"Çünki o mənə cavab qaytarmışdı"
Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edən “Xəzər Lənkəran” uzun fasilədən sonra ev oyununu doğma məkanda keçirib. Amma matç qonaqların qələbəsi (2:3) ilə başa çatıb. Sportal.az xəbər verir ki, oyundan sonra cənub klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov apasport.az saytının suallarını cavablandırıb.
- Uzun fasilədən sonra rəqibinizi doğma meydanda qəbul etsəniz də sonluq uğursuz alındı. Səbəbini izah edə bilərsinizmi?
- Bu matçda qələbə də qazana bilərdik. Erkən qol buraxsaq da, sonradan bərabərlik topunu vurduq, hətta hesabda önə də keçdik. Ancaq 2 səhv etdik ki, rəqib də dərhal bundan yararlandı.
- Qələbə hesabını qorumaq üçün sizdə nə çatmadı?
- Bəxtimiz gətirmədi. Həqiqətən də 2 qolu adi səhvlərdən buraxdıq. Sonuncu top isə öz oyunçumuzun başına dəyib tora daxil oldu.
- Gərginlik nə ilə bağlı idi? Hakimin qərarlarının da təsiri oldumu?
- Hakim elə də ciddi səhvlərə yol vermədi. Oyunun ağırlığına görə, gərginlik də olmalı idi. İki iddialı komanda qarşılaşırdı və heç kim uduzmaq istəmirdi. Evdə mübarizə aparırdıq və hər iki komanda epizodlara görə iradını bildirirdi.
- Əvvəlki oyunlarda komanda yoldaşınız müdafiə xəttində problemlərin olduğunu bildirmişdi. Bunu çərçivəyə də aid etmək olar?. Siz necə düşünürsünüz, bütün mövqeləri gücləndirməyə ehtiyac varmı?
- Bu haqda məşqçilər korpusu düşünməlidi. Qarşıdan transfer dövrü gəlir. Nəsə etmək lazımdı.
- Bakıdakı oyunlarınızı süni örtüklü meydançalarda keçirirdiniz. Yeni təbii ot örtüklü meydançanız necə, yaxşı vəziyyətdədirmi?
- Açığı, meydanca ağır vəziyyətdə idi. Torpaq sanki adamın ayağının altından qaçırdı. Bunu hər iki komanda hiss etdi. Həm də süni örtükdən sonra birdən-birə bu cür meydana çıxmaq çox çətindi. Öyrəşmək olmur.
- Meydançada adaşın Rəşadla tez-tez mübahisə edirdiniz...
- Mübahisə etmirdim. Onunla hər zaman söhbət edirik. Amma Maksimə qarşı kobud oynadım. Çünki o mənə cavab qaytarmışdı. Mən də buna görə ona qarşı kobudluq etdim. Oyundan sonra isə əl verib, görüşdük. Aramızda baş verənlər meydançada qaldı.
saytlarin hazirlanmasi