"Azarkeşlərin sevgisi hər zaman maddiyatdan önəmli olub"
"Hazırlıq prosesi yüksək səviyyədə keçir. Birinci mərhələdə fiziki yükləmələrlə hazırlaşırıq. Çalışırıq ki, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirək. Çünki başa düşürük ki, çempionatın 3-cü dövrəsində bizi çox ağır oyunlar gözləyir".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.
Millimizin baş məşqçisi Robert Prosineçkinin onun yığmanın kapitanı olaraq qalacağı ilə bağlı fikrinə münasibət bildirən R.Sadıqov bunları bildirib:
"Bu barədə heç nə demək istəmirəm. Aramızda çox səmimi söhbətlər olub. Onun hər kəlməsindən böyük futbolçu və futbol bilicisi olduğu hiss olunurdu. O bizə həqiqətən inanır və bizimlə uğur qazanmaq istəyir. İlk görüşlərdən o futbolçuları psixoloji baxımdan hazırlamaq istəyir. Bu da bizdə özümüzə inam hissini artırır. Milli komandanın baş məşqçisinin bizə inanmağı çox önəmlidir. Elə özümdən götürürəm ki, bu da bizi daha məsuliyyətli olmağa vadar edir. Mənə futbolçu kimi etimad göstərməsi sayəsində az müddət qalmasına baxmayaraq indidən Malta ilə oyunu düşünməyə başlamışam.
Onunla nə danışmışıq aramızda qalsa, daha yaxşıdır. Bundan sonra da Prosineçki ilə görüşməyə hazıram və yığma üçün əlimdən gələn hər şeyi edəcəm. Çünki demək olar ki, milli karyeramda son illərimi yaşayıram. Mən də istəyirəm ki, milli karyeramın sonu yaxşı alınsın və azarkeşlərin yaddaşında yaxşı qalım. Bu haqda çox düşünürəm. Bilmirəm, nə qədər milli komandada oynayacam, amma mənim üçün azarkeşlərin sevgisi hər zaman madiyyatdan qat-qat önəmli olub. Ən böyük arzum azarkeşlərin gözündə yaxşı futbolçu kimi milli karyeramı bitirməkdir. Bunun üçün var gücümlə çalışacam".
Mənbə: qol.az
saytlarin hazirlanmasi