"Oyunu satan, Vətəni də satar!"

14:25 - 27 Yanvar 2015

Oyun satılıb?

 

2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan və Azərbaycan yığmaları arasında Astanada keçirilmiş matç haqda şok iddia irəli sürülüb. 

 

Sportal.az xəbər verir ki, Qazaxıstan mətbuatı həmin görüşü danışılmış oyun kimi qələbə verib.

 

Hücumçu Sergey Qridinin klubsuz qalmasına toxunan qazaxıstanlı həmkarlarımız belə yazıblar: “Daha çox “Tobol”la matça və Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir”.  

 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə açıqlamasında bu iddianı təkzib edib: “Böhtandı. Heç kim Azərbaycan yığmasını oyun verməkdə ittiham edə bilməz. Bu cür iddianın yayılması bizim üçün gözlənilməz oldu. Yığma komanda ölkənin atributlarından biridi. Burda söhbət milli mənafedən gedir. Oyunu satan, Vətənini də satar! Məsələ ilə bağlı tədbir görüləcək. Onlara rəsmi məktub göndərəcəyik. Belə hallar yolverilməzdi”.

 

Qeyd edək ki, Avro-2012-nin təsnifat mərhələsində keçirilmiş həmin görüş Qazaxıstan yığmasının 2:1 hesabı qələbəsi ilə başa çatıb. 

 

Mənbə: apasport.az

Xəbər xətti