"O futbolçulara haqqımı halal etmirəm" MÜSAHİBƏ

17:30 - 29 Dekabr 2014

"Biz öz akademiyamızın yetişdirdiyi futbolçularla mübarizə aparırıq"

 

“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovun müsahibəsi

 

- Artıq əksər klublarımızın qış hazırlıq planı bəllidir. “Bakı” təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaqmı?

- Gələn il yanvar ayının 5-də komanda məşqlərə başlayacaq. Tibbi müayinədən keçdikdən sonra Türkiyədə təlim-məşq toplanışında olmağımız nəzərdə tutulub. Bununla bağlı baş məşqçimiz İbrahim Uzunca Türkiyədə danışıqlar aparır. Yoldaşlıq oyunu keçirəcəyimiz rəqiblərin axtarışındadır. Hələ ki, öz təlim-məşq bazamızda hazırlıq keçəcəyik. Təxminən yanvarın 8-i, yaxud da 9-da Türkiyəyə getmək fikrindəyik.

 

- Komandanız qış fasiləsinə sonuncu pillədə yollandı. Fasildən sonra fərqli “Bakı” görə bilərik?

- Tam səmimi dey bilərəm ki, gələn il “Bakı” klubunda işlər yaxşılığa doğru dəyişəcək. Bütün futbol ictimaiyyəti bilməlidir ki, biz öz akademiyamızın yetişdirdiyi futbolçularla mübarizə aparırıq. “Bakı”nın ən yaxşı dövrlərində belə mən Hafiz Məmmədova klubun gəncləşdirmə siyasətini dəyişməməyi ilə bağlı müraciət etmişəm. Sözsüz ki, gənclərin yanında təcrübəli futbolçular da olmalıdır. Hazırkı gənc futbolçularımız “Bakı”nın gələcəyi olacaqlar və biz onlarla uğurlar qazanacağıq. Sözsüz ki, onların təcrübəsi azdır və bütün bunlar oyunlarına təsir edir. Ancaq növbəti mövsümdə bu futbolçuların sayəsində “Bakı” möhtəşəm bir komanda olacaq.

 

- Bildiyimizə görə, bu günlərdə klub prezidenti Hafiz Məmmədovla görüşünüz olub. Görüşdə hansı məsələlər müzakirə olundu? Klub prezidenti hansı təlimatları verdi?

- İlk növbədə təlim-məşq toplanışı ilə bağlı müzakirələr apardıq. Onun əmək haqlarının ödənilməsi ilə bağlı tapşırıqlar oldu. Komandanı gücləndirmək üçün baş məşqçimizə müəyyən təlimatlar verildi. Yenidən “Atletiko” və “Lans”ın futbol akademiyasına futbolçu göndərilməsi məsələsini müzakirələr etdik.

 

- Madridə və Lansa yenidən futbolçular göndəriləcək?

- Bəli, bu məsələ gündəmdədir. Bildiyiniz kimi, “Atletiko” və “Lans”la əməkdaşlığımız davam edir. Bu əməkdaşlıq çərçivəsində futbolçularımız yenidən həmin klublarda təcrübə keçəcəklər. Görüləsi iş çoxdur.

 

-Qış fasiləsi zamanı komandaya yeni futbolçular cəlb olunacaq?

- Çalışırıq ki, ilk növbədə “Bakı” ilə müqaviləsi olan legionerləri qaytaraq. Əgər onlar dönsə, transferə ehtiyac olmayacaq. Hazırda həmin legionerlərlə danışıqlarımızı davam etdiririk.

 

- “Bakı”nın bəzi gənc futbolçuları ilə digər klublarımız yaxından maraqlanır. Onlar bununla bağlı “Bakı”ya müraciət ediblər, yoxsa danışıqları futbolçularla aparırlar?

- Bildiyiniz kimi, Klublar Komitəsi bununla bağlı qərar qəbul edib. Yəni başqa klublar 23 yaşa qədər futbolçularımızın transferi üçün bizə təzminat ödəməlidir. Belə olan halda istənilən futbolçumuzun gedişinə mane olmayacağıq. Ümumiyyətlə, biz heç bir futbolçunun başqa kluba keçməsi ilə bağlı problem yaratmırıq. Problem ondadır ki, futbolçulara çəkdiyimiz xərci ödəmədən onları bizdən “qoparmaq” istəyirlər. Futbolçuların transferi ilə bağlı nizamnamədə hər şey dəqiqliklə yazılıb. Özünü futbol mütəxəssisi adlandıran “dostlarımız” nədənsə, “Bakı”nın 6-7 ilə hazırladığı bu futbolçuları şəxsi mənafeləri, mənfəətlərini güdərək başqa klublara aparmaq istəyirlər. Təsəvvür edin, neçə illərdir ki, bu futbolçuların təhsili, qidalanması, təlim-məşq toplanışları, Madridə və Lansa səfərləri və başqa məsələlərlə bağlı külli miqdarda pul xərcləmişik. Ancaq bəzi işbazlar yetirşdirdiyimiz bu futbolçuları öz maraqlarına görə başqa klublara göndərmək istəyirlər. Buna görə də ictimaiyyətdə “Bakı”da problemlər olması ilə bağlı rəy yaradırlar. Mən dəfələrlə bəyan etmişəm ki, “Bakı”nın akademiyamızda yetişən futbolçulara heç bir borcu yoxdur. Bəli, etiraf edirik ki, legioner və 23 yaşdan yuxarı futbolçularla bağlı bəzi problemlərimiz var. Ancaq akademiyamızda yetişən futbolçularla heç bir əməkhaqqı problemimiz yoxdur. Əksinə, onların bizə borcu var. Bu futbolçular “Bakı” klubunun sayəsində futbol həyatına vəsiqə qazanıblar. İndi özünü menecer adlandıran bəzi insanlar. futbolçularımızı “Bakı”da oğurlayıb başqa klublara satmaq istəyirlər.

 

- Bu məsələdə futbolçulardan da çox şey asılıdır.

- İş ondadır ki, futbolçular da bu şirnikləndirici təkliflərə aldanırlar. Mən də onlara başa salmaq istəyirəm ki, biz sizə normal əməkhaqqı veririk. “Bakı” öz pulunu bunların futbolçu olmasına yatırıb. İndi bunlar bütün klublar tərəfindən sevilirlər. Hazıra nazir olan bəzi işbazlar bu futbolçulara deyirlər ki, səni aparacam başqa kluba, orda 15 min alacaqsan, 10-u sənin, 5-i mənim olsun. Axı bu qədər insafsızlıq olmaz. Şəxsən mən indiyə qədər bu futbolçulara çəkdiyimi zəhməti halal etmirəm. Bütün həyatını akademiyanın qurulmasına həsr edəsən, axırı da belə... Biz bu uşaqların futbolçu kimi yetişməsi üçün öz həyamızı vermişik. İndi nə dərəcədə düzdür ki, bizə ödəniş etmədən bu futbolçuları bizdən alsınlar? İctimaiyyətdə “Bakı” klubu haqda dügün olmayan rəy formalaşıb.

 

- Nurlan Novruzovla bağlı məsələ nə yerdədi?

- “Bakı”nın Nurlan Novruzova heç bir borcu yoxdur. Şərti deyirəm, “Bakı”da 2 min manat alan futbolçu başqa klubun ona 20 min təklif etməsinə şirniklənməyi təbiidir. Ancaq mütləq bizə konpensasiya ödənilməlidir. Bunlardan sonra da futbolçular yetişdirməliyik axı. Yenidən böyük vəsait xərclənməlidir. Futbolçu durduğu yerdə yetişmir . “Bakı” və “Qəbələ”dən başqa hansı klubun 6 təbii meydançası var? Bu meydançaların Avropa standartlarına uyğun saxlanmasında “Bakı” klubu külli miqdarda vəsait sərf edib. Hamı “Bakı”da problem olduğundan danışır. Heç kim bu məsələlərə fikir vermir. Təsəvvü edin ki, biz futbolçular üçün bu qədər xərc çəkmişik, ancaq bəzi menecerlər heç bir əziyyət çəkmədən bu futbolçuları başqa kluba göndərməklə “Bakı”dan çox qazanmaq istəyirlər.

 

- Klublar Komitəsinin məlum qərarından sonra “Bakı” Futbol Akademiyanın yetişdirdiyi Nurlan Novruzov və digər belə futbolçuları “Bakı”ıdan “qoparmaq” mümkündür?

- Xeyr, mümkün deyil. Ancaq həmin futbolçuların valideynləri hər gün bizə müraciət edirlər ki, icazə verin övladımız başqa kluba keçsin. Mən də onlara futbolçuların hüquq və vəzifələrini başa salıram. İzah edirəm ki, onların transferi üçün bəzi şərtlər tələb olunur.

 

-Nurlan Novruzov “Bakı”dan AFFA-ya şikayət edərək başqa kluba keçməkdə ona klubun ona mane olduğunu bildirib. Bu məsələ ilə bağlı AFFA “Bakı”ya müraciət edib?

- AFFA-nın hüquqşünası bizimlə görüşdü. Nurlanın aldığı əməkhaqqıyla bağlı sənədlər ona təqdim olundu. Aydın oldu ki, Nurlan “Bakı”da oynadığı müddətdə kifayət qədər əməkhaqqı alıb. Klublar Komitəsinin növbəti iclasında bu msələyə bir daha baxılacaq. “Bakı” ilə bağlı deyilənlərin heç biri həqiqəti əks etdirmir. Bir daha qeyd edirəm ki, bizim akademiyamızın yetişdirdiyi futbolçularla bağlı heç bir problemimiz yoxdur. “Bakı”da olan problemləri mətbuatda qabardanlar həmin futbolçulardan pul qazanmaq istəyən menecerlərdir. İctimaiyyətdə belə rəy formalaşdırırlar ki, guya “Bakı” futbolçuları aylarla maaş almır. Ancaq belə deyil. Avqust ayından indiyədək bütün futbolçular hər ay maaş alıb. Klublar Komitəsi nəzərə almalıdır ki, “Bakı” kimi iddialı bir komandanın zəifləməsi çempionatımızın səviyyəsini aşağı salacaq. Hamımız çalışmalıyıq ki, klublarımız güclü olsun. Ancaq müəyyən menecerlər “Bakı”nın hazırkı vəziyytindən istifadə edib, öz şəxsi mənafeləri üçün müəyyən şayiələr yayırlar. “Bakı” klubu bütün aşağı yaş qruplarının liqalarında iştirak edir. Bunun üçün AFFA prezidenti Rövnəq Abdullayevə və baş katib Elxan Məmmədova dərin təşəkkürümü bildirirəm. Onlar bu gün “Bakı”nin çempionatda uğurlu çıxış etməsi üçün hər cür dəstək göstərirlər.

 

Mənbə:Qol.az

Xəbər xətti