"İstədiyimiz yerdə deyilik"
“Xəzər Lənkəran” klubunun futbolçusu Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- Premyer Liqa klubları kubok matçına hazırlaşdığı məqamda siz indidən çempionatın növbəti turunda “Qəbələ” ilə oyunu düşünürsüz. Hazırlıq necə gedir?
- Hər şey qaydasındadı. Futbolçular məşqdə əllərindən gələni edirlər. “Qəbələ” güclü rəqibdi. Bu səbəbdən matçın çətin keçəcəyini bilirik. Öz oyunumuzu göstərib, qələbə qazanmaq niyyətindəyik.
- “Qəbələ”nin son vaxtlar işləri qaydasında getmir. Yəqin ki, rəqibin qeyri-stabil çıxışından faydalanmağa çalışacaqsız…
- Futbolda gah alınır, gah yox. Bu mənada, “Qəbələ”nin hazırkı çıxışını böyütməyə dəyməz. Biz öz oyunumuz haqda düşünməliyik. Rəqibin vəziyyətinin necə olması deyil, bizim vəziyyətimizin necə olması önəmlidi.
- Yəqin razılaşarsız ki, “Xəzər Lənkəran” cari mövsümdə də ümidləri tam doğrultmur. Hər halda, azarkeşlər sevimli komandalarını 5-ci yerdə görməkdən razı deyillər. Qeyri-stabil çıxışın səbəbi nədi?
- Əslində, yaxşı komandayıq. Amma istədiyimiz yerdə deyilik. Səbəbini mən yox, məşqçilər daha yaxşı bilir. Ancaq bu pillədə olmağımızda hamı günahkardı.
- Bir ara Oğuz Çətin mətbuatda çox tənqid olundu. Səncə, onun rəhbərliyi altında “Xəzər Lənkəran” istədiyi nəticəyə imza ata biləcəkmi?
- Oğuz Çətinin klubla müqaviləsi var. Bundan əlavə, yaxşı məşqçidi. Futbolçular da ondan razıdılar. Sadəcə, nəticə yoxdu və bu səbəbdən Çətin tənqid olunur. Göstərilən oyuna gəldikdə isə komanda xoş sözlərə layiqdi.
- “Xəzər Lənkəran”la yollarınızı ayıracağınız haqda söz-söhbət gəzir. Həqiqətənmi, komandadan getmək ehtimalınız var?
- Mənim klubla mövsümün sonuna qədər müqaviləm var. Bu isə o deməkdi ki, ən azı yaya kimi burdayam. Düzdü, hələlik rəhbərlik yeni müqavilə təklif etməyib. Amma hələ mövsümün sonuna çox var.
- Adətən müqaviləsinin müddətinə az qalan futbolçuya digər komandalardan təklif gəlir. Sizə necə, təkliflər gəlirmi?
- Açığı, yox. Hələ bir şey yoxdu. Hazırda bütün diqqətimi “Xəzər Lənkəran”ın çıxışına yönəltmişəm. Digər klublar haqda düşünmürəm.
- Sonda bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Sabah Robert Prosineçkinin milliyə baş məşqçi keçməsi rəsmiləşəcək. Necə düşünürsüz, onun yığmamıza xeyri dəyə bilərmi?
- Mən Prosineçkinin necə məşqçi olduğunu bilmirəm, çünki onunla işləməmişəm. Prosineçki daha çox futbolçu kimi yadda qalıb. Bununla belə, onun millimizə xeyir verəcəyinə inanıram.
saytlarin hazirlanmasi