Sadıqov: "Gələcək oyunlarda əvvəlki formamızı bərpa etməyə çalışacağıq" MÜSAHİBƏ

00:59 - 8 Fevral 2015

"Bu oyunda bərabərlik bizə sərf edər"
 
Premyer Liqanın 20-ci turunda "Qarabağ” öz meydanında "Bakı”nı böyükhesablı məğlubiyyətə uğratdı.
 
Oyundan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Sportal.az-a müsahibə verib.
 
- Oyun barədə fikirləriniz bilmək istərdik...
- İlk oyunun çətin keçəcəyini gözləyirdik. "Bakı”nı göstərdiyi oyuna görə təbrik edirəm. Müəyyən problemləri olmasına baxmayaraq yaxşı mübarizə apardılar. Öz oyunumuz xoşuma gəlmədi. İstədiyimiz oyunu sərgiləyə bilmədik. 3-4 turdan sonra hər şeyin yaxşı olacağına ümid edirəm.
 
- "Qarabağ”ın şikayəti UEFA tərəfindən ləğv olundu. Siz buna hazır idiniz?
- Əlbəttə. Bu aydın məsələdir. Şikayətin ciddiyə alinmayacağını bilirdik.
 
- Antalya toplanışında komanda zəif təsir bağışladı. Bununla bağlı komandadaxili hansısa söhbətlər oldu?
- Keçmişə nəzər salsaq "Qarabağ” təlim-məşq toplanışında zəif təsir bağışlayıb. Hazırlıq oyunlarına çempionat oyunları səviyyəsində köklənmək olmur. Gələcək oyunlarda əvvəlki formamızı bərpa etməyə çalışacağıq.
 
- Novbəti turda AZAL-la qarşılaşacaqsınız. AZAL-ın "Neftçi” və "Qəbələ”yə qalib gəlməsi gostərmir ki, komanda "Qarabağ”dan da xal ala bilsin?
- AZAL-ın hər iki oyununu izləmişəm. Baş məşqçi Tərlan Əhmədovu belə bir komanda qurduğuna görə təbrik edirəm. Səfərdə bizi çox gərgin oyun gözləyir. Bu oyunda bərabərlik bizə sərf edər.
 
- İddialı komandalar ilk turda məğlub oldular. Sizcə çempionatda "Qarabağ”ın əsas rəqibi hansı komandadır? 
- Çempionluq uğrunda mübarizə aparan komandaların məğlub olması onu göstərdi ki, çempionatda zəif komanda yoxdur. Qarşıda 15-16 tur var bu barədə indidən fikir söyləmək çətindir.
 
- Qış fasiləsində komanda heç bir transfer həyata keçirmədi. Sizcə bu çempionatın ortasında komandaya hansı problemlər yarada bilər?
- Ola bilər problemlər olsun, ola bilər olmasın. Komandaya yeni oyunçuların gəlməməsi, gən futbolçuların özlərini göstərməsinə bir işarədir.

Xəbər xətti