Yaxınlarda əcnəbi idman portallarından birində Avropanın aparıcı futbol çempionatlarında cari mövsümdə penaltidən ən çox fərqlənın oyunçuların siyahısı dərc olunmuşdu. Siyahıya Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı futbolçu bu mövsümdə 8 dəfə penaltidən fərqlənib. 5 dəqiq penalti zərbəsi ilə Raul Verhaq (“Ausburq”) ikinci, hərəyə 4 belə qolla Serxio Aquero (“Mançester Siti”) və Geremi Menez (“Milan”) üçüncü yerdədilər.
Penalti vurmaq göründüyü qədər də asan iş deyil. Burada əsas məsələ zərbəni yerinə yetirən futbolçunun ustalığından çox onun psixoloji durumu daha çox rol oynayır. Aparılan araşdırmalara görə, orta hesabla hər 6 penaltidən 1-i qolla nəticələnmir. Dünyanın ən güclü futbolçuları da karyeraları ərzində penaltini heç olmasa, bir dəfə dəqiq yerinə yetirməyiblər. Yeri gəlmişkən, Azərbaycan futbolunda da penalti ustaları az olmayıb. SSRİ dövrundə “Neftçi”nin şərəfini qorumuş olimpiya çempionumuz İqor Ponomaryovun adını çəkə bilərəm. O, SSRİ çempionatları tarixində ardıcıl 24 dəfə penalti zərbəsini dəqiq yerinə yetirməklə rekordçudur. Bununla belə, Ponomaryov da 3 dəfə penaltini dəqiq yerinə yetirə bilməyib. Amma elə futbolçular var ki, onlar on bir metrdən 100 faiz istifadə ediblər. Məsələn, ispan Qaiska Mendyetanı qeyd etmək olar. Bu yazımızda penalti ustalarından bəhs edəcəyik. Tanış olacağımız ilk usta da elə Mendyeta olacaq.
Qaiska Mendyeta
Bir vaxtlar “Valensiya”nın əvəzolunmaz futbolçusu hesab edilən Qaiska Mendyeta əslən Bilbaoludur. Bu klubda ilk günlər yarımmüdafiənin cinahında oynayan Qaiska Klaudio Ranyerinin gəlişindən sonra daha çox meydanın mərkəzində yer almağa başladı. Ektor Kuperin vaxtında isə komandada pleymeyker rolunu oynayırdı. 2000 və 2001-ci illərdə “Valensiya”nın Çempionlar Liqasında finala kimi irəliləməsində Mendyetanın əməyi az olmamışdı. Təsadüfi deyil ki, UEFA onu ən yaxşı yarımmüdafiəçi elan etmişdi. Bundan sonra “Real”ın heyətinə cəlb etmək istədiyi futbolçunun yeni komandası Madrid klubu deyil, “Latsio” oldu. Burada sönük çıxışı ilə yadda qalan Mendyeta ardınca “Barselona”da icarə əsasında çıxış etdi. 2007-ci ildə karyerasını ortabab “Midlsbro”da başa vurdu.
40 yaşlı veteran əsl penalti ustası olub. Mendyeta zərbə üçün topa yaxınlaşanda heç vaxt ona baxmırdı. Onun görmə bucağı geniş olduğundan topa uzaq məsafədən yaxınlaşır və zərbəyə qədər qapıçının hərəkətlərinə fikir verirdi. Əgər qapıçının hansı səmtə atılacağını dəqiqləşdirə bilmirdisə, o halda bir qədər qüvvətli zərbə ilə topu güncə vururdu. Yox, əgər səmti müəyyənləşdirirdisə, topa yüngül zərbə endirirdi. Və nəticədə topla qolkiper qapının əks günclərinə “uçurdu”.
Mario Balotelli
Karyerası ərzində Mario rəsmi matçlarda yerinə yetirdiyi bütün penaltiləri qola çevirməyi bacarıb. 6 dəfə “İnter”in, 9 dəfə “Mançester Siti”nin, 6 dəfə “Milan”ın və 4 dəfə İtaliya millisinin heyətində penalti vurmaq imkanı qazanıb və bütün hallarda da qalib tərəf Balotelli olub. Amma çoxları onun topa zərbə vurmamışdan qaydaları pozduğunu düşünür. Belə ki, Mario zərbədən əvvəl ani olaraq pauza edir. Bu, ona qapıçının hansı səmtə meyl edəcəyini müəyyən etmək üçün lazım olur. Ardınca isə... zərbə və qol.
Mett Le Tissye
Tanış ad deyil. Amma Mett də öz işinin ustası olub. Karyerası ərzində ancaq “Sauthempton”un formasını geyən Le Tissye 1994/95-ci illər mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı hücumçusu seçilib. Hər iki ayağı ilə güclü zərbə vurmağı bacaran hücumçu həm də əla texnikaya sahib olub. Karyerası ərzində 48 (bəzi mənbələrdə 49) dəfə penalti yerinə yetirib və cəmi bir dəfə hədəfdən yayınıb. Buna baxmayaraq, onun nəticəsini əla hesab etmək lazımdır.
Roberto Baccio
Roberoto Baccionun adı çəkiləndə ilk yada düşən 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatı olur. Həmin mundialın finalında oyunsonrası penaltilərdə topu qopayı deyil, azarkeşlərə göndərən Baccio əslində istedadlı futbolçu olduğu qədər də, əsl penalti ustası idi. Əfsanəvi futbolçu İtaliya A Seriyasında ən sərrast futbolçulardan biri olub. Baccio 205 qolla A Seriyası tarixində 6-cı pillədə qərarlaşıb. İtaliya millisinin isə 5-ci ən çox fərqlənən futbolçusudur. Onun daxili çempionatlarla yanaşı, beynəlxalq arenada yerinə yetirdiyi penaltilərin isə 86 faizi qolla nəticələnib.
Robin van Persi
Penalti vurmaq van Persi üçün əsl əyləncədir. “Arsenal”da olarkən hollandiyalı komandanın bütün penaltilərini yerinə yetirirdi. Demək olar ki, bütün hallarda da hədəfdən yayınmırdı. “Mançester Yunayted”ə keçəndən sonra isə bu işi komandanın lideri və kapitanı Ueyn Runinin vurduğundan van Pensini “ağ nöqtə”yə yaxınlaşan görmürük.
Frenk Lempard
Lempardın əsas üstünlüklərindən biri soyuqqanlı olmağıdır. Onun fikrincə isə, on bir metrlik cərimə zərbəsini vurmaq üçün daha çox təcrübə rol oynayır. Təcrübədə ki, Frenkdə nə qədər istəsən. Lempardın vurduğu penaltilərin faiz nisbəti 90-ı keçib. “Çelsi”nin əfsanəsi bu ilin əvvəllərində London klubundan ayrılıb və hazırda “Mançester Siti”nin futbolçusudur. “Siti”də isə bu işin öz ustaları var – Serxio Aquero və Yaya Ture. Bir sözlə, Lemparda ehtiyac qalmır.
Lionel Messi
Doğrudur, Leo bir neçə dəfə penaltini “zay” edib. Amma bu, onun penalti ustası olmaması demək anlamına gəlməməlidir. Messinin vurduğu penaltilərin 90 faizindən çoxu qolla nəticələnib. Digər tərəfdən istedadın cərimə zərbələrindən vurduğu qollar da az deyil ki, bu da Leonun standart vəziyyətlərin mahir ifaçısı kimi yadda qalmasına nədən olub.
Kriştiano Ronaldo
Nəhayət, gəlib çatdıq yazımızın səbəbkarına. Kriştiano penalti vurarkən onun gözəlliyindən çox dəqiqliyinə və zərbənin gücünə diqqət yetirir. Əksər hallarda topu qapının küncünə göndərən futbolçu bu zaman qüvvət cəhətdən xəsislik etmir. Ronaldo da Messi kimi bir neçə dəfə penatlini boşa verib. Amma faiz nisbətinə diqqət yetirsək, Messidən öndədir. Portuqaliyada da dəqiqlik 90 faizi keçir.
Hazırladı: Nemət AĞAYEV “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi