Bığ yerim təzə-təzə tərləməyə başlayanda bir kitab hər yana səs salmışdı. Hamı "Sözüm sizədir, qızlar” kitabını axtarırdı. Tanınan və müxtəlif səbəblərdən tanına bilməyən xeyli jurnalistə müəllimlik etmiş rəhmətlik Nurəddin Babayevin sözü qızlara olduğundan mən o kitabı oxumadım.
Kitab məsələsini elə buradaca bağlayıb qoyuram bir tərəfə. Çünki bu an yazı-pozu zamanı deyil. Camaat ən vacib işini belə buraxıb futbola baxır, mən də başlamışam "Sözüm sizədir, qızlar” kitabından söhbət açmağa. El-obanı qoyuram kənara, AFFA-dakılar mənə deməz ki, ay səni görüm "Neftçi”nin mühafizəçiləri döysün, indi heç kitabdan danışmaq, yazmaq vaxtıdı...
Qış fasiləsi bitincə milli çempionatımız qaldığı yerdən davam edir. Ya zəlzələdən, ya vəlvələdən ortada qalan cəmi 9 klubun futbolçuları əl-qollarını çırmalayıb düşüblər stadionun ortasına. Azarkeşlərin qarşısını almaq olmur, elə bil sunamidən sonra sel gəlib. Tribunalardakı insanları saymaq mümkün deyil, 58 nəfərdilər, ya 59, bilmirəm.
Cənubda Şimal küləyi əsmir. Qış fasiləsindən öncə bir səmt küləyi əsdi, "Xəzər Lənkəran”ın bəzi legionerlərini apardı. Klubun xəzinəsini "mandarin” kimi soyan 3-4 yerli futbolçuya da dedilər ki, siz də əcnəbilərin yan-yörəsində gedin, qoy yolu-izi azmasınlar.
Yarandığı gündən çox tufanlara düşən, dalğalara çırpılan "Xəzər Lənkəran” bu mövsümün sonuna kimi yarışa gənc futbolçularla davam etmək yolunu tutub. Əslində mənim də sözüm elə onlaradı. Daha doğrusu, bundan sonra əsas heyətdə oynamaq etimadı qazananlaradı. Orxan Sadıqlıya, Elnur Cəfərova, Kazım Kazımlıya və Kamran Abdullazadəyə bu xoşbəxtlik artıq nəsib olub və onlar bu sevincin dadını çıxarırlar.
Sözüm sizədi, İlyas, Elşən, Anar, Ruslan, Bəhruz, İlqar, Nurxan, Maqsum, Elsevər, Elnur, Elvin... Antalyadan dönüb yolüstü Zaqatalaya baş çəkdiniz. Qarşıdakı turda isə sizi daha çətin sınaqlar gözləyir. Xüsusilə doğma "Fırtınalar meydanı”nda fanatlar qarşısında matçlara çıxacaqsız. Yaxşı bilirsiz ki, lənkəranlı azarkeşlər AFFA-nı taxtda görüblər, PFL-i qundaqda, referini "Samovar” heykəlinin yanında görən kimi bilirlər ki, hakim oyunu necə idarə edəcək. "Ağ-yaşıl”a könül verən fanatlar üzündən ödənilən cərimə pulları ilə Bakıda Qış Olimpiya Oyunları keçirmək olar.
Elsevər, Elnur, Elvin, Elşən, İlyas, Anar, Ruslan, Maqsum, Nurxan, İlqar, Bəhruz- 11 oğul, siz "Xəzər Lənkəran”a qol vurmaq üçün alışıb-yanan, gecəni gündüzə qatmağa belə hazır olan Rauf Əliyevə, Əfran İsmayılova, Elnur Abdullayevə, Rəşad Sadiqova, Rəşad Abdullayevə qarşı oynamalısınız. Hələ mən Flavinyo kimi əcnəbiləri demirəm.
Hakim fiti ilə çalınacaq havaları da özüm yazıb əl-qolunuzu soyutmaq istəmirəm.
Bəzən Tanrı insanı heç gözləmədiyi anda xoşbəxt edir, arzusuna çatdırır. 11 oğul, klub rəhbərliyinin məlum qərarından sonra hər birinizin bəlkə də ən böyük arzusu çin olub. Ürəyinizin ən dərin yerində qoruduğunuz digər arzu və istəklərə də çata bilərsiniz. Lənkəranlı azarkeşlərin alqışı, duası sizinlədi.
11 oğul, 11 qardaş, hələ sümüyü bərkiməyən çiyinlərinizə ağır yük və böyük məsuliyyət qoyulub. "Qarabağ”dan tutmuş "İnter”ə, "Qəbələ”dən tutmuş "Neftçi”yə, "AZAL”dan tutmuş "Sumqayıt”a, "Simurq”dan tutmuş "Bakı”yacan bütün oyunlarınız çətin keçəcək. Evdə, ya səfərdə, təbii və ya süni meydançada fərq etməz, "ağ-yaşıl” formada oynadığınız hər matçda döyüşün. Siz bunu bacarmalısız.
Siz bunu bacararsız!
Etibar Cəbrayıloğlu
"Het-trik news” qəzeti
saytlarin hazirlanmasi