Millət vəkili: "Qarabağ"ın heç-heçəsi "Dnepr"dən çox Aqil bəyin işinə yaradı"

12:20 - 12 Dekabr 2014

Fazil Mustafadan açıqlama

 

Millət vəkili Fazil Mustafa "Qarabağ”ın Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində "İnter”ə qarşı keçirdiyi oyun (0:0) haqda fikirlərini öz "facebook" hesabından bildirib.

 

Sportal.az sizi həmin fikirlərlə tanış edir:

 

"Qarabağ"ın oynunu stadiondan izlədim. Çox gözəl atmosfer vardı. Tamaşaçılara həqiqətən təşəkkür düşür. Fədakarcasına komandanı dəstəkləyirdilər. Maksimalist olmayaq, bu həqiqətən də "Qarabağ"ın ciddi uğuru sayılmalıdır. Qolunu saymadılar, stadionda təkrar baxmaq şansımız olmadığına görə hakimin haqlı və ya haqsız olduğunu söyləyə bilmirəm. Ancaq fikrimcə "İnter" kimi klubla üstün oyun göstərmək və heç-heçə etmək uğurlu nəticədir. Hələ "Qarabağ"ın əsas oyunçularından 5-6-sı zədəli vəziyyətdə idi və bu şərtlərdə sabit oyun göstərmək həqiqətən ağır idi. Ancaq Qurban Qurbanov və komandası xarakter göstərə bildi. Oyunçuların davranışı həmişəki kimi mədəni idi. Klub rəhbərliyi də hər oturacağın yanına klubun bayrağını qoymuşdu və oyun ərzində bu bayraqları ürəkdən yellədik. Stadion yaxşı təmir olunub. Ancaq stadiona girişdə başıpozuqluq müşahidə olunur. Bir əlil vətəndaşın qapılara yaxınlaşması demək olar ki, mümkünsüz. Basabasda sağlam adamın əlil olması təhlükəsi də az deyil. Təmirdən sonra ilk dəfə idi burada olurdum. Az sayda da olsa qadın azarkeşlərin gəlməsi müsbət haldır, mədəni mühit olarsa, daha rahatlıqla xanımlar da stadionda komandaya dəstək verə bilərlər. Türkiyədə baxırsınız, başıaçıq və ya hicablı olsun, fərq etməz, xanımlar bir yerdə xeyli rahatlıqla stadiona gələ bilirlər. Məncə iki məsələyə də xüsusi diqqət yetirilməlidir: oturduğum yerdə bir neçə nəfər yaxınlaşıb yer nömrəmlə maraqlandı. Bu zaman spirtli içki qəbul etdiklərini sezdim. Bu cür azarkeşlər müəyyən olunduqda təhlükəsizlik qüvvələri tərəfindən stadiondan çıxarılması məqsədəuyğun olardı. Bir də yanımda oturan 50-55 yaşında bir vətəndaş siqaretiinin tüstüsü ilə 90 dəqiqə heç də oyunun hakimindən az əsəblərimizə təsir göstərmədi. Bildiyim qədər Avropa ölkələrində ayrıca siqaret çəkilən yerlər ayrılır və kim istədisə oyun zamanı gedib o küncdə zəhər qəbul edir. Başqasının üzünə tüstünü ufurmək şansını adamın əlindən alırlar.

 

Bir daha oyunçularımıza fədakarlığa, gözəl futbol matçı izlətdiklərinə görə təşəkkür edirəm.
Sonda yadıma düşdü, dostum Aqil Abbas saytların birinə demişdi ki, "Qarabağ" udsa, hamıya qonaqlıq verəcəyəm. İndiyədək heç seçkilərdə belə mümkün olmayan vəd eşitməmişdim. Təsəvvür edin ki, Aqil bəy, hamı deyəndə, böyüklü-kiçikli Azərbaycanda hazırda yaşayan haradasa 7 milyon adamı nəzərdə tutmuşdur. Adambaşına bir dönər hesabı ilə topdansatış qiyməti ilə bir manatdan götürsək, düz 7 milyon manat edir. Bu minvalla, "Qarabağ"ın heç-heçəsi "Dnepr"dən çox Aqil bəyin işinə yaradı."

Xəbər xətti