"Vilyarreal"ın yeni "vuran ayağı"
Argentinalı futbolçuların Avropada adından söz etdirməsi, azarkeşlərin könlünü fəth etməsi artıq adi hal alıb. Belələrindən biri də Lusiano Viettodur. “Vilyarreal”ın 21 yaşlı hücumçusunu növbəti mövsüm böyük klublarda görsəz, təəccüblənməyin.
1993-cü ildə Argentinada doğulan Vietto futbolun sirlərinə “İndependyente de Balneariya” və “Estudiantes”-də yiyələnib. O, 2010-cu ildə yerli “Rasinq”in gənclərdən ibarət komandasına dəvət alıb. Bir il sonra isə “Rasinq”in əsas komandasında debüt edib və daha bir ildən sonra artıq bu komandanın aparıcı futbolçularından birinə çevrilib.
Argentinada sərgilədiyi oyunla Avropa klublarının diqqətini cəlb eləyən Viettonu heyətində görmək istəyənlər araında “Real”, “PSJ” və “Liverpul” kimi klublar də var idi. Ancaq Lusiano 2014-cu ilin yayında “Vilyarreal”a keçdi. İspaniya ortababı bu transferi 5,5 milyon avroya gerçəkləşdirdi.
Vietto gəldiyi gündən ona xərclənən pulların əvəzini verməyə başlayıb. İspaniya çempionatında 14 oyuna çıxan 21 yaşlı hücumçu artıq 5 qola imza atıb. Yüksək texnikası və çevikliyi ilə seçilən futbolçu get-gedə özünü daha rahat hiss eləyir. Vietto potensialını ortaya qoya bilsə, “Vilyarreal” gələcəkdə onu böyük klublara satmaqla yaxşı gəlir də əldə edə biləcək.
saytlarin hazirlanmasi