"Məşqçilər Komitəsi fəaliyyətinə çox aktiv başlayıb"
AFFA-nın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin iclasından sonra müsahibə verib.
Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Klublar Komitəsinin ilk iclası keçirildi və siz də iştirakçılar arasındaydınız. Toplantı haqda nə deyə bilərsiniz?
- Bu gün ilk görüş idi. Futbol dili ilə desək, topa ilk toxunuş idi. Əsasnaməni təqdim etdik. Bəzi təkliflər də irəli sürüldü. Az sonra sədrin kim olacağı elan ediləcək.
- Belə çıxır ki, iclasın əsas mərhələsi hələ indi başlayır?
- Belə demək mümkündür. Ramin müəllimlə (PFL prezidenti Ramin Musayevi nəzərdə tutur-red.) özümüz çıxdıq ki, qoy, klublar özləri seçim etsinlər. Sabah da hər hansı söz-söhbət olmasın. Hər şey şəffaf şəkildə keçirilsin. Toplantı başa çatdıqdan sonra kimin sədr seçildiyini biləcəksiniz.
- Bəzi klublar komitənin əsasnaməsində müəyən dəyişikliklərin edilməsinin tərəfdarı olduqlarını vurğulayıblar. İclasda hansısa təkliflər irəli sürüldü?
- Təbii ki, təkliflər oldu. Klub nümayəndələri bəzi dəyişikliklər irəli sürdülıər. Biz də İcraiyyə Komitəsinin iclasında bütün bu məsələləri müzakirə edəcəyik. Sırf hansı tələblərin olduğunu iclasdan sonra bizə məlumat veriləcək. Əsas məqsəd odur ki, futbolumuzu inkişaf etdrək. Ölkə futbolunu inkişaf etdirmək tək AFFA-nın işi deyil. Klublar bunun üçün daha çox çalışmalıdırlar. Çünki 5-6 il sonra bizi məsul sınaq, AVRO-2020 gözləyir.
- İclasda xüsusi futbol kanalının yaradılması təklif edildi?
- Yox, bununla bağlı heç bir söhbət getməyib. Mən öncədən demişəm ki, çempionatın oyunları mütləq yayımlanmalıdır. Bir neçə tur əvvəl “Xəzər Lənkəran” - “Neftçi” oyunu baş tutdu ki, həmin qarşılaşma televiziya vasitəsi ilə canlı yayımlanmırdı. Bu, düzgün deyil. Axı, hamının stadiona getmək imkanı yoxdur. Kimisi xəstədir, kimisinin gəlmək imkanı yoxdur. Həm də biz Bakıda oturub, Almaniya, İtaliya, İspaniya çempionatlarının oyunlarına baxırıqsa, niyə öz çempionatımıza baxmayaq? Belə olan halda hansı inkişafdan danışa bilərik? Təkcə Pemyer Liqanın deyil, I divizionun, eləcə də aşağı yaş qrupları üzrə keçirilən çempionatların oyunları yayımlanmalıdır. Bu, sağlam həyat tərzinin təbliğatıdır.
- Olmaz ki, ölkə futbolunu təbliğ edən sırf futbol kanalı yaradılsın? Məsələn, Rusiyada bu baxımdan “Naş futbol”un adını çəkmək olar. “İdman Azərbaycan” kanalı ölkə futboluna lazımı qədər diqqət ayrılmır. Bəzən orada öküz döyüşləri belə görmək mümkündür...
- Mənə maraqlıdır, həmin öküz yarışlarına baxan var? “Naş futbol”un yaradıcısı yox, amma müdiri azərbaycanlıdı. Mən təxminən 3 ay əvvəl onunla AFFA-da görüşdüm. Əvvəl onun azərbaycanlı olduğunu bilmirdim. Otağımda 1 saata yaxın rus dilində söhbət etdik. Sonra telefonuma zəng gəldi və dedim ki, “rus qonağım var”. Bu zaman həmin şəxs dedi ki, “mən azərbaycanlıyam”. Məlum oldu ki, adı İlhamdı, 16 ildir artıq Rusiyada yaşayır. Onunla xeyli müzakirələr apardıq. Bu məsələnin üzərində işləməliyik. Oyunların yayımlanmasında mətbuatın da köməyinə ehtiyac var.
- Bəzi klublar İcraiyyə Komitəsinin qərarını yerinə yetirmirlər. Konkret olaraq “Simurq”da hələ də müşahidə şurası yaradılmayıb. Bununla bağlı hər hansı bir cəza nəzərdə tutulub?
- Bu məsələni son iclasda müzakirə etdik. Amma konkret qərar qəbul olunmadı. Bunun səbəblərini araşdırmalıyıq. Elə Klublar Komitəsindən də bu məsələlərdə fayda gözləyirik.
- Məşqçilər Komitəsi U-21-in baş məşqçi postuna konkret namizəd irəli sürüb?
- Məşqçilər Komitəsi fəaliyyətinə çox aktiv başlayıb. Hazırda müzakirələr gedir. Hələ ki konkret namizədlər irəli sürməyiblər. Amma 1 yox, daha artıq namizəd olacaq. Sonra isə namizədlərin siyahısını AFFA rəhbərliyinə təqdim edəcəyik. Gələn həftə Məşqçilər Komitəsi mənə namizədlərin siyahısını verəcək.
- Namizədlər arasında əcnəbilər də olacaq?
- Bəli, olacaq. Çünki İcraiyyə Komitəsi qərar qəbul edib ki, həm yerli, həm də əcnəbi namizədlər olsun.
- Seçim zamanı əsas millinin baş məşqçisinin də fikri nəzərə alınacaq?
- Bəli, məsələ ilə bağlı onun da fikrini öyrənəcəyik. AFFA prezidenti də qeyd edib ki, biz təkcə bugünü deyil, 2020-ci ili də fikirləşməliyik. Bu gün Elit raunda vəsiqə qazanan U-17-nin 98 faizini 3 il əvvəl U-13 liqasında çıxış edən futbolçular təşkil edir. 2 il əvvəl U-19 liqasını yaratdıq və bu gün bəhrəsini görürük. Əsas odur ki, birgə çalışaq və yavaş-yavaş inkişafa nail olaq.
Mənbə: Futbolxeber.az