Nurlan üçün son 2 həftədə 2-ci əlamətdar gün

20:15 - 5 Yanvar 2015

"İbrahimovun qismətində Azərbaycan futboluna xidmət etmək varmış"

 

Nurlan Ibrahimovun həyatında son 2 həftədə 2-ci əlamətdar gün olur. Ötən ilin dekabrın 24-də ilin mətbuat katibi kimi İdman Araşdırmalar Mərkəzinin mükafatına sahib çıxan, bunu Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanovdan şəxsən alan dəyərli həmkarım bu günsə ad gününü qeyd edir. Mən də Nurlan üçün bu əziz gündə yenə bir neçə kəlmə yazmağı özümə borc bildim.

Ömrünün 32-ci qışını arxada qoyan İbrahimov Mahir Rüstəmlinin xeyir-duası ilə "Futbol-plus Qəzeti"nin “şineli”ndən çıxan “jurnalist ordusu”nun bir nümayəndəsidir. Düzdür, o, ölkənin ən çox oxucu kütləsi olan idman qəzetində az çalışıb. Bu üzdən İbrahimovla 2006-cı ildəki iş yoldaşlığımız qısa müddətli olub.

Onun gəldiyi gün tərbiyəli davranışı, hətta utancaqlığı yaxşı yadımdadır. Yanımdakı stolda əyləşən İbrahimov ilk olaraq bizim çalışdığımız daxili şöbəyə gəlsə də, fəaliyyəti xarici şöbəylə bağlı oldu.”Futbol+”də yerlisi Ruslan Memmedlini(hər ikisi Ağdaşdandır) tapan Nurlan onunla bir şöbədə çalışdı.
 
Ancaq İbrahimovun qismətində Azərbaycan futboluna xidmət etmək varmış. Çünki az sonra “Qarabağ”a dəvət olunan Nurlan klubun rəsmi saytında tərcüməçi kimi işə başladı. O, Qurban Qurbanovun baş məşqçisi postuna gəlişinədək, yəni artıq 8 ildir “Qarabağ” klubunda çalışır. Öz bacarığı hesabına irəliləyən Nurlan tezliklə mətbuat katibi oldu və sonda bu işinin də layiqli qiymətini aldı.
 
İbrahimovun birgə işlədiyimiz vaxtdan əcnəbi dillərə böyük marağının olduğunu müşahidə etdim. İngilis dilini yaxşı bilməsi əvvəl “Futbol+”də, sonra isə “Qarabağ”da işinə yaradı. Rus dilində yaxşı danışmağa böyük həvəsi olan Nurlanın mənə “Mişa, davay poqovorim po ruski” kimi müraciətləri praktika qazanmağa hesablanmışdı.

Uzun müddət “Qarabağ”la Avropa Liqasında iştirak etməklə böyük beynəlxalq təcrübə qazanan İbrahimov nəhayət, ötən il qrup mərhələsinin də həyəcanını yaşadı. Onun adına həmin vaxt çox sevindim. Öz aramızdır, 3 dəfə son təsnifat mərhələsinə kimi gələsən, əsas mərhələnin kandarında olasan, ancaq içəri daxil ola bilməyəsən, bu, böyük haqsızlıq olardı. Axır ki ədalət zəfər çaldı və “Qarabağ” da futbolumuzda tarix yazdı. İndi İbrahimov növbəti tarixi ədalətin bərqərar olmasını - Ağdam klubunun haqq etdiyi 1/16 finala vəsiqəyə sahib çıxması ilə bağlı UEFA-nın qərarını gözləyir.

Əzizim Nurlan, səbəbkara adətən belə gündə çox xoş sözlər deyilir. Sən bunların hamısına layiqsən və mən də bütün təbriklərə qoşuluram. Sənə çempion zirvəsini fəth etmək - mətbuat katibi kimi çempion olan idman jurnalistləri sırasında yer almaq da nəsib oldu. Təbii ki, uğurların artdıqca bizlər də dost-tanışların, keçmiş iş yoldaşların kimi səninlə daha çox fəxr edəcəyik. Hörmətlə, sənin Mişan.

Mehman Süleymanov    Sportinfo.az

Xəbər xətti