Bu rəqabətdən kim qalib ayrılacaq: Ernest Nfor, Nikolas Kanales, yoxsa Rauf Əliyev? YAZI

14:00 - 9 Fevral 2015

Bir mövqeyə üç namizəd

 

Hər nə qədər maliyyə problemlərinin olduğu deyilsə də, fakt faktlığında qalır ki, “Neftçi” Premyer Liqada ən sanballı heyətə malik iki komandadan biridir. Arif Əsədovun əlinin altında kifayət qədər səviyyəli futbolçu var ki, hücumçu mövqeyindəki seçiminə görə ona həmkarlarının çoxu həsəd aparır.

 

Ernest Nfor, Nikolas Kanales və Rauf Əliyev – belə hücumçuları bir komandaya yığmaq həm də maliyyə baxımından olduqca bahalı layihə hesab olunur. Digər tərəfdən isə bu üç səviyyəli hücumçu arasında ciddi rəqabətin gedəcəyi də hamıya aydındır.

 

Qış fasiləsindən sonra keçirilən AZAL-a qarşı ilk çempionat oyununda Arif Əsədov start heyətində Rauf Əliyevə güvənmişdi. Ancaq oyunun gedişində həm Nfor, həm də Kanales mübarizəyə qoşulmuşdu. Lakin 3 forvardın eyni anda meydanda olması effekt vermədi və “Neftçi” məğlub oldu. Növbəti oyunda da “Neftçi”nin hücum xətti “dişsiz”liyi ilə nəzərə çarpdı. “Simurq”la oyunda start heyətində Kanales meydana çıxmışdı. 90 dəqiqə meydanda olan Nikolas çox çalışsa da, qol vurmaq tapşırığının öhdəsindən gələ bilmədi. Meydana sonradan daxil olan Rauf Əliyev heç nəylə yadda qalmadı. Daxili nizam-intizam qaydalarını pozan Nforun adı isə ümumiyyətlə 18-liyə belə düşməmişdi.

 

Heyətdə belə hücumçuların olmasının üstünlükləri ilə yanaşı mənfi tərəfləri də var. Məsələ burasındadır ki, hər üç futbolçu eyni tiplidir. Onların hər üçü mərkəz hücumçusu kimi yaxşı təsir bağışlayır. Heç biri nə cinahlarda, nə də hücumçuların arxasında çıxış etmək qabiliyyətinə malikdir. Bu məqam Arif Əsədovun işini bir qədər çətinləşdirir.

 

Bu rəqabətdən kim qalib ayrılacaq: Ernest Nfor, Nikolas Kanales, yoxsa Rauf Əliyev?

 

Əslində, sualı başqa cürə də qoymaq olar: bu rəqabətdən “Neftçi” qazanacaqmı?

 

Yusif Hüseynov (Sportal.az)

Xəbər xətti