Xaqani Məmmədov Tuyqun Nadirova hesabat verəcək
“Xəzər Lənkəran”ın hakimlərin əli ilə vurulduğu vaxtlar idi. AFFA-da hesabat-seçki konfransına qatılan Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov narazı görünürdü. “Xəzər Lənkəran” rəsmisi Xaqani Məmmədovun yenidən HK sədri seçilməsini həzm edə bilmirdi.
İclas bitər-bitməz jurnalistlərə açıqlama verən Tuyqun bəy bu məsələyə kəskin etirazını bildirmişdi. O vaxt onun səsinə səs verən olmadı, PFL rəhbəri Ramin Musayev HK sədrini “Xəzər Lənkəran” rəsmisinin ayağına vermədi.
Bu illər ərzində Tuyqun Nadirovla Xaqani Məmmədov bir neçə dəfə söz davasına da çıxıblar. Ancaq xeyri olmayıb, hakim qərəzi ilə ən çox üzləşən klub elə “Xəzər Lənkəran” olub. Xaqani Məmmədov Ramin Musayevə güvəndiyi üçün Tuyqun Nadirovun etirazlarını ciddiyə almayıb.
Ancaq indi çərxi-fələk tərsinə dövran eləməyə başlayıb. O vaxt Tuyqun Nadirovu saymayan Xaqani Məmmədov indi onun qarşısına keçib hesabat verməli olacaq.
Yeni yaradılan Klublar Komitəsinə məhz Tuyqun Nadirovun sədr seçilməsi gözlənilməz oldu. Çünki ona səs verən klublar da yaxşı bilirlər ki, Tuyqun Nadirovun Ramin Musayev-Xaqani Məmmədov cütlüyü ilə ulduzu barışmır. AFFA bu fikri yaxın buraxmasa da, Klublar Komitəsi mahiyyətinə görə PFL-ə alternativ qurum sayılır. Bu komitədə Tuyqun Nadirovun əsas söz sahibi olması Ramin Musayev və Xaqani Məmmədov üçün yaxşı heç nə vəd eləmir.
Arxada qalan illərə nəzər salsaq, “Xəzər Lənkəran” həmişə öz mövqeyi ilə seçilən klub olub. Əksər klublar AFFA-dan gələn hər tapşırığa razılıq verəndə, “Xəzər Lənkəran” dirəniş göstərib. Belə hadisələrdən biri də teleyayım hüququna görə olub. PFL bu hüququ “İdman Azərbaycan”a verdiyini açıqlasa da, “Xəzər Lənkəran” öz teleyayım hüququnu heç kimə vermədiyini Ramin Musayevə xatırladıb və bu məsələdə ona güzəştə getməyib.
Tuyqun Nadirov deyib ki, onu yekdilliklə yox, say çoxluğu ilə seçiblər. Klublar bir-birinin fikrini bilmədənmi ona səs veriblər? Maraqlıdır, niyə çoxluq ona səs verib? Təsadüf, yoxsa zərurət?
Emin ABBASOV
saytlarin hazirlanmasi