Kaxaberin "qəhrəmanlığı" YAZI

12:55 - 3 Fevral 2015

Həmkarlarıma “çörək verəcəkdim”

 

Premyer Liqada 3-cü dövrənin oyunları başladı. 38 gün idi ki, maraqlı, çoxkomandalı çempionatımız üçün darıxmışdıq. Maraqlı deyəndə birinciliyin səviyyəsini, dolu tribunalar qarşısında, milyonlarla azarkeşin səbirsizliklə gözlədiyi oyunları, jurnalist əlindən tərpənməyə imkan olmayan mətbuat konfranslarını, gülərüzlü məşqçilərin və savadlı futbolçuların verdikləri açıqlamaları, hakimlərin yüksək səviyyəli idarəçiliyini və futbol mətbəximizin başbilənlərinin futbola can yandırmalarını nəzərdə tuturam.

 

Böyükağa Hacıyev “Neftçi”dən istefa verəndə jurnalistlərə onun üçün darıxacaqlarını bildirmişdi. Ağsaqqal yalan demirdi. “Neftçi”nin hər oyundan sonra keçirilən mətbuat konfranslarında verdiyi maraqlı, duzlu-məzəli açıqlamalar onun təbirincə desək, jurnalistlərin çörək ağacı idi. Amma Böyükağa müəllim yanılıb. “İnter”in baş məşqçisi, hamımızın sevimlisi Kaxaber Sxadadze Hacıyevi geridə qoyub. Jurnalistlərə, azarkeşlərə, futbolçulara, hətta topdaşıyan uşaqlar qarşı insani münasibəti, göstərdiyi qayğı onu gözümüzdə ucaldıb. “İnter” kimi səxavətli komandaya ancaq belə baş məşqçi yaraşır. Heyf ki, Kaxa mövsüm başa çatanda Azərbaycanı tərk edəcək. Futbolumuz adına böyük itkidir. Onun gedişindən sonra “İnter” çətin günlər yaşayacaq. Çünki, heç bir məşqçi birdən-birə 9 legioneri meydana buraxmayacaq. Çünki, heç kim onun qədər Azərbaycan futbolunu fikirləşməyəcək. Çünki... Çünkilər çoxdur.

 

Yazının ironik hissəsindən keçim əsas məsələyə. Cümə günü “İnter” “Sumqayıt”ı qəbul edirdi. Müəyyən səbəblər üzündən, həm də “İnter”in sumqayıtlıları asan məğlub edəcəyini düşündüyümdən oyunu canlı izləməmişdim. Kaş ki, stadionda olardım. Oyunda baş verən bir epizod və mətbuat konfransında Kaxaber Sxadadzenin jurnalistə qarşı hörmətsizliyi mətbuatda geniş müzakirəyə səbəb oldu. Bir qədər ətraflı. Matçın 21-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusunun vurduğu zərbədən sonra top yan xəttən çıxmığı az qalmış “İnter”in azyaşlı futbolçusunun meydana daxil olub ona toxunması Sxadadzeni əməlli-başlı özündən çıxardı. Onun uşağın üstünə qışqırmasını müəyyən mənada başa düşmək olardı. “İnter”in zəif saydığı rəqibinə qol vura bilməmişdi. Üstəlik, komandanın oyunun alınmırdı. Topdaşıyan uşağın hərəkətinə bəraət qazandırmıram. Oyuna müdaxilə etmişdi. Amma 11 yaşlı körpə bu hərəkəti etdikdən sonra onu nə gözlədiyni bilsəydi... Oyundan sonra keçirilən mətbuat konfransında həmkarım Emin Səfərov Sxadadzeyə uşağın könlünü alıb-almaması ilə bağlı sual ünvanlayanda, o, jurnalistə qarşı da hörmətsizlik edərək başqa suala keçməyi lazım bildi. Jurnalistlər Sxadadzenin mətbuat konfransında onun ala gözlərinə, pırpız telinə baxmaq üçün iştirak etmirlər. Sualları olur və onlara cavab istəyirlər. Baş məşqçinin də borcu həmin sualları cavablandırmaqdır. Əgər cavab vermək istəmirsə, bunu etik qaydalar çərçivəsində etməlidir. Etika da Sxadadzeyə yad sözdür. Sxadadzenin jurnalistə qoyduğu “hörmət”in bir neçə dəfə şahidi olmuşduq. Öz oğlu Baçananı camaatın gözü qarşısında küçə söyüşləri ilə təhqir edən birisindən bundan betərini də gözləmək lazımdır. Görüb, eşitdiyim başqa “qəhrəmanlıq”larından bəhs etmirəm.

 

O ki qaldı topdaşıyan uşağa, səhv etsə belə, heç kimin onun xətrinə dəyməyə haqqı çatmırdı. Axı, o, uşaqdır. Həmin uşaq “İnter”in U-12 komandasının futbolçusu Məhəmməd Tağıyevdi. Məhəmməd mənim övladımdır. Oyundan sonra bir neçə həmkarım mənə Sxadadzenin Məhəmmədi təhqir etdiyini bildirdi. Onların rus dilini bilmədiyindən Kaxanın Məhəmmədə nə dediyini dəqiq söyləmədilər. Məcbur olub araşdırma apardım. Məlum oldu ki, Kaxa müəllim Məhəmmədi təhqir etməyib. Bunu mənə oyunu idarə edən hakimlərlə yanaşı hadisənin şahidi olan bir neçə şəxs də bildirdi. Sadəcə, uşağın üstünə qışqırıb. Əslində, onun ən yaxşı halda uşağa məzəmmət etməyə haqqı çatırdı. Daha qışqırmaq nəyə lazım idi? Allah şahiddir ki, bunu Məhəmməd oğlum olduğuna görə etmirəm. Sxadadze başqa uşağa qarşı da eyni hərəkəti etsəydi, yenə də etirəzamı bildirəcəkdim. Bunu nə formada edəcəyimi isə bir özüm bilirdim, bir də Allah. Böyükağa müəllimin təbirincə desəm, həmkarlarıma “çörək verəcəkdim”.

 

Dünən dost saytların bir neçəsi məsələni gündəmdə saxladı. Həmkarlarıma təşəkkür edirəm. Üstəlik, klubun prezidenti Georgi Nikolovun klub adından üzr istəməsi odun üstünə su tökdü. Bildiyim qədər, “qəhrəman” Bakıda deyil. Qayıdandan sonra uşaqla görüşüb onun könlünü oxşayacaq. Özxoşüna olmasa da. Görəsən, indiyə kimi xətrinə dəydiyi jurnalistlərin könlünü kim alacaq?

 

İlqar TAĞIYEV

“Het-trik news” qəzeti

Xəbər xətti