"Mən onlara inanıram, ümid bəsləyirəm"
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır.
- Yeni ili necə qarşıladınız? İstirahət edə, güc toplaya bildiniz?
- Dekabrın 22-dək Bakıda oldum. Ondan sonra Zaqrebə qayıtdım ki, 2015-ci ili öz yaxınlarımla birgə qarşılayım. Bayramlarımız çox şən keçdi. Kifayət qədər müsbət enerji topladığımı deyə bilərəm.
- Azərbaycan yığmasına təyinatınızdan danışardınız. Sizi Bosniya və Herseqovina yığmasına da çağırırdılar. Niyə məhz Azərbaycan?
- AFFA-nın baş katibi Elxan Məmmədovla Parisdə tanış oldum. İlk dəfə orada söhbət etdik və mənə maraqlı gəldi. Bir müddət sonra yenidən görüşdük və daha konkret söhbətimiz oldu. Bosniya variantı isə sonra yarandı. Ona görə də mən Azərbaycan variantına üstünlük verdim. Bu, əsl və böyük bir layihədir. Mən bu layihədə parlaq gələcək görürəm. Azərbaycanda görülməli işlər çoxdur. Bunun üçün hər cür şərait də var. Özü də məsələ təkcə pulda deyil. Ümumiyyətlə, futbolda pul hər şeyi həll etmir. Daha vacib olan şeylər var.
- Qarşınıza hansı vəzifə qoyulub?
- İlk növbədə onu qeyd edim ki, azərbaycanlılar AÇ-2016-nın seçmə mərhələsində keçirdikləri dörd oyunda xal qazana bilməyiblər və bu üzdən futbolçular psixoloji cəhətdən qaydasında deyillər. Əsas məqsəd məhz bu çatışmazlığı aradan qaldırmaqdır. Onlarda qələbə ruhunu bərpa etmək, özlərinə inamı artırmaq lazımdır. Bütövlükdə, seçmə mərhələni mümkün qədər üst pillələrdə başa vrumaq istəyirik. Düzdür, buna nail olmaq çətin görnür. Amma bizdə böyük potensiala malik gənclər var. Müqavilə imzaladıqdan sonra xeyli futbolçunu izləmək imkanım oldu. Diqqətimi çəkənlər var. Ad çəkməyəcəyəm. Amma mən onlara inanıram, ümid bəsləyirəm. Qlobal hədəfimiz isə növbəti seçmə mərhələyə komanda formalaşdırmaqdır. Liderlərlə mübarizə apara biləcək rəqabətədavamlı komanda yaratmaq istəyirik.
- Berti Foqtsun dövründə müdafiə futboluna üstünlük verilirdi. Sizdən tam fərqli futbol gözləməyə dəyər?
- Futbolda müdafiə olunmaq hücum etməkdən daha asandır. Dəyişikliklərə gəlincə, zamanla olacaq. Həm heyət, həm də oyun sistemi baxımından. Daha keyfiyyətli futbol sərgiləmək üçün potensialımız var. Futbolçularımız sadəcə, irəli qaçmaqla yox, həm də gözəl oyun sərgiləyə biləcək gücdədirlər. Əlbəttə, bütün bunlara nail olmaq asan deyil, amma çalışacağıq.
- Azərbaycandakı futbol infrastrukturu barədə nə deyə bilərsiniz?
- İnfrastruktur çox yaxşıdır. Yeni stadionlar, başqa idman obyektləri inşa olunur. Yaxın gələcəkdə bütün bunlar ölkənin xeyrinə işləyəcək. Azərbaycanda futbol oynamaq üçün hər cür şərait yaradılır.
- Milli çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Premyer Liqa çox maraqlı keçir. 3-4 çox yaxşı komanda var. Məsələn, "Qarabağ"ı götürək. Bu komanda Avropa Liqasında qrupdan çıxmağa çox yaxın idi. Heyətində Reynaldo və Riçard Almeyda kimi güclü legionerlər var. Belə usta futbolçularla birgə oynamaqla yerlilər daha güclü və təcrübəli olacaqlar.
- Azərbaycanı ölkə olaraq necə xarakterizə edə bilərsiniz?
- Azərbaycan və paytaxt Bakı mənim çox xoşuma gəlir. Bakı gözəl şəhərdir. Xüsusi arxitekturaya malikdir. Ailəmi bura gətirməyim də bu ölkəni nə dərəcədə bəyənməyimin bir göstəricisi sayıla bilər. Qızlarım Bakıdakı məktəbdə təhsil alacaqlar. Burada yaxşı həyat tərzi sürmək üçün hər şey var. Etiraf edim ki, Azərbaycanın bu dərəcədə gözəl olacağını təsəvvür etmirdim. Gözlədiyimdən də artığının şahidi oldum.