Futbola marağı olan bir çox insan, futbola dair önəmli məlumatları, futbol adamlarını, statistikaları və keçirilmiş yarışları araşdırıb, maraqlı faktları üzə çıxarır. Çempionlar Liqasının qaliblərini araşdırarkən bir çox faktlar var ki, bizləri təccübləndirməyə bilməz. General Frankonun “Real”ının Avropada qarşısına çıxan bütün rəqibləri məğlub edərək 5 il ardıcıl çempion olması, Rinus Mixelsin futbola gətirdiyi total futbol anlayışı ilə “Ayaks”ın ardıcıl olaraq 3 ÇL kuboku alması, alman futbolunun əfsanəsi “Bayern” Münchenin “Ayaks”ın uğurlarını təkrarlaması, “Livepul”, və “Milan” əfsanələri, və.s
Ancaq Çempionlar Liqasının qalibləri arasında bir klub var ki, onun adını indiki futbol azarkeşlərinin böyük əksəriyyəti bilmir. Bunun səbəbi isə o klubun artıq İngiltərənin “Championship” divizionunda oynamasıdır.
Futbolçu karyerasını aldığı zədə səbəbilə, gənc yaşında bitirən Brayan Klaf 1965-ci ildə “Hartlepool United” klubundan baş məşqçilik təklifi alır. Təklifi qəbul edib, bu klubla nəzərə çarpacaq dərəcədə uğur əldə edən Klaf İngiltərənin 2-ci liqasının (indiki adı ilə Championship) son pillələrindən qurtulmaq üçün mübarizə aparan “Derbi Kaunti” klubundan təklif gəlir. 1967-ci ildə klubun başına keçən Brayan 1968-69 sezonunda klubu ikinci liqanın çempionu edir. Beləliklə “Derbi” Birinci Liqaya (indiki adı Premyer Liqa) yüksəlir. Bir neçə il ardıcıl əsas liqada ön və orta yerləri tutan klub 1971-1972 mövsümünün sonunda İngiltərə çempionu adını qazanır və beləliklə Brayan Klaf 5 il öncə İkinci Liqadan götürdüyü kluba İngiltərənin ən böyük futbol titulunu qazandırır.
“Derbi” rəhbərliyi ilə problemlər yaşayan Klaf və köməkçisi Peter Teylor klubdan ayrılırlar. Derbi şəhərinin sakinləri etiraz yürüşlərinə çıxsalar belə, rəhbərlik onları geri qaytarmır. Brayan Klaf “Brighton&Hove Albion FC” klubu ilə anlaşır. Lakin burada uğur qazana biməyən Klaf, o dövrdə İngiltərənin ən güclü klubu olan “Lids”-dan gələn təklifi qəbul edir və 44 günlük macəradan sonra klubdan qovulur. Onun “Lids” klubundakı 44 günü 2009-cu ildə çəkilmiş “The Damned United” filmində canlandırılır.
“Lids” klubunu tərk edən Brayan Klaf bir neçə ay sonra İngiltərə İkinci Liqasının ortabab klublarından biri olan “Nottingem Forest”in sükanı arxasına keçdi. 1976-77 mövsümündə İkinci Liqada üçüncü yeri tutan “Nottingem” Birinci Liqaya yüksəldi. Növbəti sezonun sonunda isə komanda artıq İngiltərə çempionu idi. “Nottingem”in İkinci Liqadan gələrək Birinci Liqanın çempionu olması, futbol tarixində tayı-bənzəri olmayan bir hadisə idi. Əlbəttə ki, Brayan bunlarla kifayətlənəcək adam deyildi. 1978-ci idlə əldə edilən bu çempionluq, kluba 1978-79 mövsümündə Çempionlar Liqasında oynamaq şansı verirdi. Klafın komandası isə bu şansdan maksimum dərəcədə istifadə etdi və “Nottingem” Münhendə keçirilən finalda “Malmö” klubunu 1-0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə qatıldığı Çempionlar Liqası kubokunu qazandı. Daha sonra “Barselona”nı məğlub edən klub UEFA Super Kubokunun da sahibi oldu. Halbuki bu klub 3 il öncə İkinci Liqada oynayırdı.
“Nottingem” İngiltərədə çox da böyük olmayan bir əyalətin təmsilçisi idi. Çoxları bu uğurun təsadüfi olduğunu düşünürdü. Lakin Klaf yenə iş başında idi. 1979-80 mövsümündə də Çempionlar Liqasında uğurla çıxış edən “Nottingem” Madriddə keçirilən finalda Almaniyanın “Hamburq” klubunu 1-0 hesabı ilə məğlub edərək ikinci dəfə Çempionlar Liqasının qalibi oldu. Beləliklə həm “Nottingem Forest”, həm də Brayan Klaf adlarını futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacardılar və bəlkə də heç bir zaman təkrarlana bilməyəcək uğurlar əldə etdilər.
Daha sonra Klaf daha 13 il forestlilərə rəhbərlik etdi. Klub 1992-93 mövsümünün sonunda yenidən İkinci Liqaya düşdü və Klaf həm “Nottingem” karyerasını, həm də özünün məşqçilik karyerasını bitirdiyini elan etdi.
Onun rəhbərlik etdiyi “Nottingem Forest” 1 İngiltərə Çempionluğu, 2 UEFA Çempionlar Liqası kuboku, 1 UEFA Super Kuboku, 4 İngiltərə Liqa Kuboku, və 1 Community Shield qazanmışdı. Bundan əlavə klub İngiltərə Çempionatında bir dəfə gümüş, üç dəfə isə bürünc medallara sahib olmuşdu. Futbol tarixinə əldə etdiyi nəticələrlə yanaşı, məşhur sözləri ilə də düşən Brayan Klaf 2004-cü ildə Derbi şəhərində vəfat etmiş və ingilis futbolunda “İngiltərə milli komandasını çalışdırmayan ən yaxşı baş məşqçi” olaraq anılmağa başlamışdır.
Tural Həsənov
saytlarin hazirlanmasi