Hakim də insandırmı?! YAZI

11:20 - 16 Dekabr 2014

Hakimlərimizin bizim xora niyə qoşulduqlarını anlaya bilmirəm

 

Vurduğumuz erməni helikopterinin tüstüsü çəkilməmiş çex Zelinka qəfil zad kimi peyda oldu. Özü də yaşıl meydanın tən ortasında. Günahların hamısı Yerevandadı. Ermənilərin müvəqqəti məskunlaşdığı bu şəhər yazıya hardan gəlib düşdü, əslində mən UEFA yazmaq istəyirdim. Fransız Mişel Platininin rəhbərlik etdiyi qurum əvvəldən desəydi ki, “Qarabağ”ın “İnter”lə oyununa Ermənistandan olan baş hakim Miroslav Zelinkanı göndərmişik, biz də işimizi bilərdik. Deyərdik ki, olmasın Andranik Arsenyan, olsun Miroslav Zelinka, ilanın ağına da lənət, qarasına da.   

 

Milliyyətcə çex olduğu güman edilən Miroslav Zelinka “Qarabağ”ımızın halalca haqqını oğurladı. Ağdam futbolçuları İtaliya “İnter”ini məğlub etsələr də baş hakim qələbə topunu saymadı və Azərbaycan klubu Avropa Liqasının 1/16 final mərhələsinə adlaya bilmədi. Başını itirmiş baş hakimin yanlış qərarı bütün aləmi qatdı, qarışdırdı. Eşitdiyimə görə, kimsə sosial şəbəkələrdə yazıb ki, “Qarabağ”la “İnter” arasındakı oyunun qəhrəmanı çex hakim Zelinkanın anası olub. Nə bilim vallah...

 

Neçə gündür mətbuat, futbol aləmi, bu məsələdən xəbəri olan, olmayan hamı “Qarabağ”a, Azərbaycan futboluna edilən haqsızlıqdan danışır, matçın baş hakimini, onu bura çex adı ilə göndərənlərin nəsli-nəcabətini yaş yuyub, quru sərir. Əcəb də edir. 

 

Bizim futbol hakimlərimiz də bu müzakirəyə fəal qoşulublar. Məlum hadisədən sonra bizim ədalət təmsilçilərinin verdiyi açıqlamaları bir yerə toplayan olsa rahatca qalın kitab müəllifi ola bilər. Əslinə baxanda, burada qəribə heç zad yoxdu. Bu sahəni bilən adamlar danışırsa, nəyi pisdir ki? Adətən bizdə tərsinə olur, göz həkimi nüvə texnologiyası, fizik toy biznesi, yol mühəndisi açıq ürək əməliyyatı barədə hökm verir. Yaxşı ki, indi futboldan heç olmasa elə futbol hakimləri danışır. Amma...

 

Bu gün gözəl-göyçək premyer-liqamızda 10-15 hakim var. İdarə etdikləri hər oyunda da bir vaqon irili-xırdalı səhv buraxırlar. Matç zamanı, oyundan sonra söyüş, qarğış əlindən qulaq tutulur. Hakimlərimizi daha haralara göndərmirlər ki... Sonra da başlayır, müzakirə, umu-küsü. Bu müzakirələrdə ədəbiyyatşünaslar demişkən, bir fikir qırmızı xətt kimi keçir-hakim də insandı, səhv edə bilər. 

 

Bu gün gözəlim məmləkətdə “Hakim də insandı, səhv edə bilər” cümləsi ilə az qala yekə bir biznes quranlar var. Və həmin adamlar “Qarabağ”ı halal vəsiqədən məhrum edən çex şərəfsizin qiyabi məhkəməsində əsas söz sahibi kimi çıxış edir, Zelinkaya kəsilən ölüm hökmünü öz imzaları ilə təsdiq edirlər. İlkin təəssüratım belədi- hakimlərimiz Çexiyadan olduğu güman edilən Miroslav Zelinkanın qanını içməyə belə hazır kimi görünürlər. 

 

Camaatımız belə hesab edir ki, Zelinka “Qarabağ”a ermənilərdən də böyük pislik etmək istədi və buna nail oldu. Bu üzdən də hamımız onun baş hakim kimi idarəçiliyini tənqid edir, hətta təhqirlərdən çəkinmirik. Çünki Zelinka kimi hakim bu söyüşləri haqq edib, özü də lap geninə-boluna. Hakimlərimizin bizim xora niyə qoşulduqlarını anlaya bilmirəm. Ayın hər gününü demirdiniz ki, hakim də insandı, səhv edə bilər, bəs nə oldu, arkadaşlar? Kurallar dəyişdimi? 

 

Biz deyirik ki, təkcə “Qarabağ”a və Azərbaycana deyil, bütün dünya futboluna bunca yamanlıq edən hakim insan ola bilməz.

 

Lütfən, siz də mövqeyinizi dəqiqləşdirin. Çexiyadan olduğu güman edilən Miroslav Zelinka insandırmı?   

 

Etibar Cəbrayıloğlu “Het-trik news” qəzeti

Xəbər xətti