqtsun millini çalışdırdığı altı ildə etməmişdi? Bəlkə ona elə gəlir ki, yerli məşqi olanda, istədiyini edə bilər”.

Xəbər xətti