Ötən illərin yeni il gecəsi: "Zeynəb xanım oxuyanda bilirdik ki, yeni il gəldi" YAZI

16:15 - 29 Dekabr 2014

2015-ci ilin astanasındayıq. Bir neçə gün sonra 2014-cü ilə yola salacağıq. Bu il hərənin xatirində bir cür qalacaq. Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bərabər Yeni ili də qarşılayacağıq. Hansı yeni il gecəsi yaddaşlarda daha çox qalıb? Bu sualla bir neçə futbol veteranımıza müraciət etdik. Onlara verilən başqa sualımız da var idi – “Hansı yeni ili ümumiyyətlə qarşılamaq həvəsində olmayıblar”. Fikri soruşulanlardan bir neçəsinin yaddaşı “korlandığından” konkret nəsə deməkyə çətinlik çəkdilər. Əksəriyyəti isə həvəslə köhnə illəri yada saldı.

 

İlk müraciət etdiyimi şəxs beynəlxalq dərəcəli hakimimiz, veteran futbolçu Asim Xudiyev idi. Asim müəllimin xatirəsində qalan ən maraqlı yeni il gecəsi 34 il əvvəl – 1981-ci illə bağlıdır. O vaxt Asim müəllim SSRİ birinciliyində çıxış edən “Neftçi”də oynayırdı. Komanda yeni il ərəfəsində Çexoslovakiyaya təlim-məşq toplanışına getmişdi. Plana görə futbolçular yeni ili vətəndə qarşılamalı idilər. Amma plan alınmayıb. Belə ki, Çexoslovakiyadan Kiyevə gələn komanda dekabrın 30-da oradan Bakıya təyyarə ilə uçmalı idi. Amma hava şəraiti bütün uçuşların təxirə salınmasına səbəb olub. Məcburiyyətdən qatarla yola düşən futbolçular yeni ili elə qatarda qarşılayıblar. Qatarda yolçuluq heç də maraqsız keçməyib. Yeyib-içməklə yanaşı, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə sərnişinlər xoş sürprizlə qarşılaşıblar. Şaxta baba və Qar qız onları təbrik edib. Futbolçular yanvarın 2-də Bakıya çatıblar. Yeni ildə. Burada deyirlər, 1 il yolda olmuşam.

 

Asim müəllimin təmtəraqla yola salmadığı il də olub. 1989-cu ili misal gətirən həmsöhbətim bunun səbəblərini o vaxt Bakıda baş verən hadisələrlə əlaqələndirdi. Onun sözlərinə görə, o vaxt camaatı bayramdan çox, respublikadakı ictimai-siyasi vəziyyət maraqlandırdığından yeni ili qarşılamaq heç maraqlarında deyildi: “1990-cı ili adi bir gün kimi qarşıladıq. Bayram əhval-ruhiyyəsi yox idi. Çünki, camaat küçələrdə idi. Azadlıq haqqında düşünürdük. 3 həftə sonra isə 20 Yanvar hadisəsi baş verdi”. 

 

Məşqçilər Komitəsinin üzvləri, yığmanın keçmiş çalışdırıcıları Vaqif Sadıqov və Şahin Diniyev hansısa əlamətdar hadisəylə yadda qalan yeni il gecəsini xatırlaya bilmədilər. Şahin müəllim bir dəfə bayram gecəsi ac qalıb. Amma bu, yeni ildə deyil, Novruz bayramında baş verib. Bayram günləri internatda heç kim olmadığından zavalı Diniyev səhəri acqarına açıb. Şahin müəllim hər ili hamı kimi ailəsi ilə qarşılamağa çalışır. Mövzu ilə bağlı sualı dinlədikdən sonra xeyli fikrə gedən Şahin müəllim yadında xüsusi əlaməti ilə qalan yeni il gecəsinin olmadığın söylədi. İkinci sualı isə Şahin müəllimə ünvanlamağı artıq bildik. Çünki, cavabı bir il əvvəl qəzetimizə verdiyi müsahibədə – “Əlifba dərsi”ndə var idi. 1999-cu ilin noyabrında avtoqəzada həyat yoldaşını itirən Şahin müəllim yeni ilin və yeni əsrin necə gəldiyinin fərqində olmayıb. Allah rəhmət eləsin! 

 

Vaqif Sadıqov 4 il əvvələ kimi yeni ili təmtəraqla qarşılamağa çalışıb. Həmişə ailəsi ilə birlikdə ata ocağında yığışıblar. 4 il əvvəl anasını itirən Vaqif müəllim o vaxtdan nəinki yeni il gecəsinin, ümumiyyətlə, bütün bayramları anasız qeyd etdiyindən əvvəlki bayram əhval-ruhiyyəsinin qalmadığını deyir. 2015-i də ata ocağına qarşılayacaq Vaqif müəllimin atasına uzun ömür, anasına isə rəhmət diləyirik.

 

Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı hücumçulardan biri, hazırda işsiz qalan məşqçi Nazim Süleymanovun xatriəsi də 1999-cu illə bağlıdır. 1998-ci ildə Soçidə olan Süleymanov “99”u Soçidə qarşılayıb. Özü də tək yox. Soçidə yaşayan azərbaycanlılarla birgə. Həmin yeni il gecəsində bir çox maraqlı hadisələrin yaşandığını söyləyən Nazim müəllim yalnız 2014-cü ili həvəssiz qarşılayıb. Ötən il qardaşını itirən həmsöhbətimiz üçün son yeni il gecəsi qanqaraçılıqla keçib. 

 

Nazim müəllimdən fərqli olaraq artıq işsizliyin daşını atan və bir həftə öncə Məşqçilər Komitəsinin üzvü seçilən Şakir Qəribovun yadında daha çox 1981 və 1982-ci ili qarşılamağı qalıb. 1980-ci ildə “Neftçi”nin heyətində Madaqaskara yollanan Şakir müəllimi orada ağcaqanad dişləyib. Deyəcəksiniz ki, ağcaqanadın mövzuya nə dəxli var? Məsələ burasındadır ki, bir müddət sonra “Neftçi” Çexoslovakiya və Macarıstana gedib. Heyətdə Qəribov da var idi. Çexoslovakiyada özünü pis hiss edən Şakir müəllim məşqləri və oyunları birthər yola versə də, Macarsıtanda səhhəti daha da pisləşib: “Qızdırmam düşmürdü. Məni hərbi xəstəxanaya yerləşdirdilər. Komanda dekabrın axırlarında Bakıya qayıtdı. Mənimsə dərdim hələ tapılmamışdı. Sonradan xəstəxanada məni müalicə edən özbək həkimə Afrikada olduğumu və ağcaqanadların “hücumuna məruz qaldığımı” biləndən sonra malyariyaya yoluxduğum aydın oldu. 1981-ci ili palatada əsgərlərlə qarşılamışam. Pulum var idi, bir az yeyib-içmək aldıq və bayram etdik”.

 

Bu hələ harasıdır, müalicəsi xeyli vaxt aparan xəstə 15 gün sonra ad gününü də elə lazaretdə keçirməli olub. Amma Şakir müəllim 1982-ci ili tamam başqa atmosferdə qarşılayıb. Ailə həyatı qurmağa hazırlaşan gənc yeni il gecəsini nişanlısı və onun ailəsi ilə birgə qeyd edib. Mövzunun ikinci hissəsi ilə bağlı isə onu deyə bilərik ki, yeni il Məhərrəmlik ayına təsadüf edəndə Qəribov bayram gününü təmtəraqla qeyd etmir. 

 

Şakir Qəribov kimi Mahmud Qurbanov da bir dəfə yeni ili xəstəxanada qarşılayıb. 1995-ci il dekabrın 31-də ağır yol qəzasına düşən Qurbanovu Allah saxlayıb. Bayram gecəsini gipsdə keçirən müsahibimizin yadında bir də 7 il əvvəlki yeni il gecəsi qalıb. Həmişə təzə ili ailəsi ilə qarşılamağa çalışan veteran futbolçu  məkan kimi Dubayı seçib: “Ərəblər də bizim kimi yeni ili xüsusi təmtəraqla qarşılayırlar. Doğrudur, Dubayda hansısa maraqlı hadisə baş vermədi. Amma orada yeni ili qarşılamağın özü də bir xatirədir”.

 

Azərbaycan futbolunun “sonuncu mogikan”ı hesab edilən Samir Ələkbərovun fikrincə SSRİ süqut edəndən sonra yeni il bayramının dadı qaçıb: “İndi yeni ili qarşılayanda əvvəlki ləzzəti almıram. Nə gördük, SSRİ vaxtında gördük. Səhər tezdən xama almaq üçün şəhərin canına düşürdük. “Stoliçni salat”sız bayram olardı? “Abşeron” tortunu da tapmaq o qədər asan deyildi. Axşama kimi bütün işləri görüb yeni ilin qarşılamağa hazırlaşırdıq. Saat 8-də televiziorda bayram proqramı başlayırdı. Bir də gecə saat 12-də Zeynəb Xanlarovanın çıxışını səbirsizliklə gözləyirdik. Zeynəb xanım oxuyanda bilirdik ki, yeni il gəldi...”.

 

Müstəqillik dövründə yeni ili əvvəlki əhval-ruhiyyədə qarşılaya bilmədiyini dönə-dönə təkrarlayan Samir Ələkbərov son yeni ili adi gün kimi yola verib. Çünki, dekabrın 31-i Məhərrəmlik ayına düşürdü.

 

Əlaqə saxladığımız sonuncu iki sorğu iştirakçısı qapıçıdır – Faiq Əzizov və Hüseyn Məhəmmədov. Hər ikisi də indiyə kimi bayramı qeyd etməmək üçün hansısa səbəb görməyiblər. Bunu sorğunun ikinci hissəsinə cavab kimi qəbul edək. Birinci hissəyə gəlincə, Faiq Əzizov iki il təzə ilə Səudiyyə Ərəbistanında “xoş gəldin” deyib: “Səudiyyə Ərəbistanında işləyəndə yeni ili Coko Hacıyevski, Ukraynadan olan həkim və mən bir yerdə qarşılayırdıq. Əməlli-başlı süfrə açırdıq. Amma içki olmurdu. Ən maraqlısı bilirsiniz nə idi? Yeni ili 3 dəfə qarşılayırdıq. Ora ilə Azərbaycan arasındakı vaxt fərqi 1 saatdır. Yəni, yeni il birinci Bakıya qədəm qoyur. Bir saat sonra Səudiyyə Ərəbistanında və Ukraynada saatlar gecə 12-ni göstərirdi. Daha 2 saat sonra isə Hacıyevskinin vətəni Makedoniyaya yeni il girirdi. 4 saat ərzində 3 dəfə yeni ili qarşılamağın başqa ləzzəti var idi...”

 

Bundan başqa 1994-cü ilin gəlişi Faiq Əzizovun yaddaşında heç vaxt silinməyəcək. Bəs necə, həmin il yanvarın 1-də onun oğlu dünyaya gəlib. O vaxtdan Əzizovlar ailəsində hər yeni il gecəsi bayram bayrama qarışır.

 

Hüseyn Məhəmmədovun isə yaddaşında 2008-ci ilin gəlişi silinməz izlər buraxıb. 2007-i dostalır ilə birgə “Yaxt Klub”da keçirməyi qərara alan “Qusi” bayram gecəsi əməlli-başlı dilxor olub. Kişini yaman xərcə salıblar. Tədbirdə məşhur “Pole çudes”  oyununa oxşar auksion keçirilib.  Aparıcı bir qutu gətirib və içindəki əşyanı satışa qoyub. 100 dollar, 200 dollar, 300 dollar... Səbri daşan Məhəmmədov qutunun içindəki naməlum əşyaya nə az, nə çox, düz 1000 dollar təklif edib və... Qutunun içindən araq şüşəsi çıxıb. Hüseynin vəziyyətini təsəvvür etmək çətin deyil. Bu günə kimi də həmin vaxt aldadıldığını yada salanda qanı qaralır.

 

Belə. Yeni illə bağlı apardığımız nostalji xarakterli kiçik sorğu ilə tanış oldunuz. Hamınıza 2014-cü ili xoş xatirələrlə yola və yada salmaq arzusu ilə ...

 

“Het-trik news”

Xəbər xətti