Borçe Xristov "Qarabağ"dan ayrıldı ÖZƏL

13:50 - 13 Yanvar 2015

Makedoniyalı mütəxəssis vətəninə qayıtdı

 

Bir ildən çoxdur ki, “Qarabağ”da həm koordinator, həm də əvəzedici heyətin baş məşqçisi olan Borçe Xristov Ağdam klubundan ayrılıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, makedoniyalı mütəxəssis artıq vətəninə qayıdıb.

 

Məsələyə aydınlıq gətirmək üçün Boçe Xristovun özü ilə əlaqə saxladıq. Xristov məlumatı təsdiqlədi:

 

“Bəli, doğru məlumatdır. “Qarabağ”dan ayrılmışam. Makedoniyadan bir neçə təklif var, ancaq yəqin ki, hələ bir neçə ay istirahət edəcəm”.

 

Klubdakı fəaliyyəti barədə danışan Borçe Xristov arxada qalan müddəti “Qarabağ” adına irəliləyiş kimi dəyərləndirdi:

 

“Əvəzedici heyəti gəncləşdirdik və komandanı 16, 17, 18 yaşlı futbolçulardan qurduq. Gənc komanda ilə əvəzedicilərin çempionatında yaxşı oyunumuzla diqqət çəkdik. Bilirsiz ki, Qurban Qurbanov gənclərlə işləməyi sevən mütəxəssisdir. Bu baxımdan hər zaman onun dəstəyini hiss edirdik. Ümumiyyətlə, Qurban Qurbanov “Qarabağ”da uşaq futbolunun inkişaf etməsi üçün də çox çalışır. Əsas komandada işinin çox olmasına rəğmən, aşağı yaş qrupları ilə də yaxından maraqlanır. Antalyadakı toplanışa da əvəzedici heyətdən bir neçə oyunçu apardı. Ümumi götürsək, bu dönəmdə “Qarabağ”la işbirliyimiz yaxşı alındı”.   

Xəbər xətti