Qurban Qurbanov: "Zədəli futbolçularımızla bağlı heç bir müsbət xəbər yoxdu" MÜSAHİBƏ

19:30 - 4 Dekabr 2014

"Yığmamız üçün əlimdən gələnin ən yaxşısı etməyə çalışmışam"

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi

 

- Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək "Qarabağ"la "Neftçi" arasındakı oyunun başlama saatının bir neçə dəfə dəyişdirilməsinə nə səbəb oldu?

- Sizin hansı dəyişiklikdən danışdığınızı bilmirəm. Mən sadəcə, onu bilirəm ki, müraciətimizdən sonra oyun 17:15-də yox, 15:15-də start götürəcək.

 

- Bu, komandanıza nə qazandırdı?
- Milan "İnter"inə qarşı oyuna hazırlıq üçün əlavə iki saat hazırlaşmaq imkanı əldə edəcəyik.

 

- "Neftçi" tərəfi sizin "İnter"lə oyuna başınızın qarışmasını özləri üçün üstünlük hesab edir. Razısınız?
- Bəli. Amma biz Avropa Liqasında oynamasaydıq da belə, "Neftçi" həmişə üstünlüyə malik olub. Bakılıların bizə qalib gəlmək üçün həmişə yetərli gücü olub. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Hələ Avroliqa oyununa tam olaraq köklənməmişik. Çünki öncə "Neftçi" ilə qarşılaşacağıq və bu oyun da bizim üçün çox vacibdi. Qarşıdakı oyunlara düzgün yanaşmağa çalışırıq.

 

- Zədəli futbolçulardan hansı xəbər var?
- "Neftçi" və "İnter"lə oyunlar üçün müsbət bir xəbər yoxdu. Əlbəttə, tədricən sağalırlar. Amma onlardan hansınınsa bu oyunlarda meydana çıxacağını demək olmaz.

 

- Deməli, Reynaldo, Çumbinyo və Diası yenə meydanda görə bilməyəcəyik?
- Onların heç birinin meydana çıxmaq şansı yoxdu. Hazır olmayan futbolçunu meydana buraxa bilmərik.

 

- MOİK ilə kubok oyununu Tofiq Bəhramov adına Respublika stadionundan "Dalğa Arena"ya niyə keçirdiniz?
- Bizi üç ev oyunu gözləyirdi. Dünənki pis hava şəraitində qazonu korlamaq istəmədik. Həm də mərkəzi arenanın qazonu yeni döşənib və tam möhkəmlənməyib. Fikrimcə, hər şey normal oldu və ölkə kubokunun 1/4 finalına vəsiqə qazandıq.

 

- Rövnəq Abdullayev ötən gün bəyan etdi ki, "əgər Qurban Qurbanovu milliyə gətirsəydik, həm onu, həm də "Qarabağ"ı itirə bilərdik". Buna münasibətiniz necədi?
- Onun bu açıqlamasına normal baxıram. Bu insanı neçə ildi tanıyıram. Hələ "Neftçi"də oynadığım dövrdə də normal münasibətlərimiz var idi. Fikrimcə, o, bu sözləri də mənim yaxşılığımı düşünərək deyib. Mən yığmamız üçün həmişə əlimdən gələnin ən yaxşısı etməyə çalışmışam. "Qarabağ"dakı işimlə də milliyə, ölkə futboluna xeyir verməyə çalışıram.

Xəbər xətti