Baş məşqçinin mətbuat konfransı
“Bir şeyi qeyd etmək istəyirəm. Bu gün 2 məşq etsəydik, meydançaya pis təsir edə bilərdi. Buna görə də, indi məşq keçməyəcəyik”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının “Qarabağ” – “İnter” matçından öncə keçirilən mətbuat konfransında deyib.
O, “İnter”lə matçın çətin keçəcəyini bildirib: “Vacib oyun gözləyir bizi. Qrupun son oyunudu. Bilirik ki, nə dərəcədə məsuliyyətli olmalıyıq. Çalışacağıq ki, sabah ən düzgün və yaxşı oyunumuzu göstərək. Çox istərdim ki, azarkeşlərimiz stadiondan üzgün ayrılmasınlar. Doğma meydanda məğlub olmağı heç istəmirəm. Amma ciddi rəqibə qarşı oynayırıq. Matça tam hazırıq. Baxmayaraq ki, sıx qrafikdə çıxış edirik. Yeni məşqçinin gəlişindən sonra “İnter”in heyətində sistemində dəyişiklik olub. Son oyunlarda fərqli sistemdə oynayıb. Sabah da hər hansı dəyişiklik olsa, bu, bizə mane ola bilər. Bunlara baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq”.
- Reynaldo və Bədavi Hüseynov sabah oynayacaqmı?
- Bədavi bu gün komanda ilə məşqə çıxdı. Amma hələ dəqiq bilinmir. Sabah məlum olacaq. Reynaldo əvvəldən də bilinirdi ki, oynamayacaq.
- "İnter"in Bakıya əsas heyətlə gəlməməsi "Qarabağ"ın xeyrinədi?
- Bu, məni narahat edir. Çünki gənclər də özlərini yaxşı tərəfdən göstərmək istəyəcəklər. Futbolçulara tapşırmışıq ki, bu barədə ümumiyyətlə düşünməsinlər. Bizə öz oyunumuz maraqlıdı. Tam heyətlə oynasaydılar, bizə daha asan olardı. Tanımadığımız futbolçular oyuna çıxsa, bizə problem yarada bilər.
- Sabah "Qarabağ" tarixinin ən vacib oyununa çıxacaq. Razısızmı?
- Statistikaya baxsaq, belə görünür. Əvvəl qrupa çıxmamışdıq. Amma "Tvente" ilə oyunlardan öncə də bu fikir deyilirdi. Mən həmişə açıqlamalarımda deyirəm ki, bugünkü oyun bizim üçün nə qədər vacibdirsə, sabahkı daha vacibdi. Bəli, "İnter"lə görüş çox vacibdi.
- "Qarabağ" Avroliqada göstərdiyi oyunla məğlub psixologiyasını dağıtdı. Əgər qrupdan çıxsaz, sizdən Avroliqanın qalibi olmaq tələb olunacaq. Buna hazırsız?
- Bəli, hazırıq. Təki qrupdan çıxaq və bizdən çempionluq tələb olunsun.
- "İnter"də Matsarrinin gedişindən sonra əsas dəyişiklik müdafiə xətti ilə bağlıdı. Bu amil sizin oyununuza təsir edəcəkmi?
- Təsir etməyəcək, amma bir qədər dəyişikliklər olacaq. Əvvəlki oyunda müdafiədə hansı variantlardan istifadə edirdiksə, bu dəfə başqa amillərdən yararlana bilərik. Biz sürətli oyun göstərməyə çalışacağıq.
- Almeyda birinci oyunda çox top itirdi. Bu dəfə lazımi tapşırıqlar vermisizmi bununla bağlı?
- Hər futbolçu top itirə bilər. Almeyda oyununu gedişatından asılı olmayaraq, sabah da topla çox oynaya bilər. Əsas odu ki, Almeyda top itkisindən çəkinmir. Çalışır ki, komandasına daha çox köməyi dəysin. Almeydanın özü necə oynamalı olduğunu bilir.
- Demək olarmı ki, sabah bir qulağınız Ukraynada olacaq?
- Yox, ikisi də burda olacaq (gülür). Yəqin ki, matçın gedişində hansısa məlumat veriləcək. Amma fikrimiz öz oyunumuzda olacaq.
Mənbə: apasport.az