“O, ilk növbədə özünü Bundesliqada göstərməlidir”
"Emil Balayev üçün Almaniyada oynamaq, "Ayntraxt"ın əsas heyətinə düşmək çox çətin olacaq”.
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan klublarını oyunlarını izləmək üçün qonşu ölkəyə yollanan xorvatiyalı mütəxəssis azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
“Neftçi”nin Səudiyyə Ərəbistanının “Hajer” klubu ilə görüşünün fasiləsində Prosineçki bakılıların sabiq qapıçısı Emil Balayevin Almaniya perspektivinə də toxunub: “İnanıram ki, o, əsas heyətə düşmək üçün yaxşı mübarizə aparıb, ona bəslənən ümidləri doğruldacaq. Millidə qapıçı problemi yoxdur. Səlahət Ağayev və Kamran Ağayev var. Emil Balayev də güclü qapıçıdır. Ancaq o, ilk növbədə Bundesliqada özünü göstərməlidir".
Prosineçki yağış altında keçirilən matçda asiyalıları sınağa çəkən “Neftçi”nin oyunundan da danışıb: "Hava şəraitinin necə olduğunu nəzərə alsaq, "Neftçi" yaxşı oyun göstərdi. Antalyada olduğum müddətdə çalışıram ki, bütün klublarımızın matçını izləyim. Ona görə də konkret olaraq bundan sonra daha neçə oyuna gedəcəyimi deyə bilmərəm. İmkan olduqca, daha çox oyunu izləyəcəm".
Mənbə: Apasport.az
.
saytlarin hazirlanmasi