AFFA prezidentindən açıqlama
“İclasda Klublar Komitəsi yaradıldı. Onun üçün yaradıldı ki, klublar bir-biri ilə yaxınlaşsınlar. Onların arasında dostluq münasibətləri olsun. Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi məsələsi müzakirə olundu. Qərara gələ bilmədik. U-21 baş məşqçisi də bizə əsas millinin baş məşqçisi qədər vacibdi”.
Sportal.az xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti mətbuat konfransı keçirib. O bildirib ki, xorvatiyalı Robert Prosineçki əsas yığmaya baş məşqçi təyin edilib: “Həm cavandı, həm də milliyə yeni oyun stili gətirə bilər”.
- Topaz Premyer Liqasında 9 komanda mübarizı aparır, amma maliyyə vəziyyətləri yaxşı deyil. Varlı insanların futbola cəlb olunması mümkün deyil?
- Hamını futbola cəlb etmək mümkün deyil. İnsanların futbola gəlməsi üçün yaxşı oynamaları lazımdı. Bunun üçün heç olmasa, insanlar 1 manat verib bilet almalıdırlar. Bu kimi problemlər birlikdə həll olunur. Futbolun ictimai dəstəyi də olmalıdı. Təkcə milyonçuları cəlb etməklə alınmır. Bu, mənim də ən yaralı yerimdi.
- Dediniz ki, Məşqçilər Komitəsi klubların aşağı yaş qruplarına da nəzarət edəcək. Klublar buna qarşı çıxmayacaqlarmı?
- Xeyr. Onlar vəziyyətlə bağlı raport hazırlayacaqlar. Yəqin yadınızdadı, biz Almaniyada məşqçi kitabları alıb payladıq. Bilmirik, uşaq məşqçiləri ondan istifadə edirlərmi. Məhz bu kimi məsələlərə nəzarət etmək üçün Məşqçilər Komitəsi yaradılıb. Rayonlarda uşaq məktəblərində məşqçilərə o qədər pul ayrılır ki, onların bu pulları necə istifadə etdiyini bilmirik. Həmin komitə də məhz buna nəzarət etmək üçün yaradılıb. Bəzi futbolçular müqavilə bağlayıb, 5 manat pul alan kimi göstəriciləri aşağı düşür. Siz jurnalistlər də bunlarla iş aparmalısız. Messi desin ki, oynamasam da bu qədər pul alıram. Amma bizimkilər deyir ki, 5 manat pulum varsa, niyə özümə əziyyət verim?
- İlkin məlumatlara görə, Prosineçki ilə 2018-ci ilin seçmə mərhələsinə kimi müqavilə imzalanıb. Onun qarşısında hansı hədəflər qoyulub?
- Konkret məsələ qoyulub. Azərbaycan prezidentinin ən böyük arzusudu ki, böyük yarışları Bakıya gətirsin. Avro-2020-yə çıxa bilsək, millimizin 2 görüşü burda keçiriləcək.
- Martda keçirdiyiniz mətbuat konfransında gənc futbolçuların maaşına nəzarət olunmasını və onların xaricə çıxması üçün şərait yaradılmasını demişdiniz. AFFA buna nail ola bildimi? Rusiyada 2 futbolçumuz var: Ayaz Quliyev və Ramil Şeydayev. Onlarla bağlı iş gedirmi?
- Hər ikisi ilə danışıq gedir, narahat olmayın.
Elxan Məmmədov: Biz onlarla bağlı iş aparırıq. Bu cür şeyləri mətbuata açıqlamırıq. Məxfilik aparırıq. Eddi İsrafilovla da görüşdük, amma bizdən millidə oynamaq üçün 1 milyon pul istədi. Rusiyada legioner limiti problemi var. Azərbaycan millisinə gələn kimi, orda legioner sayılacaqlar və buna görə bizdə tələb edirlər ki, elə edin, biz orda legioner sayılmayaq.
Rövnəq Abdullayev: Rusiya və Türkiyə Futbol Federasiyaları ilə danışıq aparırdıq. Fikrimiz o idi ki, bizimkilər bu ölkələrdə, həmin ölkələrin futbolçuları isə Azərbaycanda legioner sayılmasınlar. Ancaq razılaşmadılar.
Sualın ikinci hissəsinə gəlincə, konsepsiya hazırlamışıq. Bunu pozan klub böyük miqdarda cərimələnəcək. Onların qarşısında şərt qoyulacaq ki, kimə nə qədər maaş vermək olar. Buna riayət etməyən klublar cəzalanacaq. Berti Foqtsun da ən böyük şikayəti bundan idi.
- Çempionatdan imtina edən “Araz Naxçıvan” hakimlərdən narazı idi...
- Hər hakim səhv edə bilər. Deməyə nə var ki? “Araz Naxçıvan”ı hansısa səbəb küsdürmədi. Səbəb hakimlik deyil.
- Qurban Qurbanov niyə milliyə gətirilmədi?
- Çünki həm Əli aşından olacaqdı, həm Vəli. O vaxt onu “Neftçiy”ə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu “Qarabağ” ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq.
Mənbə: apasport.az
saytlarin hazirlanmasi