Azərbaycan futbolundakı ən yeni tarixi siz yazmalısız!
2000-ci ilin 19 iyulu idi. Çempionlar Liqasınının birinci təsnifat mərhələsi çərçivəsinin cavab oyunu çərçivəsində “Şəmkir” “Skonto”nu qəbul edirdi. İlk oyunda Azərbaycan çempionu rəqibinə 1:2 hesabı ilə uduzduğundan, növbəti mərhələyə adlamaq şansı heç də pis deyildi. Həmin oyunu 14-cü sektordan izləyirdim. Matç Azərbaycan çempionunun möhtəşəm qələbəsi ilə başa çatdı. Əlavə vaxtda latviyalıları diz çökdürən çempionumuz, bizə qitənin ən mötəbər klub turnirində ilk dəfə mərhələ adlamaq sevincini yaşatdı. Həmin vaxt bu, böyük uğur hesab olunurdu. Çünki buna kimi yalnız 1 dəfə – 1 il əvvəl “Qarabağ” İntertoto kubokunda mərhələ adlamışdı. Kiməsə adi görünə bilər, amma o hissləri stadiondan yaşamaq, futbolumuzun tarixinə düşən bir oyuna canlı baxmaq ayrı ləzzət idi. Necə deyərlər, yaşamayam bilməz.
O vaxt bizim üçün 1 mərhələ adlamaq həqiqətən də bayram idi. Uzun illər hansısa klubumuzun ardıcıl 2 mərhələ adlamasına həsrət qaldığımızdan qrup mərhələsi bizim üçün əlçatmaz görünürdü... 10 il əvvəl kiməsə desəydin ki, hansısa Azərbaycan klubu avrokuboklarda qrupa düşəcək, üstəlik sona 1 tur qalmış qrupda ikinci yerdə qərarlaşacaq, play-offa adlamaq üçün taleyi öz əlində olacaq, ən əsası da sonuncu ev oyununda qələbə qazanmaqla Avroliqada 1/16 finala yüksələcək, həmin adama ən yaxşı halda Ağabəyə Sultanova müraciət etməyi məsləhətə görərdilər.
Amma bu gün illər öncə yuxuda görmədiklərimiz artıq reallığa çevrilmək üzrədir. Tarixi danmaq olmaz, qrupa düşən ilk Azərbaycan klubu “Neftçi” olub. Bu, artıq tarixə qızıl hərflərlə yazılmış faktdır və bunu heç kim dəyişə bilməz. Lakin o da reallıqdır ki, “Qarabağ” qrupdakı möhtəşəm çıxışı ilə “Neftçi”nin qazandıqlarını unutdurdu. “Ağ-qaralar”dan fərqli olaraq Ağdam klubu Azərbaycan futbolunda ən yeni tarixi yazmağa çox yaxındır. Bizi fantastik uğurdan cəmi 90 dəqiqə ayırır. Yaxud da 1 qələbə. “Qarabağ”ın taleyi öz əlindədir. Tarixi zəfəri qazanmaq üçün bütün şərtlər də çempionumuzun lehinədir. Birincisi, “gözün meydanda, qulağın filan yerdə” söhbəti olmayacaq. İkincisi, “Qarabağ” doğma meydanda oynayır (Düzdür, hələ ki cari mövsümdə Qurban Qurbanovun komandası səfərdə daha yaxşı çıxış edir. Komandamız qrupda 5 oyundan 5 xal toplayıb ki, bunun da 4-ü kənarda əldə olunub). Odur ki, bu cür taleyüklü oyunda çempionumuzun möhtəşəm azarkeş dəstəyi ilə irəli atılacağı şübhə doğurmur. Hər birimiz son ana kimi, səsimiz batanadək “Qarabağ” deyə hayqıracağıq. Üçüncüsü də “İnter” Bakıya rahat gələcək. Milan təmsilçisi artıq qrupda birinci yeri təmin edib. Gücünü “A” seriyası üçün qoruyacaq. Razıyam ki, “İnter”in ikinci heyəti də zəif deyil. Amma dünyada heç bir klubun ehtiyatda oturanları əsas heyətdə meydana çıxanlardan güclü ola bilməz. Sadə məntiq: güclü olsaydılar, əsas heyət oyunçusu olardılar. Elə “İnter”in köhnə-yeni baş məşqçisi Roberto Mançininin “Dnepr”lə oyundan sonra səsləndirdiyi “daha Azərbaycanda birinci yer haqda düşünməyəcəyik” fikri də rəqibin paytaxtımıza motivasiyasız gələcəyinə işarədir. “İnter” istəsə, “Qarabağ”a xal verəcək” fikrini də qəbul etmirəm. Səfərdə “Dnepr”i məğlub edən, “Sent-Etyen”ə hər iki oyunda uduzmayan komanda evdə “İnter”i də diz çökdürər, lap daha güclüsünü də! Haydı “Qarabağ”, irəli! Azərbaycan futbolundakı ən yeni tarixi siz yazmalısız!
P.S. Dekabrın 10-da ad günü olan birisi üçün, növbəti gün 20 ildir çılğın azarkeşi olduğum “Milan”ın əzəli rəqib olan bir komandanın gözlərin qarşısında əzilməsindən gözəl hədiyyə ola bilməz. “İnter” üçün oyun əhəmiyyət kəsb etməyə bilər, amma tarixdə qalan nəticə olacaq. 28 ildə heç vaxt, heç kimdən hədiyyə istəməmişəm, Amma bu dəfə “Qarabağ”dan özümə ad günü hədiyyəsi istəyirəm! “İnter” bu il Avropada ilk məğlubiyyətini Bakıda almalıdı!
İbrahim Cəfərov “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi