Torbadan çıxan məşqçi YAZI

15:40 - 29 Dekabr 2014

Şaxta Baba hədiyyə dolu torba ilə hazır vəziyyətdədi. Fit çalınan kimi gəlib torbasının ağzını açacaq. Onun nə gətirəcəyini hələ yazmaq istəmirəm, sürprizin dadını qaçırmaq yaxşı iş deyil axı. Həm də burda bir incə nüans var. 9 komandalıq Premyer Liqamızın yaraşığı sayılan Lənkəran azarkeşlərində torba sözünə müəmmalı həssaslıq var.

 

Şaxta Babadan fərqli olaraq “Xəzər Lənkəran” klubunun rəhbərliyinin səbri çatmadı. Bəzi futbolçuların transfer vərəqələrini qoltuqlarına verib yola saldılar. Hələ üstəlik dedilər ki, sizdən xeyir görən, Allahdan bəla görər. 

 

“Ağ-yaşıl” gəmini növbəti dəfə təmirə bağladılar. Klubun fanatları bu mövzulu xəbərlərə artıq çoxdan, lap çoxdan öyrəncəlidirlər, bu üzdən onları təəccübləndirmək olmur. Amma bu dəfə vəziyyət bir qədər fərqlidi, deyilənə görə, “Xəzər Lənkəran”ın təmirində yerli materiallardan istifadə olunacaq. Aradan çıxmayan, rəhbərlik tərəfindən qovulmayan və az maaşla oynamağa qane olan əcnəbiləri də bizimkilərin gözünə qatacaqlar. 

 

“Xəzər Lənkəran”da başlanan islahata münasibət birmənalı deyil, lehinə olan və əleyhinə çıxanların öz səngəri var. Hər iki tərəf də özünü haqlı sayır ki, bu da məmləkətimizdə adi haldı, bu yerlərdə hamı haqlıdı. 

 

İndiki vəziyyətdə bu mübahisəyə qoşulmaq, bir qədər də irəli gedib arbitr olmaq o qədər də asan məsələ deyil. Tam səmimi deyim ki, şəxsən mən bu çətin yükün altına çiyin verməyə tərəddüd edirəm. Amma bir vacib nüans da var axı, söhbət “Xəzər Lənkəran”ımızdan gedirsə, biganə qalmaq olmur. 

 

Məlum olduğu kimi, klub rəhbərliyi “Xəzər Lənkəran”da gəncləşmə siyasətini yürüdəcəyini elan edib, açıq mətnlə də bəyan olunur ki, alt yapıdan yetişən futbolçulara daha çox güvəniləcək. İlk baxışdan klub yönəticilərinin bu addımını anlayışla qarşılamaq  olar. Vəziyyət başa düşüləndi. Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Elnur Abdullayev, Rasim Ramaldanov kimi azərbaycanlı, Deyan Blajevski, Qabriel Fernando kimi əcnəbilərin bu gəmində yeyib-yatmasına və geninə-boluna şellənməsinə milyonlar xərclənirsə, lakin enində-sonunda “Xəzər Lənkəran” qarşıya qoyulan hədəfdən uzaqlaşırsa, deməli, belə bir adımın atılması qaçılmaz olur. 

 

Lakin məni bir məsələ düşündürür, klub rəhbərliyinin bu qərarı əsəbdən doğan bir qərardı, yoxsa seçilən strategiyanı davamlı sürdürməyə resurslar var? Bir məsələyə diqqət yetirmək lazımdı, qış fasiləsindən sonra güvəniləcək əvəzedici heyətin futbolçuları yalnız birinci dövrəni lider kimi başa vurublar. Fevraldan “Xəzər Lənkəran” yetirmələrini çox ağır sınaq gözləyir, dostum Elbrus bəyin rəhbərlik etdiyi bu gənclər belə çətin mübarizəyə nə dərəcədə hazır ola biləcəklər? 

 

Dəyərli azarkeşlərimizin, bu 10 ildə “Xəzər Lənkəran”ı həmişə dəstəkləyən, məmləkət futboluna bir çox məsələlərdə baş ucalığı gətirən fanatlarımızın arasında da fikir ayrılığı var. Bir qrup “Ağ-yaşıl”lardan daim super transfer gözləyir, bahalı əcnəbi və yerli futbolçuların heyətinə qatılmasını istəyir. Qış fasiləsindən sonra keçiriləcək oyunlarda onları tribunalarda görə biləcəyikmi? Dədələrimizdən qalma misal var - “şər deməsən, xeyir gəlməz”.  “Qarabağ”, “İnter”, əzəli rəqib “Neftçi” ilə qarşılaşmalarda mümkün məğlubiyyətlərdən, baş məşqçimizin “Səviyyə fərqi öz sözünü dedi, təcrübəmiz çatmadı, heyət kasaddı” açıqlamalarından sonra həmin azarkeş qardaşlarımız yenə “İstefa, İstefa!” şüarlarını işə salmayacaqlar ki? 

 

Cəmi 9 komandalıq Premyer Liqamızda yaranan fasilədən istifadə edib bu məsələləri birgə müzakirə etmək düşünürəm işin xeyrinə ola bilər. Şaxta Babanı qarşılayıb yola salandan sonra qısa da olsa bunun üçün zamanımız var. 

 

Şaxta Baba demişkən, özünə yalandan bığ-saqqal qoyan bu adamın torbasından birdən klubun İstanbuldakı baş ofisindən göndərilən yeni baş məşqçi çıxdı, ondan necə olsun... 

 

Etibar Cəbrayıloğlu “Het-trik news” qəzeti

Xəbər xətti