Babək Quliyev: "Rövnəq Abdullayevə, Elxan Məmmədova demək istəyirəm ki, ayılın"

13:20 - 16 Dekabr 2014

"Xaqani Məmmədov bir çox hakimlərin evini yıxıb"

 

Artıq bildiyiniz kimi, ən perspektivli hakimimiz sayılan Anar Salmanovun adı FİFA hakimlərinin siyahısından çıxarılıb.

 

Sportal.az xəbər verir ki, “Futbol+” bu məsələ ilə bağlı müstəqil Azərbaycan futbol tarixinin ən güclü hakimlərindən sayılan Babək Quliyevin fikirlərini öyrənib: 

 

“Anar Salmanov kateqoriya adlamışdı. Bilirsiz, bu nə deməkdi? Avroliqada, Avropa çempionatlarında oyunlara təyinat ala bilər. Anarın 34 yaşı var. Gör nə vaxt adını siyahıdan çıxarıblar? Təlim-məşq toplanışına qatılsaydı, bəlkə də birinci kateqoriyaya yüksələrdi. Sizcə, 2-ci kateqoriyalı hakimi siyahıdan çıxarıb, əvəzinə 3-cü kateqoriyalı olanı salmaq nə dərəcədə düzgündü? Xaqani Məmmədov Azərbaycanda futbol hakimliyinin kökünü kəsən insandı. Bunu həmişə demişəm, indi də fikrimdə qalıram. Tahir Süleymanovu, İmanxan Sulatinini, Babək Quliyevi “vurdu”.

 

Üzümü AFFA rəhbərliyinə, konkret Rövnəq Abdullayevə və Elxan Məmmədova tutub demək istəyirəm ki, ayılın. Bu, Azərbaycan futbolunun, bir rəhbər kimi sizin adınıza mənfi hal kimi yazılır. Hətta Qazaxıstanın belə hakimi birinci istedadlar qrupundadı, Avroliqa oyunlarını idarə edir. Bu həddən artıq mənfi haldı. 6 il əvvəl deyəndə ki ay Rövnəq müəllim, bu belədi, bu elədi, elə-belə danışmırdım. Xaqani Məmmədov bir çox hakimlərin evini yıxıb. İndi də Anar Salmanovun başına belə iş gəldi. Bunun da arxasında yalnız düşmənçilik durur. Başqa nə ola bilər ki? Bu sualı ona vermək lazımdır ki, biz hakimlər ona nə etmişik? Hansı dövrdə irəli gedən hakimləri siyahıdan çıxarırlar? Anar Salmanov birinci istedadlar qrupuna daxil omağa potensiallı hakimdi.

 

Nə qədər ki, Xaqani Məmmədov Hakimlər Komitəsinin başındadı, hakimlikdə inkişaf görməyəcəyik. Görün onun işlədiyi 7 ildə hansı hakimimiz Avroliqanın qrup mərhələsinə təyinat alıb? Bunun üçün birinci kateqoriya lazımdı. Mən Cüneyt Çakır və bir çox hakimlər ilə eyni qrupda olmuşam. İndi görün onlar haralarda hakimlik edir? Mən də edə bilərdim. Məgər pis olardı? Futbolumuz adına müsbət hal idi. Hamısı paxıllıqdan, qısqanclıqdan irəli gəlir. Fikir verin, potensiallı hakimlərin hamısını “vurdu”. Yalan deyirəmsə, araşdırın. Rövnəq və Elxan müəllimi günahlandırmıram. Xaqani vaxtında onlara desəydi ki, məsələn, Babək Quliyevin və başqa hakimlərin potensialı var, onlar da fikirləşərdi. Xaqani deyir ki, guya FİFA-nın qaydalarına əsasən siyahıya adı salınan hakim premyer-liqada xeyli oyun idarə etməlidi, reytinqi yüksək olmalıdı. Hamısı boş şeydi. Siz təminat verə bilərsiz ki, Orxan Məmədov sabah Anar kimi hakimlik edəcək?"

Xəbər xətti