İngiltərə futbolunun "qızıl oğlan"ı YAZI

11:15 - 21 Dekabr 2014

Maykl Ceyms Ouen

 

30 iyun 1998-ci il. Fransada keçirilən dünya çempionatı. 1/8 final mərhələsində Argentina ilə İngiltərə milliləri qarşılaşırdılar. Oyunun 16-cı dəqiqəsinə kimi hesab 1:1 idi. Məhz həmin dəqiqədə ingilislərin hücumçusu Maykl Ouen rəqibin bir neçə futbolçusundan sıyrılaraq fantastik qol vurdu. Həmin qol sonradan mundialın ən yaxşı qolu seçiləcəkdi. Doğrudur, həmin matçdan sonra ingilislər çempionatla vidalaşdılar. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında da qapılara qollar vurulmadı. Penaltilər seriyasında isə cənubi amerikalılar sevinən tərəf oldular – 4:3. Ertəsi günü ingilislərin məğlubiyyətindən çox Ouenin vurduğu qol müzakirə mövzusu idi. Elə Mayklın özü də futbol ictimaiyyətinin diqqətini üzərinə çəkə bilmişdi. Həmin vaxt isə onun cəmi 18 yaşı var idi.

 

Dekabrın 14-ü Maykl Ouenin ad günü idi. İngiltərə və dünya futbolunda ad qoyan, FİFA-nın tərtib etdiiyi “100 ən yaxşı futbolçu” siyahısına düşən hücumçunun 35 yaşı tamam oldu. Beləliklə, “ulduz yazısı”nın qəhrəmanı  - Maykl Ceyms Ouen.

 

Maykl 1979-cu il dekabrın 14-də Çesterdə, keçmiş peşəkar futbolçu Terri Ouenin ailəsində dünyaya gəlib. Terri Ouen vaxtilə “Çester Siti” və “Everton” kimi klubların şərəfini qoruyub. Onun Maykldan başqa Terri və Endryu adlı 2 oğlu, Karen və Lesli adlı qızları olub. Mayklın 7 yaşı olarkən atası onu futbol məşğələlərinə yazdırıb və qısa zamanda oğlunun istedadlı uşaq olduğunu görüb. 8 yaşıda özündən 2 yaş böyük futbolçularla çıxış edən balaca Maykl bir mövsümdə 97 qol vurmaqla İan Raşın 20 illik rekordunu 25 qol yaxşılaşdıraraq gələcəkdə böyük futbolçu olacağına işarə verib. Bundan başqa o, 11 yaşına kimi komandaların hər birində çıxış etməklə Hari Spidin də rekordunu yeniləyib. 1991-ci ildə İngiltərənin bir çox top-klublarının, o cümlədən, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted”in  diqqətini cəlb edən gənc istedad “Liverpul”u seçmək qərarına gəlir. Əslində, bu seçim onun yox, atasının idi. 1996-cı ilə kimi “Liverpul”un müxtəlif yaş qruplarından ibarət komandalarında oynayan Mayklın vurduğu qollar və oyunu tezliklə əsas komandada debüt etməyə əsas verirdi. 1996-cı ilin dekabrında – 17 yaşını “Liverpul”la bağladığı ilk peşəkar müqavilə ilə qeyd edən Ouen Devid Bekhem, Pol Skoulz, Robbi Fauler ilə birlikdə İngiltərənin gən perspektivli futbolçularından hesab olunurdu. 

 

Mayklın “Liverpul”da debütü 1997-ci il mayın 6-da baş tutdu. Həmin gün onun komandası Preymer Liqa çərçivəsində “Selhert Park”da “Uimbldon”a qarşı oynayırdı. Maykl qarşılaşmada hesabı açmaqla komandasını önə keçirsə də, “Liverpul” məğlub oldu – 1:2. Buna baxmayaraq 17 yaşlı gənc oyunun ən yaxşısı adına layiq görüldü. Avrokuboklardakı ilk qolunu isə növbəti mövsümün startında UEFA Kuboku uğrunda “Seltik”lə matçda vurdu. Həmin mövsümün gedişində “Qrimsbi Taun”la Liqa Kuboku uğrunda görüşdə het-trik edən Maykl az sonra İngiltərə millisinə dəvəl olundu. Ümumiyyətlə, 1997/98-ci illər mövsümü onun üçün çox uğurlu alındı. Vurduğu qollar sayəsində hələ mövsümün gedişində “Liverpul” gənc ulduzuna yeni 5 illik müqavilə təklif etdi.  Mayklın həftəlik qazancı 10 min funt-sterlinq təşkil edirdi ki, bu da 20 yaşınadək futbolçular arasında rekord idi. Ouen mövsüm ərzində 23 qol vurdu və BBS-nin versiyasına görə İngiltərədə “İlin idmançısı” adına layiq görüldü. 

 

1998/99-cu illər mövsümü də onun üçün uğurlu başladı. “Nyukasl”la (30 avqust) oyundakı het-trik və “Nottingem Forest”lə matçdakı (24 oktyabr) poker Mayklın daha böyük uğurlar qazana biləcəyinə işarə idi. Amma 1999-cu ilin aprelində “Lids”lə oyunda dizindən aldığı ağır zədə onu yarım illiyə futboldan ayrı saldı. Buna baxmayaraq, Maykl mövsüm ərzində vurduğu 23 qolla birinciliyin bombardiri adına sahib çıxdı. 

 

Zədə səbəbindən 1999/2000-ci illər mövsümündə komandaya gec qoşulan futbolçu özünə təzə-təzə gəlməyə başlamışdı ki, yenidən 2 aylığa sıradan çıxdı. Mövsümü boşa verməsinə baxmayaraq, onun aktivində 12 qol var idi. 

 

2000/2001-ci illər mövsümü həm Ouen, həm də “Liverpul” üçün fantastik alındı. “Liverpul” həm İngiltərə Liqa Kubokunu, həm də İngiltərə Kubokunu qazanmaqla yanaşı daha böyük bir uğura imza atıb. Belə ki, komanda UEFA Kubokunun finalında İspaniyanın “Alaves” komandasını 5:4 hesabı ilə məğlub edərək kuboku muzeyinə apardı. Mayklın bu uğurlardakı payı az deyildi. Hələ bu harasıdır, İngiltərə Superkuboku uğrunda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub etdikləri matçda həlledici qolu qəhrəmanımız vurmuşdu. UEFA Superkuboku uğrunda matçda isə qalib yenə də “Liverpul” olmuşdu. Ouenin komandası “Bavariya”nı evə əliboş yola salmışdı – 3:2. Təbii ki, bu uğurların və sərgilədiyi oyun sayəsində Avropanın ən yaxşı futbolçusu seçildi və “Qızıl top”a layiq görüldü. 

 

Növbəti 2 mövsümdə məzmunlu oyunla yadda qalan Ouen komanda ilə cəmi 1 mükafat qazana bildi. Liqa Kuboku uğrunda final görüşündə “Mançester Yunayted”ə qalib gələrək medallarının sayını bir dənə də artırdı. Yeri gəlmişkən, həmin oyun 2:0 hesabı ilə başa çatmışdı və qolları Mayklla Stiven Cerard vurmuşdular. 

 

Mayklın “Liverpul”dakı son ili o qədər də uğurlu alınmamışdı. Mövsümün əvvəlində zədə almasına rəğmən 19 qolla komandasının bombardiri olmağı bacarmışdı. UEFA Kuboku uğrunda Sloveniya “Olimpiyası” ilə oyunda (1:1) vurduğu qolla İan Raşın rekordunu yeniləmişdi. Rekordla bağlı daha bir məlumat – 29 dekabr 2001-ci ildə “Vest Hem”lə görüşdə fərqlənməsi onun 100-cü qolu kimi tarixə düşdü. Mövsüm ərzində dəfələrlə Mayklın klubdan ayrılacağı ilə bağlı xəbərlər gündəmə gəlirdi. Bu da əsassız deyildi. Avropa nəhəngləri hər vəchlə Oueni heyətlərinə qatmağa çalışırdılar. Maykl özü dəfələrlə bu xəbərlərə münasibət bildirərkən, “Liverpul”da qalmaq istədiyini bəyan etsə də, deyəsən, klub bunda maraqlı deyildi. 2003/04-cü illər mövsümü başa çatdıqdan sonra komandanın baş məşqçisi Jerar Ulye istefaya göndərildi və onu bu postda Rafael Benites əvəzlədi. Benitesin ilk işi İngiltərə millisinin heyətində Portuqaliyada Avropa çempionatına hazırlaşan Ouen və Cerardla söhbət oldu. O, hər iki futbolçunun yeni müqavilə  imzalamasının tərəfdarı olsa da, nədənsə, həmin söhbətdən sonra Ouen doğma klubunu tərk etdi. Yeni klubu isə “Real” idi.

 

“Real”

 

Hələ 2002-ci ildən etibarən “Real”ın prezidenti Florentino Peres Mayklı təqib edirdi. Peres dünyanın ən yaxşı futbolçularını komandasına gətirmək istəyirdi. Onların arasında Maykl Ouenin də adı var idi. Doğrudur, Peres “Qalaktikos”u yarada bildi. Amma Ouen “Qalaktikos”a 2 il gec qoşuldu. 2004-cü il avqustun 13-də tərəflər 8 milyon funt-sterlinq məbləğində müqaviləyə imza atdılar.  “Real”dakı ilk mövsümdə əsasən ehtiyat oyunçular skamyasında şansını gözləyən hücumçu oyunlara az-az qoşulmasına baxmayaraq 16 qol vurmağı bacardı. Ehtiyatda oturmağa gəlincə, bu, başadüşülən idi Axı, o vaxt “Real”ın əsas heyətində Ronaldo, Raul, Luiş Fiqu, Zinəddin Zidan, Devid Bekhem kimi ulduzlar yer alırdı. 

 

2005-ci ilin yayında Maykl gözlənilmədən “Real”dan ayrılmaq istədiyini bəyan etdi. Buna səbəb komandaya Robinyo və Baptistanın transfer edilməsi göstərilirdi. O, yenidən “Liverpul”a qayıtmaq isətəsə də, pul məsələsi buna əngəl oldu. “Real” futbolçuya görə qarşı tərəfdən 11 milyon funt-sterlinq tələb edirdi. “Liverpul” isə bu məbləği ödəməkdən imtina etdi. Baş məşqçi Rafael Benites də onu komandasında görmək istyirdi və bu üzdən Maykla yanvara kimi gözləməyi xahiş etsə də, futbolçu xahişi rədd edərək 2006-cı ildə keçiriləcək Dünya çempionatında İngiltərə millisinin heyətinə düşmək üçün ona görə 11 milyon ödəməyə razı olan “Nyukasl”ı seçdi. 

 

“Nyukasl”

 

Yeni klubunda çıxış etdiyi 4 il ərzində Maykl demək olar ki, heç nə ilə yadda qalmadı. 2006/07-ci illər mövsümünü zədə üzündən boşa verən futbolçu heç cür özünü göstərə bilmirdi. 2008/09-cu illər mövsümündə “Nyukasl”ın  Premyer Liqada qalmasına Ouen də kömək edə bilmədi. Nəticədə “Nyukasl” aşağı dəstəyə, Maykl isə başqa kluba keçdi.

 

“Mançester Yunayted”

 

Maykl “qırmızı şeytanlar”a azad agent statusu ilə gəlmişdi. Yeni komandasında Kriştiano Ronaldonun gedişindən sonra boş qalan 7 nömrəli futbolkanı seçən hücumçu yenidən İngiltərə millisinə dəvət almaqdan ötəri dəridən-qabıqdan çıxırdı. Amma əvvəlki formasından çox uzaq olması onun bu arzusunu ürəyində qoydu. “Mançester Yunayted”də 3 mövsüm çıxış edən futbolçu cəmi 3 mükafat qazana bildi. Əlbəttə, bu mükafatların əldə olunmasında onun əməyi o qədər də çox deyildi.  Söhbət Liqa Kuboku və Superkubokdan gedir. İngiltərə çempionu olması isə onun üçün əls hədiyyə idi. 2010-ci il mayın 17-də Ouen klubun ona yeni müqavilə təklif etməməsini əsas gətirərək, “Mançester Yunayted”dən ayrıldığını bəyan etdi. Həm də müqavilə müddəti başa çatdığından o, azad agent idi. 

 

“Stok Siti” 

 

Həmin il sentyabrın 5-də Mayklın yeni komandası məlum oldu. O, “Stok Siti” ilə 1 illik müqavilə imzaladı. Yeni komandasında “Suonsi”yə qarşı ilk oyundaca fərqlənməsi onun Preymer Liqada vurduğu 150-ci qol kimi də əlamətdar idi. Bununla da Ouen Alan Şirer, Endi Koul, Tyerri Anri, Robbi Fauler, Frenk Lempard və Ueyn Runidən sonra bu həddə çatan 7-ci futbolçu oldu. Ötən il martın 19-da futbolçu özünün rəsmi saytında 2012/13-cü illər mövsümü başa çatdıqda peşəkar futbolçu karyerası ilə vidalaşacağı barədə məlumat yerləşdirdi və sözünün üstündə dayandı. “Suonsi” forması ilə cəmi 9 oyunda (8-i Premyer Liqa olmaqla) meydana çıxan Ouenin son çıxışı mayın 19-da “Sauthempton”la oyunda oldu. 

 

Milli karyerası

 

Maykl Ouen millinin heyətində 89 oyunda meydana çıxıb, 40 qol vurub. Bununla da Bobbi Çarlton (49 qol), Hari Liniker (48), Ueyn Runi (46) və Cimmi Qrivzdən (44) sonra 5-ci pillədə qərarlaşıb. 

 

Maykl ilk dəfə millinin formasını 20 yaşında geyinib. 1997-ci ildə gənclərin dünya çempionatında iştirak edən Ouenin əsas komandada debütü 1998-ci il fevralın 11-də Çili ilə yoldaşlıq oyununa təsadüf edib. 1998, 2002 və 2006-cı illərdəki mundiallarda və 2000, 2004-cü illərdəki Avropa çempionatlarında İngiltərə millisinin heyətində yer alıb. Onun yığma komandadakı son oyunu isə 2008-ci ilin martında fransızlarla yoldaşlıq matçı olub. Fransa ilə  matçdan sonra baş məşqçi Fabio Kapellonun “qara siyahısı”na düşən futbolçu nəinki Avropa çempionatına aparıldı, hətta bir daha yığmaya çağrılmadı.

 

Millidə ən yaddaqalan oyunu barədə yazının girişində bəhs etmişdik. Ondan başqa Maykl 2 dəfə het-trik etməklə də yadda qala bilib. Birinci dəfə Almaniya (1 sentyabr, 2001. 5:1), ikinci dəfə isə Kolumbiya (31 mart 2005. 3:2) oyunlarda. 

 

Nailiyyətləri

 

“Liverpul”la İngiltərə Kuboku (2001), İngiltərə Superkuboku (2001), UEFA Kuboku (2000/01) və UEFA Superkubokuna sahib çıxmaqla yanaşı 2 dəfə də Liqa Kubokunu (2000/01, 2002/03) başı üzərinə qaldırıb. “Mançester Yunayted”də isə Liqa Kuboku (2009/10) və İngiltərə Superkubokunu (2010) qazanıb, həmçinin, İngiltərə çempionu (2010/11) olub. 

 

Şəxsi mükafatlara gəlincə, onların sayı çoxdur. Ən samballısı 2 dəfə İngiltərə birinciliyinin bombardiri və 2001-ci ildə layiq görüldüyü “Qızıl top” mükafatlarıdır.

 

Statistika

 

Klub karyerası ərzində 362 oyunda 163 qol vurub. Klublar üzrə statistika aşağıdakı kimidir:

 

“Liverpul” (1996-2004) 216 oyun, 118 qol.

 

“Real” (2004-2005) 36 oyun, 13 qol.

 

“Nyukasl” (2005-2009) 71 oyun, 26 qol.

 

“Mançester Yunayted” (2009-2012) 31 oyun, 5 qol

 

“Stok Siti” (2012-2013) 8 oyun, 1 qol.

 

Şəxsi həyatı

 

Maykl 1984-cü ildən məktəbdə bir sinifdə oxuduğu Luiza Bonsalla ailə həyat qurub. Cütlük 2004-cü ilin 14 fevralında nişanlanıb, 2005-ci ilin 24 iyununda isə evləniblər. Onların 4 övladı var – Cemma Rouz (1 may 2003), Ceyms Maykl (6 fevral 2006), Emili (29 oktyabr 2007) və Cessika (26 fevral 2010). Ailə Flinşirdəki malikanələrində yaşayır. Mayklın bir neçə bahalı avtomobili və vertolyotu var. Hobbisinə gəldikdə isə, boş vaxtlarını atlarına sərf etməklə yanaşı, totalizatora da həvəs göstərir. İndiyə kimi bir neçə reklam rolikində çəkilməklə və idman verilişlərinə dəvət almaqla xeyli qazanc əldə edib. Mayklın bir neçə ləqəbi olub. Onlardan ən məşhuru “qızıl oğlan”dır. Maraqlı ayamalardan biri isə hərfi tərcümədə “bacarıqlı siçan balası” mənasını daşıyır. 

 

Hazırladı: Azər TAĞIYEV Het-trik news” qəzeti

Xəbər xətti