Bizim "geroy" deyir ki...
Azərbaycan xalqı bir Əkrəm Əylislini həzm etməmiş, ikinci bir Əkrəm Əylisli ortaya çıxıb. Özü də futbolumuzda. Əslində mənə görə, o, Əkrəm Əylislidən çox daha əvvəl Əkrəm Əylisli idi. Sadəcə, son açıqlaması ilə iç-üzünü açdı və açıq şəkildə bəyan etdi ki, düşməninizi tanıyın. Uzatmayacam, Gəray Qarayevi nəzərdə tuturam. Bilmirəm, ona azərbaycanlı deyim, ya yox, amma mən azərbaycanlı adını ona yaraşdırmıram. Əslində Qarayevin iç-üzünü hələ 12-14 il bundan əvvəl görmüşdüm. Amma bu haqda yazının sonunda.
Hazırda bütün Azərbaycan “Qarabağ”ın verilməyən təmiz qolundan, tapdalanan haqqından, yerə vurulan əziyyətindən danışdığı bir vaxtda Gəray öz aləmində “geroyluq” eləyib, düşüb ortaya və başlayıb Ağdam klubunu “baltalamağa”. Əslində onun simasında dəfələrlə “Qarabağ”a, Qurban Qurbanova qarşı aşkar qərəzi görmüşdüm. Lakin “Futbol plus” qəzetinə verdiyi son açıqlamasını oxuyanda hiddətləndim. (Anlamıram, "Futbol plus" tribuna verməyə başqa adam tapmadı da. )Yazını o anda yazmaq istədim, amma təhqir yazmayacağıma özüm-özümə zəmanət vermədiyim üçün son anda qərarımı dəyişdim. İndi də bu insana qarşı kinim, hirsim, nifrətim soyumayıb. Amma illərdi içimdə yığılıb qalan bu həqiqi nifrəti ortaya qoymalıyam. Çünki bunun üçün gözləməli başqa məqamım olacağını da düşünmürəm.
Birincisi, Qarayev jurnalistlərdən başlayıb və bildirib ki, jurnalistlər hadisələri şişirdirlər. Guya “Qarabağ”ın qrupda yığdığı xal və qazandığı nəticə bizə yetər. Sonra da Ağdam klubunun qrupda 3 qol vurduğunu, hücum xəttinin yox kimi olduğunu deyib. Qərəzin motivi elə burdan bilinir. Əgər “Qarabağ”a qarşı edilən haqsızlığa, vurulan təmiz qolun sayılmamasına, əlindən alınan 1/16 finalın vəsiqəsindən bütün dünyanın ən tanınmış idman nəşrləri, telekanalları yazırsa, danışırsa, burda hansı şişirdilmədən söhbət gedə bilər? Olan reallığı yazmaq nə vaxtdan hadisəni şişirtmək olub?
İkincisi, 3 qol vurdun yaxud, 5 qol, bunun məsələyə nə dəxli? Fakt odur ki, komandanın vurduğu qollar və qazandığı xallar növbəti mərhələ üçün yetərlidir. “İnter”ə vurulan qol da nəzərə alınsa idi, bu, artıq 4 qol olacaqdı. Həm də başa düşmürəm, “Qarabağ” tarixində ilk dəfə qatıldığı Avropa Liqasının qrupunda neçə qol vurmalı idi ki, 15? Məgər ora Azərbaycan çempionatıdır?
Ardınca daha bir savadsız açıqlama verərək deyir ki, “Dnepr” növbəti mərhələyə “Qarabağ”dan daha çox layiqdir. Bunu demək üçün ancaq bu ölkəyə, bu xalqa düşmən olmalısan. Qarayev deyə bilər ki, mən peşəkar kimi danışıram (tüpürüm o peşəkarlığa ki, vətənpərvərliyi üstələyir). Elə isə mən də peşəkar kimi danışacam. “Dnepr” 90 milyonluq büdcə ilə qrupdakı ilk qolunu 4-cü turda Bakıda “Qarabağ”a vurdu. Sonra getdi 10 nəfərlə oynayan “İnter”ə uduzdu və son turda şübhəli qolla “Sent Etyen”i məğlub etdi. Ümumilikdə qrupda 4 qol vurdu. “İnter”ə vurulan təmiz qol sayılsa idi, “Qarabağ” da 4 qol vurmuş olacaqdı. “Dnepr” “Qarabağ”ı Bakıda, “Qarabağ” da “Dnepr”i Ukraynada məğlub edib. Qarayev nəyə əsaslanıb “Dnepr”i növbəti mərhələyə layiq sayır?
Hücumçu məsələsinə gələk. Bunu hamı gördü ki, “Qarabağ” hansı heyətlə bu mübarzəni apardı. Komandanın əsas “silahları” olan Reynaldo, Cumbinyo, Dias zədə səbəbindən demək olar 70-80 faiz oyunlarda “Qarabağ”a kömək edə bilmədilər. Qurban Qurbanov məcbur olub müdafiəçini hücuma buraxıb xal götürürdü. Bu cür əzmlə vuruşan, döyüşən bir məşqçiyə, komandaya “AFƏRİN" deməkdən ona səhv tutub tənqid etmək ancaq düşmən xislətində ola bilər.
Sərsəmləmələr bundan sonra da davam edir. Bu üzdəniraq “azərbaycanlı" deyir ki, qol epizodunda ofsayd var idi. Bunun futboldan anlayışı varsa, mən gedirəm kosmosa uçmağa. Bütün dünyanın idman mediası, hətta UEFA-nın özü, hətta düşmən Ermənistan mətbuatı da etiraf etdi ki, “Qarabağ”ın vurduğu qol təmiz idi və orda heç bir oyundankənar vəziyyətdən söhbət gedə bilməzdi. Amma futbolumuzun Əkrəm Əylislisi bu epizodda hakimə haqq verir. Təsəvvür edin, haqsızlığın miqyası o qədər böyükdür ki, ən qatı düşmənimiz olan ermənilər belə, insanda vicdan deyilən bir şeyin olduğunu anlayıb həqiqəti yazıblar. Amma bizim “geroy” ermənilər qədər də olmadı. Hansı ki, özü də qarabağlıdır. Elə Qarabağı da belələrinin ucbatından itirdik də.
Sonra sual verir ki, “Qarabağ” sən nə etmisən ki, son dəqiqədə vurduğun qolun mübahisəsini aparırsan”. Elə burdan mən də Qarayevə sual verirəm ki, ay vicdansız, sən özün Azərbaycan futbolu üçün nə etmisən ki, bu gün Azərbaycanın, Qarabağın haqq səsini bütün dünyaya çatdıran bir kluba ləkə yaxırsan?" “Qarabağ” Azərbaycan azarkeşinə ilk dəfə qrupda qələbə sevinci yaşatdı, Almaniya, Avstriya, Hollandiya, Belçika, Fransa kimi ölkələrin mətbuatında Ağdamın, Qarabağın ermənilər tərəfindən işğal olunmasına dair cümlələrin getməsini təmin etdi, il boyu bu ölkə insanına sevinc bəxş etdi. Sən nə etmisən ki, qalxıb bu cür uğurlara kölgə salırsan? Səni də yaxşı tanıyırıq. Sənin fiziki hazırlıq keçdiyin AZAL-a Böyükağa Hacıyevin “Neftçi”si 7 qol vurdu. Getdin “Ərzurumspor”da işlədin “Qalatasaray” 7:0 udub göndərdi evinə. Sən Azərbaycanı ölkə xaricində bu cür təmsil etmiş birisən, bəlkə bunu xatırlayasan? Sən "B" kateqoriyasından imtahan verib kəsilmiş, “tandem”ə, “tendem” deyən birisən, amma bu gün gəlib Avropa Liqasının qrupuna düşmüş məşqçini tənqid edirsən. Bir vaxt deyirdin ki, Qurban Qurbanov güclü məşqçidirsə, getsin qrupa düşsün, nə bilim, “Borussiya”nı udsun. Qrupa da düşdü, “İnter”i də uddu, “Dnepr”i də uddu, hər iki oyunda “Sent Etyen” kimi Fransa Liqasının ilk “dördlüy”ündə olan köklü komandaya uduzmadı, amma sənin məkrli qərəzin yenə davam edir.
Əkrəm Əylisli özünü erməniliyə qoydu və öz aləmində düşündü ki, bəlkə ona da “Nobel” mükafatı verələr. Ay bədbəxt, sən nəyin naminə xalqını satırsan? Deyirsən ki, müdafiə xətti zəif idi, rəqib uzaqdan iki dəfə zərbə vurdu yaxşı ki, onu da Şehiç qaytardı. Savadın burdan bilinir e. “İnter” kimi komanda sənə uzaqdan iki zərbə vurubsa bu, onu göstərir ki, “Qarabağ”ın müdafiə xətti 90 dəqiqə səhviz oynayıb və rəqibə cərimə meydançasına daxil olub təhlükə yaratmağa imkan verməyib. İki zərbəyə gəlincə, “İnter” kimi komanda sənə 90 dəqiqə ərzində iki dəfə uzaqdan zərbə vurubsa, bu, “zapadlodu”? Qərəz qərəz də olsa, onun da sonuncu mərtəbəsi olmalıdır axı.
Bundan başqa, bizim “geroy” deyir ki, “sən niyə uzatma dəqiqələrində qol vurursan, bunu erkən etmək lazım idi”. Anlaya bilmirəm, hansısa kitabda elə bir qayda yazılıb ki, növbəti mərhələyə keçmək üçün qolu mütləq 90-cı dəqiqəyə kimi vurmalısan? Onda biz gərək “Mançester Yunayted”in 1999-cu ildə qazandığı Çempionlar Liqasının kubokunu onların əlindən alaq.
Deyirsən ki, “Qarabağ” istər futbolçular, istərsə də məşqçilər heyəti olaraq, növbəti mərhələyə hazır deyildi. Necə hazır deyildi ki, komanda son tura 2-ci pillədə qədəm qoymuşdu? Kiyevdə şübhəli qol olmasa idi, “Qarabağ” hətta heç-heçə ilə də növbəti mərhələyə keçirdi. Anormal açıqlama görmüşəm, amma beləsini görməmişdim. Sual verir ki, Reynaldo, Cumbinyo (əminəm ki, efirdəki kimi, burda da Çümbinyö deyib, sadəcə, redaktədə düzəldilib) hardaydı, Vüqar Nadirov niyə zədələndi? Əgər bu adam Cumbinyo və Reynaldonun hələ də harda olduğunu, Vüqar Nadirovun niyə zədələndiyini bilmirsə, ona heç tribuna verməyinə dəyməz.
Sonda təklif edərdim ki, qoy, Ermənistan hökuməti düşmənin belə, etiraf etdiyi bir həqiqəti adamın üzünə durub danan ermənipərəst bu adama Ermənistan vətəndaşlığını versin və onun Ermənistanda yaşamasını təmin etsin. Çünki Gəray Qarayev hələ çoxdan Ermənistanda yaşamağın və işləməyin arzusunda olub. İllərlə yaşadığı bu arzusunu onun gözündə qoymayın. Bilirəm, sual yaranacaq. Odur ki, yazının girişindəki məqamı açıram.
Deməli, təxminən 12-14 il bundan qabaq “Futbol plus” qəzeti belə bir sorğu keçirmişdi ki, bəs ermənilər hər sahədə olduğu kimi, futbolda da oğurluq edirlər və iddia edirlər ki, Azərbaycanda futbolun yaranma tarixi onların adı ilə bağlıdır. Mənfur düşmənə cavab vermək üçün bizim futbol adamlarımız hərəkətə keçməli, futbolumuzun tarixi ilə bağlı tutarlı faktlara söykənən kitab yazmalıdır. Həmin sorğuda iştirak edənlərdən biri də məhz Gəray Qarayev idi. Sizcə, Qarabağda, Zəngilanda doğulan, torpağı düşmən altında olan Qarayev hansı cavabı versə yaxşıydı? “İdmanı siyasətə qatmıram. Mən peşəkar mütəxəssisəm. Həm də ki, mən oturum kitab yazım, sabah da müharibə qurtarar, arada sülh olar və birdən o zaman mənə Ermənistandan işləmək təklifi gəlsə neyləyərəm?”. Sizcə, belə bir insanın Azərbaycan torpağında gəzməyə, onun havasını udub suyunu içməyə haqqı var?
Anar XANLAROV/Rekord.az
saytlarin hazirlanmasi