" Legionerlərə yerlilərdən çox təzyiq göstərilirdi"
Hazırda karyerasını Rumıniyanın "Konkordia" komandasında davam etdirən "Bakı" klubunun sabiq futbolçusu Marius Pena "Fanatik.ro"ya Azərbaycandakı karyerası barədə geniş müsahibə verib.
Sportal.az sizə həmin müsahibəni təqdim edir:
- Rumıniyalı futbolçu üçün Azərbaycanda həyat necə keçirdi?
- Mənim ora gedişim anidən alındı. İlk ayımdaca çox yaxşı göstəricilərim oldu. Komandanın ən yaxşı bombardiri və ayın oyunçusu oldum. Uyğunlaşma dövrü keçməyə vaxt olmadı. İlk gündən nəyim varsa, verməyə başladım. Lakin yaxşı dövrdən sonra xoşagəlməz hadisə baş verdi. Baş məşqçimiz dəyişdi (Bojidar Bandoviçi Milinko Pantiç əvəzləyib - red.) və dərhal zədə aldım. Bundan sonra əvvəlki formama qayıtmaq çox çətin oldu. Təəssüf ki, yeni baş məşqçidən heç bir lazımi dəstək almadım.
- Nabələd futbolçunu ruhdan salan çempionat deyildi?
- Legionerlərə yerlilərdən çox təzyiq göstərilirdi. Amma çoxlu sayda əməkdaş, mütəxəssislər vardı. Səylə çalışırsınızsa, yaxşı qazanırsınız. Ölkə kubokunun yarımfinalında "Xəzər Lənkəran"la cavab görüşündən sonra (Azərbaycan Kubokunda 2012-2013-cü il mövsümündə "Bakı"nın evdə 1:0, səfərdə 0:2 hesabı ilə uduzduğu yarımfinal matçı - red.) tənqidlərə məruz qaldım. Bu, məni ruhdan saldı. Lakin Azərbaycana gedənlər inanmalı və əlavə qazanca ehtiyacı olduğunu göstərməlidir.
- Rumıniyalı futbolçulara Azərbaycan çempionatını məsləhət görürsünüz?
- Belə çətin dövrlərdə Azərbaycanda futbol oynamaq yaxşı variantdır. Orada idmana, xüsusən, futbola böyük sərmayələr qoyulur. Məşhur baş məşqçilər, oyunçular cəlb olunur. Bunlar növbəti illərdə özünü Avropa miqyaslı yarışlarda da göstərəcək.
- Klubun sahibi (Hafiz Məmmədov - red.) bizim öyrəşdiyimiz ambisiyalı həmkarları kimi şəxs idi?
- Bilməzsiniz! O, çox məşğul idi. Bir dəfə də bizimlə görüşdüyünün, yanaşı oturduğunun şahidi olmadım. Oyunlara gələndə də stadiondakı otağından baxar, heç vaxt paltardəyişmə otağına girməzdi. "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdiyimiz görüşdən sonra o, otağının balkonuna çıxdı və bizə əl yellədi. Sonra da sözünü yerinə yetirdi. Hərəmizə 2000 dollar mükafat verdi. Lənkəranda uduzduğumuz qarşılaşmadan sonra isə o, yaxşı oynadığımızı, amma hakimin səhvləri üzündən yenildiyimizi bildirdi.
- Siz Rumıniya Liqasında bəzi klubların maraq dairəsində idiniz. Belə bir vaxtda "Bakı"nı nəyə görə seçdiniz?
- "Bakı"ya getməmişdən öncə "Styaua" və "Astra"nın mənimlə maraqlanmasına dair söz-söhbətlər vardı. Amma Azərbaycandan maddi anlamda yaxşı təklif gəldi və mən "Bakı"nı seçdim.
- Orada maliyyə cəhətdən təhlükəsizlik var idi?
- Bəli. Maaşınızı bu ay və ya nə vaxt alacağınızı düşünməyə dəyməz. Neqativ hal odur ki, bəzi matçlarda atmosfer yüksək olur və əksəriyyəti adi oyun kimi keçir. Futbolun həvəskarları varsa, duzu və istiotu da var.
- Amma indi keçmiş klubunuz sürətlə bankrot olmağa doğru gedir...
- Baş verənlərin hamısından məlumatlıyam. Bu vəziyyətlə üzləşmələrindən acı təəssüf hissi keçirirəm. Azərbaycan çempionluğu qazanmış, Çempionlar Liqasında iştirak etmiş, yaxşı rəhbərlik və maliyyə vəsaitinə malik, daim ilk "5-liy"ə düşmüş klub cəmi 3 il sonra bankrot olma təhlükəsi ilə üzləşib. Bu, həqiqətən də anlaşılmazdır.
- Azərbaycanda Rumıniyada xatırlayacağınız bir şey görmədiniz?
- (gülür) Gördüm. Yollarda "Lada" və "Volqa" kimi köhnə avtomobillərə də, bahalı, iri mühərriklilərinə də rast gəlmək olar. Çünki ölkədə benzin çox ucuzdur. Bundan başqa şəhər kənarında köhnə binalara rast gəlinir. Amma bizdən fərqli olaraq, onlar köhnə binaların qayğısına qalaraq, bərpa edirlər.
- Bakı təhlükəli şəhərdir?
- Xeyr, əsla! Mənim belə bir problemim olmayıb, heç kim ailəmi hədələməyib. Əvəzində yollarda təsəvvür edilməyəcək dərəcədə tıxac xaosu var. Müsbət tərəfi odur ki, sürücülər əsəbiləşmirlər, narazılıq bildirmirlər, qışqırmırlar. Orada sükan arxasında oturarkən düşünməlisən: "Evə salamat qayıtmaq olar?"
saytlarin hazirlanmasi