Mirbağır İsayev: "Bizim üçün sevindirici cəhətlərdən biri də..."

17:50 - 25 Yanvar 2015

“Rəqiblərimiz haqda mütəmadi məlumatlar toplayırıq”

 

Yanvarın 10-dan 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev açıqlama verib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən sizi həmin açıqlama ilə tanış edir:

 

"İki həftə davam edən təlim-məşq toplanışımız səmərəli keçdi. Həm fiziki məşqlər keçdik, həm də yoxlama oyunlarında gücümüzü sınadıq. Komanda elit-raundun oyunlarına 70 faiz hazırdır. Yoxlama oyunlarında çatışmazlıqları gördük. Təbii ki, səhvlər oldu və onları düzəltməyə çalışırıq.

 

Bizim üçün sevindirici cəhətlərdən biri də milli komandanın baş məşqçisi Robert Prosineçkinin məşqlərimizi və yoxlama oyunlarımızı izləməsidir. Onunla görüşümüz oldu. R.Prosineçki futbolçularla bağlı fikrini açıqladı, müəyyən tövsiyələr verdi.
Antalyada olduğumuz müddətdə Məşqçilər Şurasının üzvləri ilə də görüşdük, fikir mübadiləsi apardıq. Onlar da öz tövsiyələrini bildirdilər.

Növbəti toplanışımız fevralda Bakıda olacaq. Həmin hazırlıq zamanı 2 yoxlama oyunu da keçirəcəyik. Qarşılaşacağımız komanda da məlumdur. Fevralın 18-də və 20-də Rusiyanin U-17 yığması ilə qarşılaşacağıq.

Elit-raunddakı rəqiblərimiz haqda mütəmadi məlumatlar toplayırıq. Portuqaliya, Serbiya və Xorvatiya yığmasının iştirakı ilə keçirilmiş oyunların videoyazısı var. Yaxın günlərdə Xorvatiya komandasının son oyunlarından birinin də videoyazısını əldə edəcəyik. Bir sözlə, qalan vaxtdan hazırlıq üçün maksimum istifadə etməyə çalışırıq”. 

Xəbər xətti