Muntyanu da burada baş çıxara bilmədi
Buralara çox adlı-sanlı məşqçinin gəlişini gördüm, ancaq onlardan hansınınsa buradan adlı-sanlı kluba getdiyini heç görmədim. Əvəzində azərbaycanlı məşqçilərin qəpik-quruşa işlədiyi məmləkətdə çoxlu-çoxlu pul qazanan əcnəbilər gördüm. O əcnəbilər ki, əslində, heç bir bacarığı ilə yerli məşqçilərdən üstün olmayıblar. Amma onların adı var.
Di gəl ki, bu əcnəbilərin çoxu da adlarına hörmət qoyan insanlar deyil. Bilə-bilə ki, buralar bataqlıdır və hər əcnəbi məşqçi burada baş çıxara bilməz, yenə gəlirlər. Təki pul olsun, adını, imicini zərbə altına atsa da, olar.
İndi də Dorinel Muntyanu gedir. Gedin, siz nə birinci, nə də sonuncusuz. Sizə qədər nə adlar gedib buralardan, sizdən sonra da hələ nə qədər gedəcək...
“Qəbələ” rəhbərliyi Muntyanunu az qala dünya şöhrətli mütəxəssis kimi təqdim eləyirdi ictimaiyyətə. Əgər Munytanu yaxşı məşqçi idisə, hər şeydən əvvəl gəldiyi çempionatı yaxşı təhlil etməli idi, “Qəbələ”nin potensialını və çempionatdakı rəqiblərini analiz edib burada nəticə verib-verməyəcəyini müəyyənləşdirməli idi. Əvəzində isə rumın mütəxəssis etdiyi transferlərin yanlış olduğunu deyir. Muntyanu “Qəbələ”nin Avroliqa oyununa çıxacağı üçün transferləri tələsik etdiyini deyirsə, inciməsin, o, elə qovulası adam idi. Adına hörmət qoyan, özünə güvənən məşqçi pula şirnikləşib tələm-tələsik qərar verməli deyildi. Belə edibsə, deməli, nə adına hörmət qoyub, nə də belə sərfəli təklif olacağına güvəni olub.
İndi hamıya ölkənin ən imkanlı klublarından olan “Qəbələ”nin bundan sonra atacağı addımlar maraqlı gəlir. Əmin olun, qeyri-adi heç nə olmayacaq. Gedib yenə heç nəyə yaramayan “adlı-sanlı” məşqçi gətirəcəklər, yenə 15-20 futbolçu yola salınacaq və əvəzinə yeniləri gətiriləcək...
Bu arada növbəti uğursuz məşqçi seçimindən sonra Tale Heydərova başınız sağ olsun, demək istərdim, amma deməyəcəm. Bu klubu sözün həm yaxşı, həm də pis mənasında bu hala salan elə Tale bəyin özüdür. Hələ bir neçə ay əvvəl “Qəbələ”ni gözləyən uğursuzluqlar barədə yazı yazmışdım (sportal.az/?goal=news&id=43400). Ancaq Tale bəy bizim fikirləri yaxın buraxmır. Bizdən deməkdir. Kimin futbol baxışının daha doğru olduğunu zaman göstərəcək.
Bu təfəkkürlə “Qəbələ” hələ xeyli transferlər edəcək, xeyli sayda məşqçinin adını xərcləyib yola salacaq. Ancaq unutmaq lazım deyil ki, bu uğursuzluq burulğanında xərclədiyiniz yalnız pul deyil, həm də “Qəbələ”nin imicidir!
Emin ABBASOV
saytlarin hazirlanmasi