Ötən həftə “Kəpəz”in ad g ününü qeyd elədik. Çay süfrəsi və yubilyarın adına hazırlanmış tort ilə xudmani məclisdə. Azərbaycanın ən köklü klublarından biri olan “Kəpəz”in 55 yaşı tamam olurdu. Məclisi hamımızın Adil dayı kimi tanıdığı “Xəmsə” fan-klubunun yaradıcısı və rəhbəri Adil Məmmədov təşkil etmişdi. Bəndənizə dediyi “kimsə yadına salmadı, il də başa çatır, məcbur olub ad gününü özüm təşkil edirəm” sözlərdən sonra baş qaşımağa vaxt olmadığı bir vəziyyətdə olsam belə, dəvəti qəbul etməməyim mümkün deyildi. Digər tərəfdən “Kəpəz”i həmişə doğma komandam kimi sevmişəm və Gəncə futbolunun indiki acınacaqlı vəziyyətində onun adına açılmış süfrədən imtina insafsızlıq olardı.
“Kəpəz” tarixini bəlkə də əzbər bilirəm. SSRİ çempionatlarındakı çıxışı, milli birinciliklərdə qazandığı uğurları sadalamaqla qurtarmaz. 1959-cu “Toxucu” adı ilə yaradılan klub sonradan “Dinamo” olmuşdu. “Dinamo” ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ Kubokunda Bakının “Neftyanik” və Kiyevin “Dinamo”sunu mübarizədən kənarlaşdırmaqla 1/4 finala kimi irəlimişdi. Bir qədər sonra, daha dəqiq 1968-ci ildə SSRİ çempionatının yüksək dəstəsində çıxış etməklə daha bir uğura imza atmışdı. Azərbaycanda “Neftçi”dən sonra yüksək dəstədə iştirak edən yeganə Azərbaycan klubuda “Dinamo” olub. Hələ Azərbaycan futbolunda ad qoymuş yetirmələrindən danışmıram. Sabir Məmmədov, Ruslan Abdullayev, Mübariz Zeynalov, Yaşar Babayev, Çingiz İsmayılov, Müzəffər Qasımov, Nizami Salahov, Nurəddin Əliyev, Mahmud Qurbanov, Vidadi Rzayev, Yunis Hüseynov, Vəli Qasımov... Hamısının adını bir yazıya yerləşdirmək mümkün deyil.
Azərbaycan müstəqillik qazandıqdan sonra da “Kəpəz” respublikanın ən “bərkgedən” klublarından idi. 3 dəfə çempion, 4 dəfə Azərbaycan Kubokunun qalibi olması dediklərimə sübutdur. “Kəpəz” adı gələndə həmişə 2 hadisəni xatırlayıram və onları sizinlə bölüşmək istəyirəm. Birinci hadisə 1994-cü ilə təsadüf edir. Amma əvvəlcə bir məqama toxunmaq istəyirəm. Bu gün Azərbaycan futbolunda tez-tez “derbi oyunu” sözlərinə rast gəlirik. Təəssüf ki, “Neftçi” ilə “Xəzər Lənkəran” və ya “Qarabağ” ilə “İnter” arasındakı oyunları bəzi həmkarlarımız məhz belə adlandırırlar. Əgər “Neftçi” Bakını, “Xəzər Lənkəran” isə Lənkəranı təmsil edirsə, bunun harası derbidir? Derbi əslində, eyni şəhəri və ya bölgəni təmsil edən iki komandanın qarşılaşmasına deyilir. Tarixə nəzər salmaq və kiçicik araşdırma aparmaqla “derbi” sözünün mənasını və necə yarandığını bilmək olar. Derbi İngiltərədə şəhərdir və 19-cu əsrin sonlarında bu şəhərin müxtəlif hissəsələrinin iki komandası arasında keçirilən matç zamanı haqqında bəhs etdiyimiz termin yaranıb. Başqa versiyalar da mövcuddur, amma onlar o qədər də inandırıcı deyil. Mətləbdən uzaq duşməyim. 1994-cü ildə “Kəpəz”lə Tovuzun “Turan” komandaları arasında keçirilən oyunları – əsl derbini yada salmaq istəyirəm. “Qərb derbisi”ni. Bir bölgəni təmsil edən iki müxtəlif şəhərin komandaları arasında keçirilən oyunlar həmişə böyük maraq kəsb edirdi. “Qərb derbisi”ni izləmək üçün nəinki Gəncə və Tovuzdan, habelə ətraf rayon və şəhərlərdən, hətta Bakıdan belə azarkeşlər gəlirdilər. Gəncə stadionu Tovuzdakından daha böyük idi və derbi ərəfəsində tribunalarda boş yer tapmaq mümkün deyildi. “Turan”dan başqa “Kəpəz”in qərb bölgəsinin digər təmsilçilərindən olan “Şəmkir”lə də oyunları böyük marağa səbəb olurdu. İkinci xatirə isə “Kəpəz”in UEFA Kubokunda Latviyanın “Ventspils”i ilə oyunu ilə bağlıdı. Müstəqillik qazandıqdan sonra ilk dəfə Gəncədə klublar arasında Avropamiqyaslı turnirin oyunu keçirilirdi. Bu, 1998-ci ildə baş vermişdi. O vaxtlar həm “Kəpəz”, həm də Gəncə stadionu möhtəşəm idi. İndi isə nə “Kəpəz”dən, nə Gəncə stadionundan əsər-əlamət qalmayıb. “Qərb derbisi”ndən də həmçinin.
İllər əvvəl deyilmiş “Gəncə Azərbaycan futbolunun Məkkəsidir”, “Nə qədər Gəncədə futbol olmayacaq, Azərbəyan futbolu da inkişaf etməyəcək” fikirləri ilə razıyam. Bunlar ad günü məclisində də səsləndirildi. Həmin məclisdə həmkarım Emin Tarverdiyev də maraqlı çıxış etdi və Gəncə futbolunu Eyfel qülləsinə bənzətdi: “Parisdə Eyfel qülləsi inşa ediləndə dahi fransız yazıçısı Gi de Mopassan buna qarşı çıxır. Qüllə hazır olandan sonra isə Mopassanı tez-tez qüllənin 2-ci mərtəbəsindəki kafedə görürlər. Səbəbini soruşduqda Mopassan Parisdə ancaq həmin yerdən Eyfelin görünmədiyini bildirir”. Həqiqətən maraqlı bənzətməydi. Doğrudan da Azərbaycan futboluna haradan baxsan, Gəncə futbolu görünəcək. Təkcə AFFA-nın binasından başqa.
Bu gün “Kəpəz” gününü “Kimsəsizlər evi”ndə yola verən yiyəsiz qocaya bənzəyir. “Kimsəsizlər evi” 1-ci dəstə, oranın sakinlərini dolandıran “dövlət” isə AFFA-dır. Heç həmin qocanın düz-əməlli evi də yoxdur. Gəncə stadionunu nəzərdə tuturam. Uçuq, təmirsiz, sınıq-salxaq stadionu. “Dövlət”, yəni, AFFA xeyli vaxtdır ki, həmin “evi” təmir edəcəyinə söz verib. Amma qocaların başını aldatmağa nə var?
Adil dayının qurduğu məclisdə də yadıma Ramiz Rövşənin məşhur şeirindən bir parça düşdü:
...Başından var-dövlət yağan ölkə nin
Bəxtəvər günündə dilənən qarı.
Heç kəs sığal çəkməz düm ağ saçına,
O gümüş telindən öpürəm sənin.
Qorxma, pul qoymuram sənin ovcuna,
Əyilib əlindən öpürəm sənin.
Yaxşı ki, Adil dayının timsalında “Kəpəz”i unutmayanlar var. Kimsəsizi, yetimi, kasıbı xatırladan “Kəpəz”i. Ad günün mübariək, “Kəpəz”! Şeirdə deyildiyi kimi, “əyilib əlindən öpürəm sənin”...
İlqar TAĞIYEV “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi