Ramin Musayev: "Növbəti mövsüm 12 klubla keçiriləcək" MÜSAHİBƏ

14:45 - 20 Yanvar 2015

"Limiti dəyişməyin vaxtıdır"

 

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi

 

- Altı Azərbaycan klubu iki həftədən çoxdur Türkiyədə təlim-məşq toplanışındadır və siz də onların bu hazırlıq prosesini yaxından izləyirsiniz. Klublarımızın hazırlıq prosesini necə dəyərləndirə bilərsiniz?
- Mən "İnter", "Qarabağ" və "Simurq"un, eləcə də U-17 yığmamızın oyunlarını görmüşəm. Daha çox "İnter" xoşuma gəldi. Xüsusilə də komandanın oyunu. Demək olar ki, oyun üslubunu dəyişməz saxlayıblar. U-17 yığmamız isə kollektiv olaraq yaxşı təsir bağışladı. Onlarda keçid dövrü olsa da, çox yaxşı oynayırlar, bir-birinə qarşı diqqətlidirlər. Fikrimcə, bu heyəti və məşqçilər korpusunu olduğu kimi saxlayıb, U-19-a keçirmək lazımdır.

 

- Sözlərinizdən belə çıxdı ki, "İnter" "Qarabağ"la rəqabət apara biləcək yeganə komandadır...
- Komanda öz oyunu ilə göstərir ki, buna qadirdir. Söhbətlər gəzir ki, Kaxaber Sxadadze yayda komandanı tərk edəcək. Amma onun komandanı çətin vəziyyətdə qoyacağını düşünmürəm. İstəməzdim ki, belə bir klub medallar uğrunda mübarizədən kənarda qalsın.

 

- Çempionatın səviyyəsinin düşməkdə olduğu fikri ilə razısınız?
- Əfsuslar olsun ki, hər şey ona doğru gedir. Türkiyədə yığmanın baş məşqçisi Robert Prosineçki ilə bir neçə dəfə görüşümüz oldu. Çoxlu məsələ müzakirə olundu. Sonda belə fikrə gəldik ki, legionerlərə qoyulan limit dəyişdirilməlidir. Məşqçilər Komitəsinin üzvləri də eyni fikirdədirlər. Limiti dəyişməyin vaxtıdır. Ümid edirəm ki AFFA İcraiyyə Komitəsinin martda baş tutacaq növbəti iclasında bu məsələ də qaldırılacaq.

 

- Limiti niyə dəyişmək lazımdır ki?
- Təkcə klubları yox, yığmanı da düşünmək lazımdır. Yığmada yeni baş məşqçi var, ona kömək etmək lazımdır. Prosineçki ilə şəxsi söhbətimdə belə başa düşdüm ki, o, hələ arzuladığı heyəti toplaya bilməyib.

 

- Bu qış yalnız altı klub toplanışa gəldi, qalanı Bakıda hazırlıq keçir. Buna münasibətiniz necədir?
- Əvvəlki illərdə bizim hakimlərin toplanış zamanı idarə etdiyi oyunların 50 faizi Rusiya klublarının iştirakıyla baş tuturdu. Bu ilə is onlar demək olar ki, Antalyaya gəlməyiblər. Ona görə etiraf etmək lazımdır ki, maliyyə böhranına baxmayaraq, Azərbaycanın 6 klubu Türkiyəyə gəlib. Yerdə qalan 3 klubdan da ikisinin xaricə yollanmağa imkanı vardı. Sadəcə, özləri Bakıda hazırlıq keçməyə üstünlük verdilər.

 

- 10 klubla başlayan mövsüm 9 komanda ilə davam edir. Yeni mövsümdə necə olacaq?
- 12 komanda. Biz artıq buna hazırlaşırıq. Əgər maraqlı çempionat istəyiriksə, Premyer Liqanın səviyyəsini artırmağı arzulayırıqsa, bunu etməyimiz lazımdır.

 

- Digər 3 klubu haradan tapmağı düşünürsünüz?
- Sponsor və lisenziya məsələləri var. Birinci divizionda lisenziya sənədlərinin düzəldilməsində köməyə ehtiyac duyan klublar var.

 

 

- Siz hakimlərin toplanışına toxunmadınız...
- Onların hazırlığı öz axarı ilə gedir. Çempionata hazırlaşırlar. Ümid edirəm ki, bütün AFFA rəhbərliyinin əziyyətini yerə vurmayacaqlar. Onlar üçün hər cür şərait yaradılıb. (azərisport.az)

Xəbər xətti