"Qarabağ"ın Maltadan başlayan yolu YAZI

13:30 - 23 Dekabr 2014

Üç gündən bir də oynamağı bacarırıq

 

Azərbaycanda hələ mövsüm indi yarılanıb, amma “Qarabağ” artıq bir mövsümlük hadisə, həyəcan və xatirələrlə dolu anlar yaşayıb. Qış fasiləsinə qədər 30-a yaxın oyuna çıxan Qurban Qurbanovun komandası bu dönəmi gözlədiyimizdən də, yaxşı keçirməyə nail oldu.

 

“Qarabağ” mövsümə Malta səfəri ilə başladı. ÇL-in 2-ci təsnifat mərhələsində “Valetta” üzərində qazandığı qələbə, ardından evdə “Valetta” və “Zalsburq” qələbələri ilə azarkeşləri sevindirdi. ÇL-də “Zalsburq” səddini keçmək alınmasa da, “Qarabağ” AL-də “Tvente”ni mübarizədən kənarlaşdırıb qrup mərhələsinə vəsiqə qazana bildi.

 

Bu mərhələdə “Qarabağ” heyətinə, büdcəsinə görə özündən çox-çox üstün klublarla mübarizə apardığı üçün imkan daxilində daha çox xal toplamaq ümidi ilə gözləyirdik qrup oyunlarını. Amma turnirin gedişində Qurban Qurbanovun döyüşkən komandası yaxşı mənada planlarımızı alt-üst etdi. Çexiyalı hakimlər bir az ədalətli olsaydı, “Qarabağ” artıq “play-off” oyunlarına hazırlaşacaqdı. Amma… Hər halda 6 xalla Avroliqaya şərəfli vida etməklə, ən azı qrup rəqiblərimizə yaxşı təsir bağışlamış olduq.

 

Ən maraqlısı odur ki, Avroliqada hər dəfə ölüm-dirim savaşına çıxan, zədələrdən əziyyət çəkən “Qarabağ” çempionat oyunlarını birnəfəsə keçirdi. Avroliqada “İnter”lə yaşanananlardan sonra “Qarabağ”ın psixoloji cəhətdən çempionat oyunlarına köklənə bilməyəcəyi deyilirdi. “Qəbələ” ilə səfər oyunundakı məğlubiyyət də buna işarə idi. Ancaq Qurban Qurbanovun komandası Lənkəranda əzmkar qələbə qazandı və hər şeyin qaydasında olduğunu göstərdi.

 

Qış fasiləsinə lider kimi yollanan Ağdam klubu 16 turdan sonra ən yaxın izləyicisi  “İnter”i 5 xal qabaqlayır. “Sumqayıt”la oyunda texniki məğlubiyyət olmasaydı, bu gün fərq artıq 8 xal olacaqdı.

 

Bütün bunlar onu göstərir ki, bizdə də hər iki cəbhədə mübarizə aparmaq gücündə olan klub var. Onun adı – “Qarabağ”!

 

Emin ABBASOV

Xəbər xətti