Veteranlar ayağa qalxdı - Ramin Musayevdən prezidentə şikayət edəcəklər

18:50 - 31 Yanvar 2015

"Rövnəq müəllimin də Musayevin əməllərindən xəbəri yoxdu
 
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mətbuata verdiyi müsahibədə futbol veteranlarının ünvanına kəskin tənqidi fikirlər səsləndirib.
 
Sportal.az aut.az-a istinadən xəbər verir ki, Musayev veteranları Azərbaycan futbolu ilə bağlı təkliflər verməməkdə, boş-boş danışmaqda ittiham edib. Onun açıqlaması tənqiddən çox, təhqir xarakterli olub. PFL prezidenti fikirləri ilə futbol veteranlarını sanki ələ salıb: 
 
"Bəzən otururuq bir yerdə, bir də görürsən, veteran futbolçular elə fikir irəli sürürlər ki… Onları çoxunuz tanıyırsız. Boş-boş danışmaqdan başqa işləri yoxdu. Siz də onlara korifey deyirsiniz. Onlarla eyni masa arxasında oturanda düşünürəm ki, gör nə qədər əlacsızam...".
 
Ramin Musayev müsahibəsində ad çəkməsə də, əslində, sözü kimlərə ünvanladığı bəllidi. Əldə etdiyimiz məlumata görə, Musayevin futbol veteranlarını ələ salması böyük narazılığa səbəb olub. Adının çəkilməsini istəməyən veteranlardan birinin verdiyi məlumata görə, bir araya gələn veteranlar PFL prezidentinin onların ünvanına səsləndirdiyi fikirləri müzakirə ediblər. Qərara alınıb ki, Musayevdən Azərbaycan prezidenti İlham Əliyevə və AFFA prezidenti Rövnəq Abdullayevə şikayət edilsin. Veteranlar öncə AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb, şikayətlərini ona çatdırmaq istəyirlər. Bundan başqa, veteran futbolçuların imzası ilə ölkə prezidentinə məktub da yazılacaq. Məktubda ölkə futbolunun problemləri də qabardılacaq, Azərbaycan futbolunda, o cümlədən PFL-də peşəkar kadrlara ögey münasibətin olduğu qeyd ediləcək:
 
"Məktubda prezidentdən xahiş olunacaq ki, futbol veteranlarını qəbul etsin. Ramin Musayev deyir ki, veteranlar boş-boş danışmaqla məşğuldular. Musayev özü nə vaxtsa veteranlarla görüşə təşəbbüs göstərib, bizim fikirlərimizi öyrənmək istəyib? Yox! Bu adam ümumiyyətlə heç kimin fikirlərinə qulaq asmır. Ancaq öz maraqlarını güdür. Biz mətbuatı izləyirik. Veteranlar bir tərəfə, elə mətbutda Azərbaycan futbolunun inkişafı ilə bağlı xeyli təkliflər irəli sürülür. Ramin Musayev bunlardan xəbərdardı? O, ümumiyyətlə mətbuatı izləyir? Təbii ki, izləmir. İzləsəydi, veteranların da təkliflər irəli sürdüyünü görərdi. Əvvəlcə Rövnəq Abdullayevlə görüşməyə çalışacağıq. Güman edirik ki, Rövnəq müəllimin də Musayevin əməllərindən xəbəri yoxdu. Hər şeyi ona deyəcəyik. Sonra isə Azərbaycan prezidentinə müraciət edəcəyik".

Xəbər xətti