"Çalışıram qol vuraraq həm komandama kömək edim, həm də bombardir olum"
"Bakı"nın futbolçusu Nurlan Novruzovun Sportal.az-a müsahibəsi
- Dünən Premyer Liqanın 20-ci turunda "Qarabağ"a böyük hesabla məğlub oldunuz...
- Bizim üçün ağır oyun oldu, rəqib bəlkə də çempionatın ən güclü komandasıdır, erkən qollar buraxdıq, toparlanmağımız gec oldu. Etiraf edək ki, bu oyunda təcrübə öz sözünü dedi. Hesab arasıdakı fərq böyük olsa da, biz müdafiəyə çəkilmədik, açıq oyun getdi. Komandamızdakı bəzi problemlər də oyuna təsirsiz ötüşmədi. Ancaq hələ ikinci dövrə yeni başlayıb, tezliklə toparlanıb xallar qazanmalıyıq. 3 gün sonra "Sumqayıt"la qarşılaşmada 3 xal üçün meydana çıxacağıq.
- Komandana penalti qzandırdın, ancaq həmin epizodda "Qarabağ"ın futbolçuları hakimin qərarına kəskin sürətdə etiraz edirdilər..
- Hakim doğru qərar verdi, Maksim Medvedev ayağıma vurdu və mən də yerə yıxıldım. Əgər cərimə meydançası içərisində hücumçuya toxunuş varsa, bu yüz faiz penaltidir. Məncə, bu qərara etiraz etmək lazım deyildi.
- Çempionatda 10-cu qolunu vuraraq, bombardirlik siyahısında birinciliyini qorudun.
- Mənim üçün hazırki vəziyyətdə əsas məsələ qol vurmaq yox, komandamın qələbə qazanmağıdır. Qolu kim vurursa vursun, əsas xal qazanaq. Səmimi desəm, bombardir olmağı hamı istəyər. Çempionat tarixinə baxsaq, sonuncu dəfə yerli futbolçunun nə vaxt bombardir olduğunu xatırlamaq çətindir. Ona görə, çalışıram qol vuraraq həm komandama kömək edim, həm də bombardir olum.
- Bildiyimiz qədər, dünən Elxan Məmmədov "Qarabağ"la matç öncəsi paltardəyişmə otağına gələrək sizlə söhbət edib.
- Bəli, oyundan bir neçə dəqiqə öncə gələrək bizə mənəvi dəstək verdi. Yerli futbolçulardan ibarət bir komanda olduğumuz üçün bizə inandığını bildirdi. Və dedi ki, AFFA olaraq çalışacağıq ki, lazım olan köməkliyi "Bakı" klubuna göstərək. Sözsüz bu da futbolçularda əlavə motivasiya yaratdı.
- Fevralın 20-26-sı millinin təlim məşq toplanışı baş tutacaq. Bu toplanışa dəvət alacağını gözləyirsən?
- Milli komandanın formasını geyinməyi kim istəməzki? Ən böyük arzum budur və bunun üçün çalışıram. Düzünü desəm, millinin toplanışına dəvət alacağımı gözləyirəm. Ancaq son qərar baş məşqçinindir, bu qərara da hörmətlə yanaşacam.
saytlarin hazirlanmasi