"Ramin Musayev and içdi ki, veteranlar haqqında pis heç nə danışmayıb"

12:40 - 4 Fevral 2015

"Ramin müəllim elə adam deyil ki, dünən dediyi sözü bu gün dansın"

 

Klubların Antalyadakı qış hazırlığı zamanı jurnalistlərin suallarını cavablandıran PFL prezidenti Ramin Musayev ölkəmizin futbol veteranları haqqında belə bir fikir söyləmişdi:

 

“Bəzən otururuq bir yerdə, bir də görürsən, veteran futbolçular elə fikir irəli sürürlər ki… Onları çoxunuz tanıyırsız. Boş-boş danışmaqdan başqa işləri yoxdu. Siz də onlara korifey deyirsiniz”.

 

Hətta deyilənə görə, Ramin Musayev söhbətin qeyri-rəsmi hissəsində jurnalistlərə veteranlar haqqında çox xoşagəlməz ifadələr işlədib. 

 

Maraqlıdır ki, veteranlar Ramin Musayevin bu fikirlərinə reaksiya vermədilər. Bununla bağlı Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Oqtay bəy hər şeyə aydınlıq gətirdi:

 

“Ramin Musayevin həmin fikirləri bütün veteranlara pis təsir etmişdi. Artıq AFFA prezidenti Rövnəq Abdullayevə də şikayət etmək fikrində idilər. Ancaq veteranları bir qədər səbrli olmağa çağırdım və hər şeydən əvvəl Ramin Musayevlə söhbət etməyi lazım bildim.

 

Onunla danışdım və Ramin Musayev and içdi ki, veteranlar haqqında pis heç nə danışmayıb. O, elə dedi, mən də ona inandım. Ramin müəllim elə adam deyil ki, dünən dediyi sözü bu gün dansın. Axı, o da görür ki, Veteranlar İttifaqı həmişə fəaliyyətdədir.

 

Biz ilboyu veteranların iştirakı ilə turnirlər keçiririk, digər ölkələrə səfərlər təşkil edirik. Uşaq futbolu da həmişə diqqətimizdədir və hər il uşaqlar üçün də turnirlər təşkil edirik. Fikirlərimizə ehtiyacı olan klub funksionerlərinə, federasiya rəsmilərinə də yol göstəririk, kömək edirik”.    

Xəbər xətti