Zaur Əzizov: "Kamran Ağayev qarşıdakı 3 rəsmi oyunda iştirak etməyəcək"

13:10 - 31 Yanvar 2015

"Getmək istəyən heç bir futbolçuya əngəl olmayacağıq"

 

Dorinel Muntyanu ilə yaşanan uğursuzluqlardan sonra “Qəbələ”də yeni dönəm başlayır. Baş məşqçi postuna təyinat alan Roman Qriqorçuk gəldiyi gündən işgüzarlığı ilə diqqət çəkir. Elə klub rəhbərliyinin də ukraynalı mütəxəssisə inamı böyükdür.

 

Sabah “Qəbələ” Qriqorçukun rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq. Tale Heydərovun klubu səfərdə “Bakı” ilə qarşılaşacaq.

 

Komandanın son durumu, Antalya toplanışı ilə bağlı fikirlərini öyrənmək üçün “Qəbələ”nin baş meneceri Zaur Əzizova müraciət etdik. Sportal.az saytına açıqlama verən Zaur bəy toplanışla yanaşı yeni gələn futbolçular barədə də danışdı:

 

“Əsas odur ki, toplanış Roman Qriqorçukun planlaşdırdığı kimi keçdi. Toplanışın uzunmüddətli olması vacib idi ki, bunun da xeyirini görəcəyik. Çünki görüləsi işlər çox idi. Yeni gələn futbolçulardan da razı qaldıq. Onların hamısı ilə yarım illik müqavilə bağlamışıq, ancaq artıq indidən bəziləri ilə müqavilənin müddətini artırmaq barədə düşünürük. Çünki həm meydanda, həm də meydandan kənarda özlərini yaxşı tərəfdən göstərmiş oldular”.

 

Son zamanlar milli komandanın qapıçısı Kamran Ağayevin “Qəbələ”ni tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. Zaur bəy bu məsələyə də aydınlıq gətirdi:

 

“Hal-hazırda qapıçı mövqeyində ciddi rəqabət var. Antalyadakı toplanışda Anar Nəzirov əla formada olduğunu göstərdi. Onun çıxışı Qriqorçukun da diqqətini cəlb etdi. Digər tərəfdən yeni transfer Dmitri Bezotosnı da təcrübəli qapıçıdır. Həm Ukrayna çempionatında, həm də Avroliqa oyunlarında nəyə qadir olduğunu görmüşük. Belədə Kamran Ağayevlə bağlı xəbərlərin yayılması normal haldır. Bilirik ki, ona Türkiyə klublarından maraq var, ancaq hələ ki, onunla bağlı bizə rəsmi təklif gəlməyib. Hər ehtimala qarşı, Kamran Ağayev qarşıdakı 3 rəsmi oyunda iştirak etməyəcək. Tək Kamran Ağayev deyil, getmək istəyən heç bir futbolçuya əngəl olmayacağıq. Roman Qriqorçuk da o fikirdədir ki, hər hansı futbolçunu könülsüz şəkildə komandada saxlamağın mənası yoxdur”.    

Xəbər xətti