Robert Prosineçki AFFA-dan milyon istəyən futbolçunu yığmaya gətirir

11:10 - 26 Dekabr 2014

Millidə oynaya bilər

 

İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan yığmasında oynaya bilər.

 

Sportal.az xəbər verir ki, millinin yeni baş məşqçisi Robert Prosineçki 22 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

 

Belə ki, xorvatiyalı çalışdırıcının özü İsrafilovla əlaqə saxlayıb. O, gənc futbolçunu razı salmaq üçün Qranadaya getməyə də hazırdı. Prosineçki Eddinin azərbaycanlı anası ilə də bu məsələni artıq müzakirə edib. 45 yaşlı məşqçi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martda Malta ilə keçiriləcək oyuna qədər İsrafilovu yola gətirmək niyyətindədi.

 

Bununla bağlı İspaniya mətbuatına danışan Prosineçkinin köməkçisi Yanko Yankoviç məlumatı təsdiqləyib. O, İsrafilovu Azərbaycan millisinə gətirmək istədiklərini deyib: “Mümkün olan hər şeyi nəzərdən keçiririk ki, marta qədər heyəti gücləndirək. Bu siyahıda İsrafilovun da adı var. Anasının azərbaycanlı olması bizə kömək edir. Eddinin oyunlarını izləmişik və onun Azərbaycan yığmasına əlavə güc qatacağını düşünürük.

 

Qeyd edək ki, “Mursiya”nın futbolçusu olan İsrafilov “Qranada”da icarə əsasında çıxış edir. O, bir müddət öncə Azərbaycan millisində oynamaq üçün AFFA-dan 1 milyon avro istəmişdi. 

 

Mənbə: apasport.az

Xəbər xətti