Ceyhun Sultanov: "Sumqayıt" yaxşı oyun sərgiləyir, ancaq sabitlik yoxdur"

13:45 - 31 Yanvar 2015

"Əlimizdə olan son pulu Antalya toplanışına xərcləmək düzgün olmazdı"

 

Premyer Liqada 19-cu turun açılış matçında gözlənilməz nəticə qeydə alındı. Çempionluq uğrunda uğrunda mübarizə aparan “İnter” evdə “Sumqayıt”la qolsuz bərabərliyə razılaşmalı oldu.

 

Oyundan sonra “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov Sportal.az-a açıqlama verdi:

 

“İnter” yaxşı oynadı. Düzü, bir az bəxtimiz də gətirdi. “Sumqayıt” yaxşı oyun sərgiləyir, ancaq sabitlik yoxdur. Bunun da əsas səbəbi odur ki, çoxu cavandır və hələ o səviyyəyə çatmayıblar ki, mövsümboyu eyni futbolu sərgiləsinlər. Ona görə də, bizim hədəfimiz mümkün qədər çox xal toplamaq və aşağı pillələrə yuvarlanmamaqdan ibarətdir”.

 

Əksər klublarımız qış hazırlığını ölkə xaricində keçsə də, bir neçə klubla yanaşı “Sumqayıt” da heç yerə gedə bilmədi. Ceyhun bəy bu məsələyə fərqli yanaşır:

 

“Hərə öz yorğanına görə ayaq uzadır. Bizim imkanımız yoxdursa, əlimizdə olan son pulu Antalya toplanışına xərcləmək düzgün olmazdı. Əvəzində mövcud imkanlarımızla Bakıda səmərəli toplanış təşkil etdik”.   

Xəbər xətti