"Orxan Məmmədov UEFA tərəfindən..."
Yanvarın 13-dən etibarən azərbaycanlı hakimlər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Hakimlərimiz Antalyada nəzəri məşğələlərdə olub, fiziki məşqlər etməklə yanaşı, müxtəlif ölkələrdən gələn komandaların iştirakı ilə keçirilən yoxlama görüşlərini də idarə edirlər.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın startı və qarşıda duran planlarla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığında xüsusi yer tutur:
"Biz yanvarın 27-dək Antalyada təlim-məşq toplanışında olacağıq. İlk növbədə çempionatın baş tutan turlarındakı hakim idarəçilikləri müzakirə olunacaq, təhlillər aparılacaq. Buraxılmış səhvləri araşdıracağıq. Yanvarın 21-dən 26-dək təlimatçı Aleksey Spirin düşərgəmizdə olacaq. Toplanış zamanı əsas diqqət ayıracağımız məqamlardan biri fiziki hazırlıqdır. Bu iş təcrübəli mütəxəssis Namiq Quliyevin səlahiyyətindədir. Hər gün minimum 2 məşq həyata keçiriləcək. Bundan əlavə çox sayda yoxlama görüşlərini idarə etmək planımıza daxildir".
Komitə sədri söyləyib ki, əcnəbi klublar oyunlarının azərbaycanlı hakimlər tərəfindən idarə edilməsində maraqlıdırlar: "Əvvəlki illərdən fərqli olaraq, təlim-məşq toplanışı başlanmazdan bununla bağlı müraciətlər daxil olub. Yanvarın 21-də "Sürix" - "Qarabağ" oyununu azərbaycanlı hakimlər idarə edəcək. Oyunların sayı və keyfiyyəti baxımından problem yaşayacağımızı düşünmürəm".
Komitə sədri sözlərinə belə davam edib: "Zədə səbəbindən toplanışa gələ bilməyənlər var. Munis Abdullayev və Elşən Acalov buna görə Azərbaycanda qalıblar".
Bir neçə gün öncə FİFA referisi adına layiq görülmüş Orxan Məmmədovu isə Afina səfəri gözləyir. Xaqani Məmmədov əlavə edib ki, referi fevralın 1-dən 5-dək müxtəlif imtahanlar verəcək: "Orxan Məmmədov UEFA tərəfindən keçirilən toplanışa qatılacaq. Referi fiziki hazırlıq imtahanından keçəcək və ingilis dilində yoxlanılacaq. Antalya toplanışından sonra Orxan səfərə hazır yollanacaq".
Xaqani Məmmədov hakim səhvlərindən də danışıb: "Əslində, çempionatın həlledici mərhələsində səhvlər çox ola bilər. Amma bizdə əksinədir. Medallar uğrunda mübarizə zamanı hakim səhvləri çoxalmalıdır. Bizdə isə çempionatın sonunda hakim səhvləri az qeydə alınır. Hakimlər çempionatın müəyyən hissəsi arxada qaldıqdan sonra özlərinə gəlirlər. Bunun səbəbi isə yay təlim-məşq toplanışı zamanı yoxlama görüşlərinin sayının az olmasıdır. Həmin səhvlər müzakirə edilir, səbəblər tapılır. Əgər biz səhvin olmayacağını desək, özümüzü aldatmış olarıq. Nə qədər ki hakimlik var, səhvlər də olacaq. Səhvləri minimuma endirməliyik. Biz çempionatın həlledici mərhələsinə tam hazır olmalıyıq".