Milli üzvlərinin səviyyəsi PTT Liqasıdır və ya Rəşad Sadıqovla başlayan və bitən Superliqa YAZI

11:36 - 2 Fevral 2015

"Beşiktaş"a qol vuran İlqar Qurbanovumuz da olub

 

19 il əvvəl Vyaçeslav Lıçkinin “Trabzonspor”a keçməsi barədə xəbər ölkədə futbol hadisəsinə çevrilmişdi. Lıçkindən bir də onda xəbər tutduq ki, dedilər geri qayıtdı. Millimizin üzvü “Trabzonspor”da yalnız 1 oyun keçirdi. Ona görə də, Vyaçeslavın Türkiyə karyerası yaşadığını demək olmur.

 

Bizim üçün Türkiyə Superliqasının həyəcanı Rəşad Sadıqovla başladı, təəssüf ki, elə onunla da bitməli oldu. Sadıqov 2005-2006 mövsümündə “Kayserispor”da 10 oyuna çıxdı. Həmin ərəfələrdə millimizin digər üzvü İlqar Qurbanov isə “Sivasspor” karyerası yaşadı. Qarşıdakı illərdə Rəşad daha iki dəfə Superliqada peyda oldu. Əvvəlcə “Kocaelispor”da, daha sonra isə “Eskişehirspor”da. Bu illərdə İlqar Qurbanov “Beşiktaş”a qol vurmaqla diqqətləri üzərinə cəlb etdi. Rəşad Sadıqovla bağlı xatirələr isə daha çox oldu. Xüsusilə “Kocaelispor”un heyətində bir çox qələbələrdə pay sahibi oldu. Həmin mövsüm Rəşadla komanda yoldaşı olan Ramal Hüseynov “Kocaelispor”da meydana çıxdığı yeganə oyunda qol vurmaqla yadda qaldı.

 

Rəşad Sadıqovun oyunu barədə məşhur şərhçi Rıdvan Dilmən də verilişlərdə bir neçə dəfə söhbət açmışdı. Bakıda Türkiyəyə vurduğu qoldan sonra isə qonşu ölkədə onu “Türkiyəni yıxan adam”  deyə çağırmağa başlayanlar da olmuşdu. Ancaq Rəşad 2011-ci ildə “Eskişehirspor”dan qayıtdıqdan sonra Superliqa bizim üçün əlçatmaz oldu.

 

Bu mövsüm azərbaycanlı futbolçuların bir hissəsi yenə Türkiyəyə üz tutub, hamısı da PTT Liqasına. Azərbaycanın ən yaxşı cinah müdafiəçilərindən olan Mahir Şükürov “Karşıyaka”nın şərəfini qoruyur, “Qaziantep BB”də möhkəmlənə bilməyən Vaqif Cavadov özünü “Boluspor”da da sınayacaq. Cavid İmamverdiyev "Elazığspor"da çıxış edir. Millimizin bir nömrə qapıçısı Kamran Ağayev isə “Kayserispor”la anlaşıb. Futbolçularımızın xaricə çıxması bir tərəfdən sevindirir, digər tərəfdən isə məyus edir. Axı, milli üzvlərimiz yüksək liqalarda oynamalıdır...

 

Yəni həqiqətənmi milli futbolçularımızın səviyyəsi PTT Liqasıdır?

 

Sportal.az    

Xəbər xətti